Məhkəmə qərarları › İş №2(125)-5443/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5443/2025

29.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5443/2025 29.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı 2.900 manat, mənəvi zərərin əvəzi qismində 600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, o, xırda ticarətlə məşğul olur. Cavabdeh2 da ticarət fəaliyyəti zamanı tanımışdır. Sonuncu ona şəhid ailəsi olduğunu, 15 ədəd «Tır» markalı yük avtomobili olduğunu, malların gətirilməsi zamanı dövlət gömrük rüsumunun 50 faiz məbləği hissəsində ödənişdən azad olduğunu bildirmişdir. O, Cavabdeh2 inanmış və aralarında razılaşdıqları pul müqabilində xarici ölkədən mal gətirməyinə dair şifahi razılıq əldə olunmuşdur. Bununla əlaqədar o, müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 2.900 manat məbləğində pul vəsaitini Ağaəlinin arvadı kimi təqdim etdiyi Cavabdeh1 kart hesabına mədaxil etmişdir. Lakin o, Cavabdeh1 tanımamış, pul vəsaitinin hesaba köçürülməsi və digər məsələlərlə əlaqədar Cavabdeh1 ilə aralarında hər hansı razılaşma olmamışdır. Onunla Cavabdeh2 arasındakı razılaşmadan bir müddət keçdikdən sonra Cavabdeh2 vədinə əməl etməyərək aldığı pul müqabilində mal gətirməkdən imtina etmişdir. Bu zaman o, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verdiyi 2.900 manat məbləğində pul vəsaitini geri qaytarmalarını tələb etsə də heç bir müsbət nəticə əldə edə bilmədiyindən, Gəncə şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Lakin mübahisə iş mülki xarakteri olduğundan məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Bundan başqa, ona 600 manat məbləğində mənəvi ziyan dəymişdir. Belə ki, o, ticarətlə məşğul olur və əlində olan sərmayəni cavabdehlərə verdikdən sonra dövr etdirmək üçün, alqı-satqı etmək üçün əlində vəsait qalmadığından ticarəti zəifləmiş və bu mənəvi sarsıntıya gətirib çıxarmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2 onun tanışıdır və qeyri-rəsmi olaraq, Cavabdeh2la ər-arvad münasibətlərində olmuşdur. Cavabdeh2 ondan ona məxsus bank kartını istifadə etmək üçün istəmişdir. O da bank kartını Cavabdeh2 vermişdir. Həmin bank kartına olan mədaxil və məxaric əməliyyatlarından məlumatı olmamışdır. Onun adına qeydiyyata alınmış bank kartına mədaxil olunan vəsaitlər Cavabdeh2 tərəfindən çəkilmiş və istifadə olunmuşdur. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından daxil olan Cavabdeh2 xx.xx.2025-ci il tarixli ərizəsində iddianı qəbul etmədiyini, İddiaçı 2.900 manat məbləğində pul vəsaiti almadığını, Cavabdeh1 işlə aidiyyatı olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, SExxxx Mxxxxxxxx adlı alıcının 523915xxxxxx5250 nömrəli kart hesabına 416973xxxxxx5229 nömrəli kart hesabından 550 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915xxxxxx5250 nömrəli kart hesabına 920 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915xxxxxx5250 nömrəli kart hesabına 524375xxxxxx6818 nömrəli kart hesabından 10 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915xxxxxx5250 nömrəli kart hesabına 424 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915xxxxxx5250 nömrəli kart hesabına 600 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915xxxxxx5250 nömrəli kart hesabına 400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan audio-video qeydlərə məhkəmə iclaslarında baxılarkən müəyyən edilir ki, «Whatsapp» mesajlaşma tətbiqi vasitəsi ilə İddiaçı qızı və Cavabdeh2 elektron siqaretlərin alqı-satqı ilə əlaqədar bağlanmış şifahi müqavilənin icrası barədə müxtəlif vaxtlarda danışıqlar aparmışlar. İddiaçı və Cavabdeh2 arasındakı müqaviləyə uyğun olaraq, İddiaçı müxtəlif vaxtlarda Cavabdeh2 2.900 manat məbləğində pul vəsaiti göndərmiş, Cavabdeh2 isə fərqli əsaslarla müqaviləni icra edə bilmədiyini və qısa zaman ərzində icra edəcəyini bildirmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh2 arasında elektron siqaretlərin alğı-satqısına dair şifahi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı razılaşdırılmış məbləğdə pul vəsaitini Cavabdeh2 ödəməyi, Cavabdeh2 isə xarici ölkədən gətirdiyi müxtəlif markalı elektron siqaretləri S.Q.Xudaverdiyin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bununla əlaqədar Cavabdeh2 tərəfindən müxtəlif vaxtlarda İddiaçı 2.900 manat məbləğində ödəniş edilsə də, İddiaçı müqavilə şərtlərinə uyğun olaraq, razılaşdırılmış malların İddiaçı mülkiyyətinə vermək öhdəliyini yerinə yetirməmişdir. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı 2.900 manat, mənəvi zərərin əvəzi qismində 600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tətbiq edilməli hüquqla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi yaradan xx.xx.2025-ci il tarixli 2(102)-789/2025 nömrəli qərarında da (64-cü bənd) oxşar hüquqi mövqe ifadə olunmuşdur. İddiaçı və Cavabdeh2 arasında malların alqı-satqısına dair şifahi müqavilə bağlanmış, həmin şəxslər arasında öhdəlillər yaratmış və onlar arasındakı mübahisə Cavabdeh2 müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə görə satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir». «İnsan Hüquqlarının və X1 Haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 4-cü bəndinə məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh2 arasında malların alqı-satqısına dair şifahi müqavilə bağlanmış, həmin şəxslər arasında vəzifələr yaratmış və onlar arasındakı mübahisə Cavabdeh2 müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar olmuşdur. Hazırki halda isə İddiaçı müqavilədə iştirak etməyən üçüncü şəxs Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə görə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Bundan başqa, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş mənəvi zərərin əvəzi qismində pul tələbinə dair iddia ərizəsi ilə məhəməyə müraciət etsə də, Cavabdeh2 müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar ona mənəvi zərər vurulmasını və belə zərər vurulduğu halda onun məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddiası Cavabdeh2 2.900 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair hissədə əsaslı olsa da, digər hissədə əsaslı deyildir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində 2.900 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 49 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində 2.900 (iki min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 49 (qırx doqquz) manat, cəmi 2.949 (iki min doqquz yüz qırx doqquz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar