Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5238/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 3110,40 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Gəncə şəhəri, Faiq Bayramov küçəsi, ev 76 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin ev üzrə abonent kodu **********00761 olmaqla, abonent kimi X4 və X3 qeydiyyata alınmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri, Faiq Bayramov küçəsi, ev 76 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı qurlaşdırılmış və həmin sayğac qeydiyyata alınmışdır. Cavabdeh İB-nin Gəncə RQİİ-nin ünvan 1 ünvanında qurlaşdırılmış qaz sayğacının istismar müddəti bitdiyi üçün çıxarılaraq yeni qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılaraq yenisi ilə əvəz edilməsinə səbəb isə növbəti dövlət yoxlaması, sayğacın istismar müddətinin bitməsi olmuşdur. Qaz sayğacı çıxarılarkən əməkdaşlar tərəfindən vizual baxış keçirilmiş və çıxarılan sayğacda heç bir qüsurun, müdaxilənin, sınığın və deşiyin olmadığı müəyyən edilmişdir. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Bundan sonra cavabdeh tərəfindən ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, həmin akt əsasında ona 3110,40 manat borc yazılmışdır. ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və həmin akt əsasında itirilmiş qaz sərfiyyatı kimi ona hesablanmış 3110,40 manat borc məbləğini aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Əvvəla qaz sayğacı çıxarılarkən sayğaca vizual baxış keçirilmiş, çıxarılmış sayğacda heç bir nöqsan aşkar edilməmişdir. Eyni zamanda aktların və digər sənədlərin surətlərini də ona verilməmişdir. Bundan başqa qaz sayğacı yoxlanılması üçün laboratoriyaya aparılarsa, onun iştrakı təmin edilməli və iştrakı ilə akt tərtib edilməli idi ki, bu da olmamışdır. Eyni zamanda sayğacın əvəzlənməsinə səbəb çıxarılmış sayğacın istismar müddətinin bitməsi səbəb olmuşdur. Cavabdeh qeyd olunan sayğaca onun və ailə üzvləri tərəfindən hər hansı müdaxilənin olması barədə sübut təqdim etməlidir. Qaz sayğacı da küçədə quraşdırılmış və həmin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa nə sayğac çıxarılmamışdan əvvəl, nə də ki, sayğac çıxarıldıqdan sonra sayğacın onun tərəfindən zədələnməsi ilə bağlı hər hansı sübut yoxdur. Məhkəmə gedişində X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin ünvanda faktiki olaraq iki ev var, evlərdən birində özü, digərində isə bibisi qızı Təranə yaşayır. Abonent kimi qeydə alınmış Hüseynəliyev Müşviq isə Təranənin yoldaşıdır. Aktda göstərilənlər düzgün deyil. Belə ki, akt tərtib edilərkən bibisi qızı da orada olmuşdur. Cavabdeh təşkilatın əməkdaşları sayğacı dəyişdirmək üçün sökən zaman yerə salmışlar. Sayğac sökülən zaman sayğacın plombu üzərində olmuşdur. Bundan başqa, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Həmçinin sayğac evdən kənarda yerləşir. İddiaçı onu da əlavə etdi ki, sözügedən abonent kodu üzrə hesablanmış borc əslində onun mülkiyyətində olan 76 ünvanda yerləşən ev üzrə yazılmışdır. Lakin texniki səhvə yol verilərək 76A ünvanı göstərilmişdir ki, bu halı cavabdeh artıq aradan qaldırmış, ona sözügedən abonent kodunun 76 ünvanı üzrə qeyd edildiyini təsdiq edən abonentin saldosu təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 01 iyun 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçının xüsusi mülkiyyətində olan və yaşadığı ünvan 2 ünvanına quraşdırılmış G-4 markalı, İtron tipli, 1702AZ**********84 nömrəli sayğac yeni sayğacla – G-4 markalı, Zenner tipli, **********5 nömrəli sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi isə yivli birləşmələrin ləğvi olmuş, digər qeydlər hissəsində isə “sayğacın üst zavod plombu zədəlidir, çıxış membran çatdır” qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki istehlakçı kimi X1 adı qeydə alınmış, iddiaçının mülkiyyətində olan və yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, 1702AZ**********84 nömrəli qaz sayğacına baxış keçirilmiş, Cavabdeh İB-nin 14-2-2/3-5- 6455 nömrəli rəydə sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi, sayğacın çıxış plastmas borcusunun sınıq olduğu, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı, sayğacın istismara yararsız olduğu qeyd edilmiş, dəymiş ziyanın 25920 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri, Faiq Bayramov 76 ünvanı üzrə abonent kodu **********00761 olan abonent X2 aid saldolardan görünür ki, abonent hesabına 2023-cü ilin iyun ayında 25945 m3, iyul ayında 15 m3, avqust ayında 27 m3, sentyabr ayında 26 m3, oktyabr ayında 38 m3, noyabr ayında 59 m3, dekabr ayında 155 m3 olmaqla, cəmi 26265 m3 sərfiyyat edilmiş, sərfin məbləği manat 41,40 manat təşkil etmiş, qalıq və aktlar üzrə 3110,40 manat borc hesablanmışdır. 2024-cü ilin yanvar ayında 201 m3, fevral ayında 137 m3, mart ayında 91 m3, aprel ayında 25 m3, may ayında 49 m3, iyun ayında 0 m3, iyul ayında 24 m3, avqust ayında 0 m3, sentyabr ayında 0 m3 və oktabr ayında 0 m3 olmaqla, cəmi 527 m3 sərfiyyat edilmiş, sərfin məbləği 63,24 manat, qalıq və aktlar üzrə 0 manat borc hesablanmışdır. 2023-cü il üzrə 41,40 manat, 2024-cü il üzrə 63,24 manat ödənilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan və yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, xx.xx.2023-cü il tarixdə sözügedən evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi barədə qeyd aparılmış, X7 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 25920 m3 olması qərara alınmış və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sözügedən məbləğdə borcun onun mülkiyyətində olan ev üzrə hesablandığını, yəni abonent kodu **********00761 olan ünvanın əslində ünvan 4və yol verilərək həmin ünvanın 76A kimi göstərildiyini qeyd etmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olan cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bu halı mübahisələndirməmişdir. Göründüyü kimi, tərəflər 1702AZ**********84 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının mülkiyyətində olan ünvan üzrə qaz itkisinin 25920 m3 olması ilə əlaqədar sözügedən məbləğdə borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk öncə sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçıların yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, 1702AZ**********84 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 25920 m3 itirilmiş təbii qaz üçün borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Faiq Bayramov küçəsi, ev 76 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00761 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat pul məbləği silinsin. 51,01 (əlli bir manat bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5238/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5238/2024
30.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver