Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5278/2025 11.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız yazılmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı «əsassız yazılmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən barəsində yazılmış 1065.60 manat cərimənin qalan 809.60 manat hissəsinin silinməsi və həmin cərimədən ödədiyi 256 manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra iddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh tərəfindən qanunsuz yazılmış 1065.60 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbinin əsaslandığı hallar:
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh abonentidir və kartla istifadə edilən qaz sayğacından istifadə edərək vaxtlı vaxtında qazın haqqını karta ödəyir. Lakin Cavabdeh işçiləri tərəfindən qanunsuz hərəkətlər edilərək onun vətəndaş hüquqları pozulmuşdur. Buna görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 2018-ci ilin aprel ayında Cavabdeh X4 İdarəsinin əməkdaşları küçədə olan qaz sayğaclarını kütləvi şəkildə dəyişməyə başlamışlar. Onun da qaz sayğacı küçədə olduğuna görə dəyişib yeni qaz sayğacı quraşdırmışlar. Bel ki, qaz idarəsinin əməkdaşlarına sayğacı nə səbəbə sökdüklərini dedikdə onlara qaz sayğacının istismar müddəti bitdiyini, yenisi ilə əvəz ediləcəyi bildirilmişdir. Beləliklə 06 aprel 2018-ci il tarixli, ******* nömrəli akt yazılaraq qaz sayğacı dəyişdirilmiş və aktda sayğacın istismar müddətinin bitməsi qeyd edilmişdir. Halbuki, gözlə görünən müdaxilə olsaydı aktın qeyd hissəsində bu barədə yazılardı. Lakin aktda hər hansı bir müdaxilə halının olması barədə qeyd aparılmamışdır. Bir sözlə həmin hadisədən 5 ay keçdikdən sonra 2018-ci ilin sentyabr ayında X4 idarəsinin əməkdaşları tərəfindən 11 sentyabr 2018-ci il tarixdə ******* saylı (abonent kodu **********20000) ona akt yazılaraq cərimə edildiyi bildirilmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən yazılan həmin aktda isə qeyd edilmişdir ki, guya sayğacın ekranı kənar təsir nəticəsində çıxarılmış və buna görə ona 1065.60 manat dəymiş ziyan hesablamışlar. Haqqında yazılan cəriməni tamamilə qanunsuz hesab edir. Qaz sayğacı dəyişdiriləndən təxminən 5 ay keçdikdən sonra ona akt yazılaraq cərimə olunduğu bildirilmişdir. O, əmindir ki, Cavabdeh işçiləri tərəfindən qəsdən qaz sayğacının ekranı çıxarılıb və cərimə yazmaq üçün bu qanunsuz hərəkətlər edilmişdir. Çünki, evinə quraşdırılmış qaz sayğacını işçilər sökən zaman sayğacın ekranı yerində olmuş və heç bir sınıq halı olmamışdır. Əgər belə hal olsa idi bu barədə aktda qeyd olunardı. Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında İddiaçı ona əsassız yerə Cavabdeh tərəfindən 1065.60 manat borc yazılmışdır. O, heç vaxt qaz sayğacına müdaxilə etməmişdir. Həmçinin, ona məxsus qaz sayğacı küçədə yerləşir, bu səbəbdən onun tərəfindən qaz sayğacının təhlükəsizliyinin təmin edilməsi mümkün deyildir. Buna görə də məsuliyyəti o, daşımır. Eyni zamanda Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Onun heç bir təqsiri və günahı olmadığı halda 1065.60 manat məbləğində cərimənin yazılması absurddur. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini məhkəmədən xahiş edir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 06 aprel 2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, “İtron” tipli, G-4 markalı, 1402AU**********9 nömrəli sayğacın çıxarılma səbəbi dövri yoxlama vaxtının çatdığı, G-4 markalı, “Zenner” tipli, G-2.5 sənaye cihaz, zavod nömrəsi ******* olan **********61 nömrəli sayğacın isə quraşdırılma səbəbi əvəzetmə göstərilmişdir.
8. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh 31 iyul 2018-ci il tarixli, MSK-29/1710-00679-2 nömrəli aktdan görünür ki, G2.5 markalı, zavod nömrəsi ******* olan sayğac labarator şəraitdə baxış keçirilmiş və xətanın normaya uyğun olmamaması, sayğacın ekranının kənar təsir nəticəsində çıxarıldığı müəyyən olunmuşdur.
9. “Dəymiş ziyanın bərpasına dair” 17 sentyabr 2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, İTRİ-nin Qazservisinformatika Departamentinin MSK-29/1710- 00679-2 nömrəli aktına əsasən 5328 kubmetr təbii qazın itirilməsinə görə ziyan hesablanmışdır.
10. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, TQQ və SX-nin rəis müavini Nəsimi Məmmədov, mühəndis Hüseynov Vüqar və çilingər Musayev Cavidin iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçı İddiaçı yaşadığı sahədə quraşdırılmış sayğac yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: xətalar normaya uyğun deyil, sayğacın hesablama mexanizminin qapağına vurulan plomb kəsilmişdir. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir.
11. **********20000 nömrəli abonent saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən evdə təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən aktla bağlı 1065.60 manat borc yazılmışdır.
12. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər - İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evdə quraşdırılan qaz sayğacının sayğacın hesablama mexanizminin qapağına vurulan plomb kəsilməsi ilə əlaqədar Cavabdeh əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirmiş və hesab edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı bununla razılaşmayaraq məhkəmədə həmin akt əsasında yazılmış 1065.60 (bir min altmış beş manat altmış qəpik) manat borcun silinməsi haqqında məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir.
15. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir.
19. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir.
20. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
21. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
22. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətrində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh istehlakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Lakin, iş materiallarından da müəyyən olunur ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1065.60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən Cavabdeh tərəfindən iddiaçıya 1065.60 (bir min altmış beş manat altmış qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
27. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68).
28. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93).
29. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
30. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 1065.60 (bir min altmış beş manat altmış qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
33. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1065.60 (bir min altmış beş manat altmış qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Nəticə:
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında İddiaçı (abonent kodu: **********20000) Cavabdeh tərəfindən hesablanmış 1065.60 (bir min altmış beş manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov