Məhkəmə qərarları › İş №2(125)-55/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-55/2023

30.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-55/2023 30.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən Cavabdeh istifadə hüququna 8000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, onun əşyaları ilə birlikdə həmin evdən çıxarılması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tam boşaldılaraq bizə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsisi mülkiyyət hüququ əsasında bizə məxsusdur. Mülkiyyət hüquqlarımız qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh məhrum qardaşımız Yunisin oğludur. Hazırda cavabdeh onlara məxsus olan evdə yaşayaraq evə buraxmır. Yəni Cavabdeh ücbatından öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmirlər. Daha əvvəl Cavabdeh sözügedən evdən çıxarılmasını istəsələr də, sonradan məlum olmuşdur ki, onun həmin evin yaşayış sahəsindən istifadə hüququ vardır. Ona görə də hazırda 8000 manat məbləğində kompensasiya verilməklə Cavabdeh onlara məxsus evin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Belə ki, iddaçıya məxsus fərdi yaşayış evinin kommunal şəraiti çox pisdir. Ev şəhərin “Bağman” adlanan ərazisində yerləşir və mərkəzdən çox uzaqdır. B ərazidə oxşar kommunal şəraitə malik evlərin aylıq kirayə haqqının məbləği maksimum 80-100 manatdır. Cavabdehlər onların mülkiyyətində olan mənzildən sərbəst qaydada istifadə etdiklərindən və onların heç birini həmin mənzilə buraxmadıqlarından onlar məcbur olub hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, cavabdehin həmin evdə doğulub böyüməsi ilə yaranan istifadə hüququna tərəflərindən 8000 manat kompensasiya verilməklə xitam verilməsi və evin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların nümayəndəsini (vəkili) dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, İddiaçı1 adına 1/2 hissə və İddiaçı2 adına 1/2 hissə olmaqla xx.xx.2020ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 02/07 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə oxüar kommunal şəraitli fərdi yaşayış evlərinin aylıq kirayə haqqının orta məbləği hal-hazırda təxminən 80-100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit etdiyindən iddiaçı hazırkı iddianı irəli sürmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, istifadə hüququna xitam verilməsi ödəniləcək kompensasiya məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehə təklif olunan kompensasiya məbləği onun davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağına imkan verməlidir. Yuxarıda qeyd olunan mütəxəssis rəyinə əsasən məhkəmə hesab edir ki, təklif olunan kompensasiya məbləği cavabdehə təxminən 7.5 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Bundan başqa, nəzərə alınmalıdır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçilərin öz əmlakından istədikləri kimi istifadə etmək hüquqlarını qeyri-mütənasib şəkildə məhdudlaşdırır. Bundan başqa, iddiaçıların təklif etdiyi kompensasiya məbləği cavabdehin eyni inzibati ərazi vahidində xeyli müddətdə kirayə mənzil haqqını ödəməyə kifayət etdiyindən həmin məbləğ ədalətli olmaqla cavabdehin hüquqlarının qorunması baxımından qəbul ediləndir. Bununla yanaşı, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçılar mübahisəli mənzilin mülkiyyətçiləri olduğundan onlar öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdirlər. Lakin cavabdehin istifadə hüququna kompensasiya ödənilməklə xitam verildikdən sonra iddiaçılar onlara məxsus yaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehin təxminən təxminən 7.5 il ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, iddiaçılar tərəfindən cəmi 8000 manat kompensasiya verilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməli, cavabdeh həmin evdən əşyaları ilə birlikdə çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçılarar təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən 8000 (səkkiz min) manat kompensasiya verilməklə Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılsın və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar