Məhkəmə qərarları › İş №2(125)-5445/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5445/2025

09.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5445/2025 09.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi və sayğacın yenidən quraşdırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 4 saylı meyvə-tərəvəz mağazasının 1 saylı qeyri-yaşayış binasına hesablanmış 1944 manat cərimənin silinməsi və yeni qaz sayğacının quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 4 saylı meyvə-tərəvəz mağazasının 1 saylı qeyriyaşayış binası 16.06. 2009-cu ildən etibarən mülkiyyətçisidir. O, əvvəllər həmin qeyriyaşayış binasını icarəyə vermiş, son illərdə isə qeyri-yaşayış sahəsini nə icarəyə verməmiş, nə də onunla maraqlamamışdır. Bu yaxında məlum olmuşdur ki, qeyri-yaşayış binasına qaz təchizatı tamamilə dayandırılmış və guya qanunsuz qaz istifadəsinə görə aktlar tərtib edilmişdir. Halbuki İddiaçı mülkiyyətçi olaraq nə qaz təchizatının dayandırılmasına, nə də hər hansı aktlara qol çəkməmiş və bu barədə heç bir məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə "Azəriqaz" X12 İstismarı İdarəsinə İdarəsinə müraciət etdikdə bildirilmişdir ki, yeni qaz sayğacının quraşdırılması üçün köhnə sayğacın dövlət yoxlamasından keçirilməsi zəruridir. Lakin ******* saylı aktda göstərilmişdir ki, sayğacın çıxış hissesi deşici alətlə guya zədələnib və sayğac dəymiş ziyanın hesablanması üçün NKDY-göndərilməsi məqsədi ilə götürülmüşdür. xx.xx.2018-ci il tarixli sənəddən görünür ki, RQİİ-nin 9720 m³ qazın itirildiyini iddia etmişdir. Bu isə əsassız şəkildə İddiaçı üzərinə 1944 manat "ziyan" məbləği qoyulması ilə nəticələnmişdir. Əmlak sahibi olaraq İddiaçı heç bir aktı imzalamamış, qeyri-yaşayış sahəsinin qaz təchizatının dayandırılması barədə ona vaxtında məlumat verilməmişdir. Bu isə mülkiyyət hüququmun pozulması deməkdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, sözügedən obyekt 2009-cu ildən etibarən iddiaçıya məxsus olmuş, icarəyə verilmişdir. Aktda kimin adının yazılmasından asılı olmayaraq cərimə abonent kodu üzrə hesablanmışdır. Hazırda obyekt fəaliyyət göstərmir və qaz sayğacı yoxdur. Qazın alqı-satqısı barədə yeni müqavilə bağlamaq istəsələr də, qarşı tərəf imtina edərək, mövcud borcun ödənilməsini tələb etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, sayğacda qüsur aşkar edildiyinə görə çıxarılmış, abonent kodu üzrə cərimə hesablanmışdır. Lakin sayğac dövlət yoxlamasına göndərilməmiş və rəy əldə edilməmişdir. Hal-hazırda borc ödənilmədiyi üçün yeni sayğacın quraşdırılmadığını bildirərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhəri 4 saylı dövlət notariat kontorunda bağlanılmış xx.xx.2009-cu il tarixli, 4Ə-2-191 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 4 saylı meyvə-tərəvəz mağazasının 1 saylı filialı qeyriyaşayış binasını alqı-satqı qiyməti 17000 manat müəyyən edilməklə alıcı İddiaçı satmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İtron tipli, G4 markalı, 1402AZ**********05 nömrəli qaz sayğacı çıxarılmış, sayğacın çıxarılma səbəbi sayğacın çıxış boru hissəsinin deşilməsi kimi qeyd edilmiş, yeni sayğacın quraşdırılması ilə bağlı heç bir qeyd aparılmamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirilən zaman sayğacın çıxış boru hissəsinin deşici alətlə deşilməsi aşkar olunmuşdur. Tələb hissəsində isə sayğacın NKDY-ə göndərilməsi və dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. Aktda istehlakçının nümayəndəsi Vüsal Şabanovun iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 9720 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Cavabdeh Gəncə RQİİ tərəfindən X1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 14-2-2- 14/2-F-3xx-xx/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2018-ci il tarixində qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacının (№ 1402AZ**********05) çıxarılaraq dövlət yoxlamasına təqdim edilməsi üçün tələb olunan şərait abonent tərəfindən təmin olunmadığından sayğacın çıxarılaraq, aidiyyəti üzrə dövlət yoxlanılmasına göndərilməsi mümkün olmamışdır. Müraciətdə göstərildiyi kimi abonentin qeyri-yaşayış sahəsinə yeni qaz sayğacının quraşdırılması üçün mövcud (köhnə) qaz sayğacının dövlət yoxlamasından keçirilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mülkiyyətçisi olduğu obyektdə olan qaz sayğacında olan qüsura görə 9720 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun, yəni sayğacın çıxış boru hissəsinin deşici alətlə deşilməsinin iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İtron tipli, G4 markalı, 1402AZ**********05 nömrəli qaz sayğacı çıxarılmış, sayğacın çıxarılma səbəbi sayğacın çıxış boru hissəsinin deşilməsi kimi qeyd edilmiş, yeni sayğacın quraşdırılması ilə bağlı heç bir qeyd aparılmamışdır. xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirilən zaman sayğacın çıxış boru hissəsinin deşici alətlə deşilməsi aşkar olunmuşdur. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Aktın tələb hissəsində isə sayğacın NKDY-ə göndərilməsi və dəymiş ziyanın hesablanması qeyd olunmuş, aktda istehlakçının nümayəndəsi Vüsal Şabanovun iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Həmin Qaydaların 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-4-cü bəndinə görə qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan qeyri faşayış sahəsinə quraşdırılmış sayğacın zədələnməsi və həmin zədələnmənin istehlakçının təqsiri üzündən baş vermsi sübut olunmamışdır. Halbu ki, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”ndan görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə 9720 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1944 manat pul silinməli və Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsidə yerləşən 4 saylı meyvə-tərəvəz mağazasının 1 saylı filialı qeyri-yaşayış binasına qaz sayğacının quraşdırılması Cavabdehnə həvalə edilməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 31,66 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə 9720 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1944 manat pul silinsin. Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 4 saylı meyvə-tərəvəz mağazasının 1 saylı filialı- qeyri-yaşayış binasına qaz sayğacının quraşdırılması Cavabdehnə həvalə edilsin. Cavabdehndən dövlət rüsumu hesabına 31,66 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar