Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-533/2025 16.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «qanunsuz yazılmış cərimənin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «qanunsuz yazılmış cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun adına qanunsuz və əsassız olaraq yazılmış 1555 manat cərimənin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Bağ yeri, Şuşa küçəsi, 49 nömrəli ev onun istifadəsindədir. Məcburi köçkündür. Şəhid ailəsidir, əri X1 Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 5 (beş) nəfər ailə üzvü vardır. Müvəqqəti məskunlaşıb yaşadıqları evin işıq, qaz və digər kommunalı onun adınadır. 20 ildən çoxdur ki, ailə üzvləri ilə birlikdə həmin Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Bağ yeri, Şuşa küçəsi, 49 nömrəli evdə yaşayır. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları məlumatı və xəbəri olmadan yaşadığı ünvana gəlib xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib etmişlər. Həmin aktda göstərilmişdir ki, guya “Azəriqaz” 14-2-2/3-5- 3218-1 rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucusu qapağı gövdədən tamamilə aralanıb, hesablama mexaniki açıq vəziyyətdir, sərfi qeydə almır. Bildirir ki, bu aktda göstərilənlər həqiqəti əks etdirmir. Özləri akt tərtib edib imzalamışlar. Akta qeyd olunur ki, guya o, akta imza etməkdən imtina etmişdir. Bu hal həqiqət deyildir. Belə ki, əsl həqiqət ondan ibarətdir ki, onun həmin aktdan heç xəbəri olmamışdır. O, 2024-cü ilin yanvarından qaz pulunu həmişəki kimi ödəmiş və ödədiyi puldan ona durma-tutma yazılan dəymiş ziyanın bərpasına artıq pul çıxmışlar. Gedib Gəncə regionala müraciət etmiş, orada rəis müavini onu qəbul edərək bildirmişdir ki, Bakıya yazmışlar, cavab gözləyirlər, bir cavab alanda ona cavab bildirəcəklər. Lakin dəfələrlə X9 idarəsinə gedib-gəlsə də bu günə kimi işini qanunla həll etməmişlər. Göründüyü kimi, istehlakçı olaraq cavabdeh təşkilat tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur, ondan artıq pul tuturlar. O, ümumiyyətlə qaz sayğacına müdaxilə etməmişdir. Qaz idarəsinin işçiləri də bilir ki, 2024cü ilin yanvarın 1-dən onun tərəfindən bu günə kimi ödənilən qaz pulundan əsassız olaraq artıq çıxılır. O, istehlakçı olaraq üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirib hər ay işlətdiyi qazın pulunu ödəmişdir. Lakin, qazın istehlakçıya çatdırılmasına cavabdeh olan təşkilat tərəfindən öhdəlik lazımınca icra edilməmiş və heç bir günahı olmadığı halda ona adıq olaraq cərimə yazılmışdır. Onu da qeyd edir ki, xəstədir, əmək qabiliyyətsizdir. İş qabiliyyəti yoxdur. Buna baxmayaraq qaz paylayıcısı tərəfindən ona qarşı həm də insani olaraq haqsızlıq edilmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə bağlı məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Bağ yeri, Şuşa küçəsi, 49 nömrəli evdə quraşdırılan qaz sayğacına cavabdeh orqanın əməkdaşları tərəfindən baxış keçirilmişdir. ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda sayğacın çıxarılma səbəbi “növbədən kənar dövlət yoxlaması”, yeni sayğacın quraşdırılma səbəbi isə “əvəzləmə” qeyd edilmişdir. Həmin akt tərtib edilən zaman o da orda olmuş və hər hansı pozuntu qeydə alınmamışdır. Sayğac əvəz edildikdən sonra keçirilmiş yoxlama zamanı “Azəriqaz” İB-nin 14-2-2/3-53218-1 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanıb hesablama mexanizminin açıq vəziyyətdə olması və sərfi qeydiyyata almaması aşkar olunmuş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 24 may 2023-cü il tarixli akt tərtib edilmişdir. Sözügedən akt da onun adı qeyd olunmuş və guya onun aktı imza etməkdən imtina etməsi qeyd edilmişdir. Halbuki, sözügedən akt tərtib edilən zaman onun iştirakı təmin edilməmişdir. Bundan başqa, ona məxsus qaz sayğacı küçədə quraşdırılmış, belə olduğu halda qaz sayğacının işlək vəziyyətdə qalması üçün də məsuliyyəti o, daşımır. Həmçinin, onun tərəfindən qaz sayğacına heç vaxt hər hansı bir müdaxilə edilməmişdir. Belə olduğu halda 1555 manat məbləğində cərimənin yazılması absurddur. Həmçinin əri İ Qarabağ Müharibəsində şəhid olduğu üçün şəhid ailəsi hesab olunur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının yaşadığı evdə quraşdırılan qaz sayğacına əməkdaşlar tərəfindən baxış keçirilmiş və sayğac növbədən kənar dövlət yoxlamasına aparıldığı üçün çıxarılmış, yeni sayğacın quraşdırılma səbəbi isə “əvəzləmə” qeyd edilərək, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Sayğac laboratoriyaya göndərilmiş və nəticədə sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanıb hesablama mexanizminin açıq vəziyyətdə olması və sərfi qeydiyyata almaması müəyyən edilmiş və buna görə də “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 24 may 2023-cü il tarixli akt əsasında 1555 manat cərimə yazılmışdır. Lakin, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi barədə hər hansı sübutları mövcud deyildir. Buna baxmayaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 07 may 2018-ci il tarixli, 014562 nömrəli Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş vəsiqədən görünür ki, İddiaçı statusu üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. **********04560 nömrəli abonent saldosundan görünür ki, istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən aktla bağlı 1555 manat borc yazılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 24 may 2023-cü il tarixli aktın surətindən görünür ki, Gəncə XS-nin TQQ və XS-nin rəisi Avarov Müseyib, mühəndis Rüstəmov Cümşüd, çilingər İmanov Ruslan iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: “Azəriqaz” İB-nin 14-2-2/3-53218-1 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Həmin aktda isə istehlakçı İddiaçı imzası yoxdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, “Mexaniki” tipli, G-4 markalı, **********6 nömrəli sayğacın çıxarılma səbəbi “növbədən kənar dövlət yoxlaması”, “Zenner” tipli, G-4 markalı sayğacın isə quraşdırılma səbəbi “əvəzləmə” göstərilmişdir. “Dəymiş ziyanın bərpasına dair” 31 may 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-3218-1 nömrəli aktına əsasən G-4 markalı, **********6 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır. Mövcud qaz təsərrüfatının layihəsmeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması G-4 markalı qaz sayğacının nominal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 6x24x90=12960 m3 cəmi 12960 m3. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı yaşadığı ünvanında quraşdırılan qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanıb hesablama mexanizminin açıq vəziyyətdə olması və sərfi qeydiyyata almaması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ******* nömrəli, 24 may 2023-cü il tarixli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi istehlakçı olan iddiaçının yaşadığı evdə yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Lakin, iş materiallarından da müəyyən olunur ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac növbədən kənar dövlət yoxlaması məqsədi ilə çıxarılmışdır. Sayğac çıxarıldıqdan sonra aparılmış yoxlama nəticəsində qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanıb hesablama mexanizminin açıq vəziyyətdə olması və sərfi qeydiyyata almaması müəyyən edilmiş və ******* nömrəli, 24 may 2023-cü il tarixli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı olan iddiaçının yaşadığı ünvanda quraşdırılan qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Məhkəmə iclasında nəzərdən keçirilən fotoşəkillərdən də görünür ki, iddiaçıya məxsus qaz sayğacı evinin həyət divarında bayırda küçədə yerləşir. Bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 1555 (bir min beş yüz əlli beş) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 1555 (bir min beş yüz əlli beş) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat birliyi tərəfindən ******* nömrəli, 24 may 2023-cü il tarixli akt əsasında hesablanmış 1555 (bir min beş yüz əlli beş) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı iddiası təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulmasına görə ******* nömrəli, 24 may 2023cü il tarixli akt əsasında İddiaçı (abonent kodu **********04560) cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1555 (bir min beş yüz əlli beş) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-533/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-533/2025
16.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver