Məhkəmə qərarları › İş №2(125)-521/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-521/2024

06.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-521/2024 06.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1, cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik hüququ üzrə payının müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mərhum atası X1 miras qalmış Gəncə şəhəri, T.Arani küçəsi, 1-ci döngə, 2 nömrəli binanın, 65 nömrəli mənzilə 1/6 hissədə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək izahatında bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 2667/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı «vərəsəlik hüququnun tanınması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzilə Cavabdeh1 4/6 hissədə, Cavabdeh2 1/6 hissədə miras payları müəyyən edilmiş, İddiaçı isə miras payı müəyyən edilməmişdir. İddiaçı mərhum atası X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzildə İddiaçı da məcburi pay hüququ vardır. Lakin ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzildə mərhum X2 adında açıq saxlanılmış 1/6 hissəyə iddiaçının vərəsəlik payının müəyyən edilməsi mümkün deyildir. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Vəkil1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, atası X4 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atası ölməmişdən öncə özünə məxsus olan bütün əmlakına dair ona vəsiyyət etmişdir. Lakin İddiaçı mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Buna görə də İddiaçı mirasda pay hüququ mövcud deyildir. Sonda Cavabdeh1 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iddianın əsassız olduğunu göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini, Cavabdeh1 və onun nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2667/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, mərhum X1 miras qalmış, ünvan 2 ünvanında yerləşən miras əmlaka Cavabdeh1 4/6 hissədə, Cavabdeh2 isə 1/6 hissədə miras payları müəyyən edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********15-05101-093049 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X3 məxsusdur. İş materiallarında olan «Notariat hərəkətlərinin aparılmasından imtinaya» dair xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 X2 vəfatından sonra Gəncə şəhəri, Taqi Arani küçəsi, 1-ci döngə, 2 nömrəli binada yerləşən 65 nömrəli mənzilə dair tam hissədə irs verilməklə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Belə ki, mərhumun arvadı Cavabdeh2 və oğlu İddiaçı göstərilən ünvanda daimi pasport qeydiyyatında olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən həmin əmlakdan məcburi pay almaq hüquqları vardır. Cavabdeh1 atası X2 vəfatından sonra Gəncə şəhəri, Taqi Arani küçəsi, 1-ci döngə, 2 nömrəli binada yerləşən 65 nömrəli mənzilə dair tam hissədə irs verilməklə, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. İşdə olan AZ-İİ seriyalı, 154343 nömrəli, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisə edilməyən hallarından görünür ki, miras qoyan X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, X2 miras əmlakı ünvan 2 ünvanında yerləşən mənzildən ibarət olmuşdur. Miras qoyan X2 birinci növbədə vərəsələri arvadı Cavabdeh2, qızı Cavabdeh1 və oğlu İddiaçıdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2667/2023 nömrəli qətnaməsinə əsasən mərhum X1 miras qalmış, ünvan 2 ünvanında yerləşən miras əmlaka Cavabdeh1 4/6 hissədə, Cavabdeh2 isə 1/6 hissədə miras payları müəyyən edilmişdir. Lakin həmin qətnamə ilə İddiaçı payı müəyyən edilməmiş və buna görə də ünvan 2 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə heç kimin mülkiyyət hüququ qeydə alınmamış və həmin hissədə pay açıq saxlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsində görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair» 22 aprel 2014-cü il Qərarında Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, X1 miras qalmış Gəncə şəhəri, Taqi Arani küçəsi, 1-ci döngədə yerləşən 2 nömrəli evin 65 nömrəli mənzilinin 1/6 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. X1 miras qalmış Gəncə şəhəri, Taqi Arani küçəsi, 1-ci döngədə yerləşən 2 nömrəli evin 65 nömrəli mənzilinin 1/6 hissəsinə İddiaçı payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar