Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5551/2025 10.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ******* nömrəli akt əsasında hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında 6480 m3 qaz itkisinə görə hesablanmış 777 manat borcun onun üzərindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Çay-Depo Stansiyası ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə qaz xətti çəkilərək qaz sayğacı quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə cavabdehlərin tabeliyində çalışan əməkdaşlar ona məxsus olan fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirmiş və ******* nömrəli akt tərtib etmişdir. Həmin aktda qeyd olunur ki, sayğaca baxış zamanı sayğacın üzərinə maqnit qoyularaq iş prinsipinə mane olmuş, qaz sərfiyyatının hesablanmasının dayandırılması aşkar olunmuşdur. Bundan sonra cavabdehlər dəymiş ziyanın hesablanaraq onun tərəfindən ödənilməsini tələb etmişlər və onun ünvanına tələbnamə göndərərək, 777 manat dəymiş ziyan hesablandığını bildirmişlər. Qaz sayğacına baxış zamanı orada olmamış və bu baxışda iştirak etməmişdir. Lakin, aktın surətindən görünür ki, guya anası Kərimova Rübabə akta imza etməkdən imtina etmişdir. Bu tam yanlış bir ifadədir, belə bir hal olmamışdır. Buna görə də cavabdehlərin bu hərəkətləri qanunsuzdur. Çünki sayğacın dövlət yoxlanılmasında böyük şübhə vardır. Belə ki, sayğac yoxlamaya göndərilmişdirsə, bu barədə o, yazılı xəbərdar edilməli idi. Lakin cavabdehlər onu bu barədə xəbərdar etməmişdir. Bundan başqa G-4 markalı qaz sayğacının nominal qaz sərfi 6 m³/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qaz sərfiyyatı 6480 m³ hesablanmışdır. Bu hesablamalar da qanunsuzdur. Çünki sayğacın göstəricisi düzgün yoxlanılmamış, hesabat müddəti isə 90 günlük qeyd etmələri heç bir normativ hüquqi akta əsaslanmadığından qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən akt tərtib edilərək, 777 manat borc yazılmış və qaz idarəsinin əməkdaşları borc ödənilmədiyindən qazı kəsməli olduqlarını bildirərək, borcun ödənilməsini tələb etmişdirlər. O isə, sayğaca müdaxilə etmədiyini, sayğacı söküb yoxlamaya aparmalarını demiş, qaz idarəsinin əməkdaşı isə həmin halın laboratoriyada müəyyən edilə bilmədiyini demiş, o isə “Bəs hansı əsasla məndən cərimə tələb olunur?” sualını vermişdir. Əgər sayğaca maqnit qoyub dayandırmışdırsa, sayğac daha az yazmalı idi, ancaq onun evi 110 kv.m-dir və istilik sistemi kombidir. Hər ay 100 manatdan çox qaz işlədir. Aktın tərtib olunmasından isə xəbəri olmamışdır, 2024-cü ildə akt tərtib edilmiş, bu barədə 2025-ci ildə ona məlumat verilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan:- Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğaca baxış zamanı sayğacın üzərinə maqnit qoyularaq, iş prinsipinə mane olunması, qaz sərfiyyatının hesablanmasının dayandırılması aşkar olunmuşdur. Aktda istehlakçının nümayəndəsi Rübabə Kərimovanın iştirakı göstərilsə də, istehlakçının nümayəndəsi aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 6480 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. **********01100 nömrəli abonent saldosundan görünür ki, akt tərtib olunan tarixdən (xx.xx.2024) əvvəlki aylar üzrə sayğac göstəricisi üzrə qazın sərfi fevral ayında 430 m3, yanvar ayında isə 492 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 6480 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun, yəni sayğacın üzərinə maqnit qoyularaq, iş prinsipinə mane olunması və qaz sərfiyyatının hesablanmasının dayandırılmasının baş verməsi sübuta yetməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğaca baxış zamanı sayğacın üzərinə maqnit qoyularaq, iş prinsipinə mane olunması, qaz sərfiyyatının hesablanmasının dayandırılması aşkar olunmuşdur. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Aktda istehlakçının nümayəndəsi Rübabə Kərimovanın iştirakı göstərilsə də, istehlakçının nümayəndəsi aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Həmin Qaydaların 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-4-cü bəndinə görə qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə 6480 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 777 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə 6480 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 777 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5551/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5551/2025
10.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver