Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-54/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1 və iddiaçıların vəkili Nümayəndə1, Cavabdeh3 hüquqi varisi X2 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinə və digərlərinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Ərazi İdarəsi) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Ərazi İdarəsi) qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2004-cü il tarixli 193 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 6485 nömrəli sərəncamı ilə Qarabağ müharibəsi veteranı kimi ona və digərlərinə Gəncə şəhərinin “Xarabayeri” adlanan ərazinin Şərq küçəsinin şimal qurtaracağında Pambıq zavodunun istifadəsinə olan 14.53 ha torpaq sahəsindən 9.5 ha torpaq sahəsi ayrılmış və həmin vaxtdan onlar ayrılmış torpaq sahəsindən istifadə edirlər. Hazırki iş üzrə 3-cü şəxslər X4 və Cavabdeh2 torpaq sahəsinin onlara məxsus olmasını iddia edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə xx.xx.2004-cü il tarixli JN-5043 nömrəli X5 hüququna dair şəhadətnamə təqdim edib, ona və digərlərinə qarşı torpaqdan çıxarılma və tikililərin sökülməsinə dair iddia ərizəsi ilə 2017-cı ıl məhkəməyə müraciət etmişlər. Həmin vaxt onların adı çəkilən JN-5043 nömrəli şəhadətnamədən məlumatı olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 may 2017-cı il tarixli 2(043)- 33/2017 nömrəli iş üzrə çıxarılmış qətnaməsi ilə hazırki iş üzrə 3-cü şəxslər X3 və Cavabdeh2 iddiası təmin edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti və eyni zamanda sözügedən şəhadətnamənin etibarsızlığı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. İşlər bir-biri ilə səbəbli əlaqəsi olduğu üçün Apellyasiya instansiyasında iş üzrə icraat dayandırılmışdır. Mübahisələndirdiyi şəhadətnamə Cavabdeh3 və Cavabdeh2 adlarına verilmişdir. O, onların məhkəməyə təqdim etdikləri 5043 nömrəli şəhadətnamənin verilməsinin əsasının olub-olmaması araşdırmış və həmin şəhadətnamənin saxta yolla, heç bir hüquqi əsası olmadan verildiyini müəyyən etmişdir. Mübahisələndirdiyi şəhadətnamənin verilməsinin hüquqi əsası kimi qeyd edilən Kirovabad (Gəncə şəhəri) XDS İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 11 nömrəli qərarı torpaq sahəsinin verilməsi üçün yox, başqa bir məsələnin həlli üçün verilmişdir. Bundan sonra, aidiyyəti üzrə mübahisəli şəhadətnamənin verilməsinin hüquqi əsaslarının mövcud olubolmamasını arxiv idarəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestrinin aidiyyəti idarələrinə sorğu etmiş, həmin idarələrdə mübahisəli şəhadətnmənin verilməsinin heç bir hüquqi əsasının mövcud olması aşkar edilməmişdir. Cavabdeh3 və Cavabdeh2 adlarına verilmiş "X5 hüququna dair xx.xx.2004-cü il tarixli JN-5043 nömrəli şəhadətnamə" etibarsız hesab edilməlidir və bu səbəbdən də məhkəməyə müraciət etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(043)-1928/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qarşı tərəf həmin qətnamədən Apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ei ıl tarixli 2(104)-93/2021 saylı qərardadı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(043)-1928/2018 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata işin ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. O, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(104)-93/2021 saylı qərardadından Kassasiya şikayəti vermişdir. Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2021-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(104)- 93/2021 saylı qərardadı qüvvədə saxlanılmışdır. Qeyd etdiklərinə görə o, məcbur olub sözügedən şəhadətnamənin ləğv edilməsi üçün İnzibati məhkəməyə müraciət etmişdir. İnzibati məhkəmə sözügedən şəhadətnaməsinə əsas olmuş hər hansı hüquqi sənədin olub-olmamasını aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarənə sorğu etmişdir. Məhkəmənin sorğu əsasında xx.xx.2004-cü il tarixli JN-5043 nömrəli X5 hüququna dair şəhadətnamənin verilməsinə Gəncə şəhər Memarlıq və Tikinti şöbəsini tərəfindən bağlanılmış xx.xx.2004-cü ıl tarixli 193 nömləri müqavilə əsas olmuşdur. Sözügedən müqavilədən yalnız İnzibati Məhkəmədə iddia qaldırdıqdan sonra məlumatı olmuşdur. O, hesab edir ki, sözügedən müqavilə əsassızdır və saxtadır, ona görə də etibarsız hesab edilməlidir. Bütün bunlardan əlavə olaraq mübahisəli torpaq sahəsi Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 6485 nömrəli sərəncamı ilə Qarabağ müharibəsi veteranı kimi ona və digərlərinə verilmişdir və həmin vaxtdan onlara ayrılmış torpaq sahəsindən istifadə edirlər. Lakin Torpaq sahəsinin icarəyə verilməsinə haqqında xx.xx.2004-cü il tarixli 193 nömrəli müqavilə göründüyü kimi 2004-cü ildə verilmişdir. O, mübahisəli torpaq sahəsi daha öncə onlara verildiyi üçün xx.xx.2004-cü il tarixli 193 nömrəli müqavilə əsassız olaraq verilmişdir və sözügedən müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 hüquqi varisinin təmsilçisi iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs və digər cavabdeh məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə hazırkı mülki iş üzrə icraata İddiaçı3 və Cavabdeh3 dair hissələrdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə bağlanmış xx.xx.2004-cü il tarixli, 193 nömrəli torpağın icarəyə veriməsi haqqında müqaviləyə əsasən, 2,025 ha torpaq sahəsi Cavabdeh3 və Cavabdeh2 istfadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın müvəqqəti istifadə Hüququna dair JN-5043 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 2.025 ha torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın müvəqqəti istifadə Hüququna dair JN-0204 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı2 “Xarabayeri” ərazinin Şərq küçəsinin şimal qurtaracağında 9.5 ha torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999cu il tarixli, 6485 nömrəli Sərəncamına əsasən, Gəncə Pambıqtəmizləmə zavodunun fəaliyyəti dayandığına görə yem bazası təşkili üçün Xarabayeri ərazisi Şərq küçəsinin Şimal qurtaracağında zavoda ayrılmış 14.0 ha torpaq sahəsi dövlət fonduna qaytarılması, Azərbaycan Vətən Müharibəsi veteranlar Birliyi Gəncə şəhər təşkilatının xx.xx.1999-cu il tarixli, 75 nömrəli və “Qarabağ əlilləri” cəmiyyəti Gəncə şəhər şöbəsinin xx.xx.1999-cu il tarixli, 23 nömrəli məktubları nəzərə alınsın və cəmiyyətin üzvləri İddiaçı3n, İddiaçı2, X10, İddiaçı1 və X1 fermer təsərrüfatı təşkili üçün Gəncə şəhəri “Xarabayeri” ərazisi, Şərq küçəsinin şimal qurtaracağında 9.5 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/9374 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş, Kirovabad şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 11 nömrəli qərarı və xx.xx.2004-cü il tarixli 193 saylı icarə müqviləsi ilə Cavabdeh3 və Cavabdeh2, 25 il müddətinə icarələrinə verilmiş 2,025 ha torpaq sahəsinə dair X5 Hüququna dair JN-5043 nömrəli Şəhadətnamədə, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, eləcədə həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri və hər hansı tərpənməz istinad nöqtəsi öz əksini tapmadığından, şəhadətnamə əsasında sualın cavablandırılması mümkün olmamış, bu səbəbdən də, araşdırma zamanı hal-hazırda istifadəmizdə olan, elektron baza materiallarına istinad olunmuşdur. Elektron baza materiallarında mövcud olan, “X5 Hüququna dair” JN-5043 nömrəli Şəhadətnamədə göstərilən 2,025 ha torpaq sahəsi ilə, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 6485 nömrəli sərəncamı ilə İddiaçı3 və digər şəxslərə ayrılmış 9,5 ha torpaq sahəsinə dair, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərinin baş memarı Ş.Şərifov tərəfindən tərtib olunaraq Gəncə Şəhərinin Baş planından çıxarışda əks etdirilən sahənin üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçı tərəfin, naturada mübahisələndirərək təqdim etdiyi 0.97 ha torpaq sahəsinin 0.52 ha hissəsi, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 6485 nömrəli sərəncamı ilə İddiaçı3 və digər şəxslərə ayrılmış 9,5 ha torpaq sahəsinə dair, xx.xx.1999cu il tarixdə Gəncə şəhərinin baş memarı Ş.Şərifov tərəfindən tərtib olunaraq Gəncə şəhərinin Baş Planından çıxarışda əks etdirilən sahə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf Gəncə şəhər İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 6485 nömrəli sərəncamı ilə onlara ayrılmış 9.5 ha torpaq sahəsinin Cavabdeh3 və Cavabdeh2 istfadəsinə verildiyindən sonuncularla Gəncə şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 193 nömrəli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı tərəf cavabdehlər arasında bağlanmış müqavilənin etibarlılığını mübahisələndirdiyindən ilk növbədə belə mübahisələndirmə üçün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Hazırkı tələblə müraciət edə bilmək subyektiv hüququnun yaranması üçün ilk növbədə mübahisələndirilən müqavilənin iddiaçı tərəfin onlara ayrılmış torpaq sahəsinə dair hüquqlarına təsir edib-etməməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Qeyd olunan normanın tələbi baxımından torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı tərəf hazırda mübahisələndirdiyi müqavilə ilə Cavabdeh2 və Cavabdeh3 istifadəsinə verilmiş torpaq sahəsinin onlara ayrılmış torpaq sahəsi olduğunu iddia etsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, iş üzrə verilmiş və elektron baza materiallarına əsaslanan ekspert rəyinə əsasən, iddiaçı tərəfə ayrılmış torpaq sahəsi ilə Cavabdeh3 və Cavabdeh2 icarələrinə verilmiş torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı imzalanmışdır. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Bundan başqa, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır (maddə 1). Ekspert qarşısında qoyulan suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda ekspert məhkəmə ekspertizasının aparılmasından imtina etmək hüququ vardır (maddə 12). Eyni zamanda MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Göründüyü kimi ekspert qarşısında yalnız xüsusi bilik tələb edən suallar qoyula və bu suallar ətrafında rəy verilə bilər. Rəy vermiş ekspertin bundan kənar, tədqiqat zamanı müşahidə etdiyi faktlar və hallar əsasında gəldiyi subyektiv qənaət, habelə məhkəmənin səlahiyyətlərinə aid olan hüquqi dəyərləndirməsi ekspertizanın predmetinə aid olmadığı üçün sübut əhəmiyyətinə malik deyildir. Bu mövqe eyni qaydada MPM-in 60-cı maddəsində müəyyən edilmiş dövlət orqanlarının rəylərinə da aiddir. Belə ki, ekspert rəyində iddiaçı tərəfin, naturada mübahisələndirərək təqdim etdiyi torpaq sahəsinin bir hissəsinin iddiaçı tərəfə ayrılmış sahə ilə üst-üstə düşdüyü müəyyən edilsə də, bu hal cavabdehlər arasında bağlanmış müqavilənin mübahisələndirilməsi üçün subyektiv hüququn yaranması əsası hesab edilə bilməz. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq etməklə hesab edir ki, cavabdehlər arasında bağlanmış müqavilə ilə hüquqlarının pozulması müəyyən olunmadığından iddiaçı tərəfin hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmamışdır, beləliklə hazırkı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinə və digərlərinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Ərazi İdarəsi) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-54/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-54/2024
14.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver