Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-522/2024 30.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsinə qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı Biləşmiş şəhər xəstəxanasına qarşı həkim Cavabdeh1 tam yoxlamadan etdiyi əməliyyat nəticəsində iddiaçının anası X5 vəfat etməsinə görə cavabdehlərdən vurulmuş mənəvi zərərin əvəzi qismində 1 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, təqsirkarların araşdırılıb cəzalandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həkim səhvi nəticəsində X5 ölümü ilə əlaqədar vurulmuş zərərin əvəzi qismində 1 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsindən alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, mərhum anası X8 xəstələndiyi üçün bir tanışı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsin baş həkimi Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 onun anasını müayinə etdikdən və sənədlərlə tanış olduqdan sonra onları Elgiz adlı həkimə əməliyyat olunmaq üçün yönəltmişdir. Daha sonra Elgiz həkim anasını bir sıra analizlərdən, uziden və kardiologiyadan keçirtmiş və hər şeyin qaydasında olduğunu, anasının əməliyyat üçün hazır olduğunu bildirmişdir. Onun anasını əməliyyat edən İlkin həkim yox, internada olan Elgiz həkim olmuşdur. Əməliyyat zamanı mərhum anasının ödündə və qara ciyərində törəmə şiş kütlələlər aşkar edilmiş və həmin kütlələrdən kəsərək, Milli Onkologiya Mərkəzində analiz etdirmək məqsədi ilə ona ermişlər. Həmin vaxt səbəb kimi qeyd olunan kütlələrin uzidə görünmədiyini göstərmişlər. O, həmin kütlələri Milli Onkologiya Mərkəzində və Diaqnostika Mərkəzində analiz etdirdikdən sonra məlum olmuşdur ki, həmin şişlər bədxasəlidir və həmin şişlərə əməliyyat etmək, cərrai müdaxilə etmək olmaz. Məhz qeyd olunan səbəblərdən də əməliyyatdan sonra onun anası R.Y.Əhmədovanın orqanizmində kəskin ağrılar, halsızlıq olmuş və anası ağrıdan güclə ayaq üstə qalxa bilmişdir. Bununla bağlı anasının bir sıra xəstəxanlara və həkimlərə aparmış, qarşılığında ona əməliyyatın aparılmadığı, ümumiyyətlə əməliyyat olunmamalı olduğunu ona bildirmişlər. Daha sonra onun anası R.Y.Əhmədova xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İlkin və Elgiz həkimin təqsiri buna səbəb olsa da həmin şəxslər məsuliyyətdən kənarda qalmışlar. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı 305893 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə «ilkin lokalizasiya naməlum bədxassəli yenitörəmə» səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli ambulator kartdan arayışından görünür ki, X8 «öd kisəsi xərçəngi, qaraciyərə metastazı» xəstəliyindən əziyyət çəkir. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/703-1091 nömrəli məktubundan görünür ki, xx.xx.1942-ci il təvəllüdlü, Samux rayonunda qeydiyyatda olan xəstə X8 ilk dəfə Milli Onkologiya Mərkəzinə xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Anamnezindən məlum olmuşdur ki, xəstəyə xx.xx.2022-ci il tarixində X1 “Öd kisəsinin açıq biopsiyası” icra olunmuş, öd kisəsinin dibində sərt konsistensiyalı, ətraf qaraciyər toxumasına intim bitişmə müəyyən olunmuş, törəmədən bioptat götürülmüş, “Öd kisəsi xərçəngi, Qaraciyərə metastaz” diaqnozu qoyulmuşdur. Histoloji nəticə: Malign tumor (X7). İmmunohistoloji nəticə: Adenokarsinoma (Milli Onkilogiya Mərkəzi). Milli Onkologiya Mərkəzində xəstə müayinələrdən keçmiş, həkim-mütəxəssislər tərəfindən baxılmış, xəstənin ümumi vəziyyəti, xəstəliyin yayılma dərəcəsini nəzərə alaraq polikimyaterapiya məsləhət görülməmiş, monokimyaterapiya (Capestabin 2000 mg) təyin olunmuşdur. Daha sonra xəstə Milli Onkologiya Mərkəzinə müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X6» X9 xx.xx.2024-cü il tarixli, 206/KES nömrəli ekspert rəyindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixə qədər orada müayinə və müalicə olunmuşdur. Aparılmış ilkin müayinələrinə əsasən, ona «Öd kisəsinin bədxassəli yenitörəməsi» diaqnozu təyin edilmişdir. Diaqnozun dəqiqləşdirilməsi üçün «Öd kisəsinin açıq biopsiyası» cərrahiyyə əməliyyatının aparılması qərara alınmışdır. Əməliyyat icra edilmiş və törəmədən bioptat götürülmüşdür. Götürülmüş bioptatın Milli Onkologiya Mərkəzində histoloji müayinəsi aparılmış və müayinə nəticəsində «Öd kisəsinin bədxassəli yenitörəməsi CT4N1M1 mərhələ İV» diaqnozu öz təsdiqini tapmışdır. Raya Əhmədovaya «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsində aparılmış əməliyyat diaqnostik məqsədlə və diaqnozun dəqiqləşdirilməsi üçün icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Raya Əhmədovada mövcud olan onkoloji patologiyanın - öd kisəsi xərçənginin və qaraciyərə metastazın aparılmış cərrahiyyə əməliyyatı ilə, həmçinin digər tibbi prosedurlar ilə səbəbli əlaqəsi olmamışdır.Raya Əhmədovanın meyiti müayinə olunmadığı üçün onun ölümündə hansı səbəbin həlledici olması, həmçinin aparılmış müalicələrlə (cərrahi əməliyyatla) baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1112-ci maddəsinə görə tibb müəsissəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir». «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 4-cü bəndinə məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından və ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum anası X5 əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Mövcud olan onkoloji patologiyanın-öd kisəsi xərçənginin və qaraciyərə metastazın aparılmış cərrahiyyə əməliyyatı ilə, həmçinin digər tibbi prosedurlar ilə səbəbli əlaqəsi olmamışdır. Bundan başqa, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı cavabdehlərin bununla bağlı təqsirli hərəkətləri barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsinə qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» publik hüquqi şəxsinə qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-522/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-522/2024
30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver