Məhkəmə qərarları › İş №2(125)-5640/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5640/2023

25.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5640/2023 25.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə ona hesablanmış 3110,40 manat ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X1 X4 İdarəsi tərəfindən onun istifadəsində olan Gəncə şəhəri, Vaqif küçəsi, ev 83 ünvanda yerləşən evə aid qaz sayğacı açılaraq, xx.xx.2023-cü il tarixli, ******* saylı Akt tərtib edilmişdir. Aktda qüsur kimi sayğacın klapanının işlək vəziyyətdə olmaması göstərilməklə, ona itirilmiş qaz sərfıyyatı üçün 3110,40 manat məbləğində ziyan ödənilməsi məqsədilə borc hesablanmışdır. Cavabdeh “Azəriqaz” X1 X4 İdarəsi tərəfindən ona hesablanmış 3110,40 manat tam olaraq əsassız hesablanmışdır. Yuxarıda qeyd edilən Aktla açılan sayğac smartkart tipli sayğac olmuşdur. Son 5 ildə o, ümumiyyətlə həmin evdə yaşamamışdır. Rusiya Federasiyasında olmuş, bu səbəbdən istifadə edilmədiyi üçün sayğacın klapanı korroziyaya uğraya bilər, bu təbii bir prosessdir. Onun tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməmişdir. Sayğacın onun təqsirindən yararsız vəziyyətə düşməsi cavabdeh tərəfindən müəyyən edilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, İddiaçı uzun müddətdir ki, həmin ünvanda yaşamır. Yaşayış olmadığı halda qaz sərfiyyatının hesablanması mümkün deyildir və absurddur. Eyni zamanda sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsi barədə sübut da mövcud deyildir. Qaz sayğacı isə küçədə yerləşir. Sayğaca müdaxiləyə görə iddiaçı cavabdeh ola bilməz. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti fərdi yaşayış evinin texniki pasportununn surətindən görünür ki, Gəncə şəhəri, Vaqif küçəsi, ev 83 ünvanı X2 məxsusdur. “Dəymiş ziyanın bərpasına dair” 31 may 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-5026-2 nömrəli aktına əsasən G-4 markalı, 07AZ**********5 nömrəli sayğacın metrologiya plombları element plombu ilə eynidir. Mövcud qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 6x24x180=25920 m3 cəmi 25920 m3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Gəncə XS-nin TQQ və SX-nın rəisi Avarov Müseyib, mühəndis Atakişiyev Vaqif, çilingər Həsənov Namiq və istehlakçının nümayəndəsi İddiaçı ilə bu akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: “Azəriqaz” İB-nin 14-2-2/3-5-5026Q002 əsasən sayğacın klapanı işlək deyildir. Dəymiş ziyanın hesablanması və və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Eyni zamanda İddiaçı aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X3 sayğacının yoxlanılması barədə 10 may 2023-cü il tarixli, MSK-14-2-2/3-5-5026/Q002 nömrəli aktının surətindən görünür ki, “Azəriqaz” İB-nin 14-2-2/3-5-5026/Q002 nömrəli, 10 may 2023-cü il tarixli telefonoqramına əsasən 10 may 2023-cü il tarixində əhali sektorunda istismarda olan Gəncə RQİİ-dən Metrologiya Departamentinə gətirilmiş aşağıda nömrələri qeyd olunan G4 markalı, İtron tipli (Smart Payment, Gallus pay), Gulf və Zenner-Smart tipli qaz sayğacları 10 may 2023-cü il tarixində Dövlət yoxlanılması nəticəsində yararsız hesab olunur. 07AZ**********5 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək deyildir. Yivli birləşmələr korroziyaya uğramışdır. Sayğac Alarm-2 rejimindədir. Element bitmək üzrədir. Metrologiya plombları element plombu ilə eynidir. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyildir. Sayğac istismara yararsızdır. **********00831 nömrəli abonent saldosundan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən aktla əsasən ona 3110,40 manat borc yazılmışdır. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər İddiaçı yaşadığı ünvan 2 ünvanında quraşdırılan qaz sayğacının işləməməsi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi 31 may 2023-cü il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X3 sayğacının yoxlanılması barədə 10 may 2023-cü il tarixli, MSK-14-2-2/3-5-5026/Q002 nömrəli aktında 07AZ**********5 nömrəli sayğaca baxış keçirilməsi, sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğradığını, sayğacın Alarm-2 rejimində olması, elementin bitmək üzrə olması, metrologiya plomblarının element plombu ilə eyni olduğunu, sayğacın yaddaş arxivinin oxunmasının mümkün olmadığını, sayğacın istismara yararsız olduğu qeyd etmişdir. Bu səbəbdən “Azəriqaz” İstehsalat Birliyi istehlakçı olan iddiaçıya məxsus olan ünvanda yerləşən qaz sayğacı üçün dəymiş ziyana görə borc hesablamışdır. Lakin “Azəriqaz” İstehsalat Birliyi qeyd edilən xüsusatı iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırsa da, məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi faktını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Bu baxımdan istehlakçının hazırda mülki məsuliyyət daşıması düzgün olmazdı. Belə ki, iddiaçıya məxsus qaz sayğacı onun yaşadığı evə bitişik küçədə quraşdırılmışdır. Bu halda aşkarlanmış nöqsan üzrə qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma və.s nəticəsində baş vermə ehtimalını da ortaya çıxarır. “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli şəxsləri tərəfindən isə yuxarıda qeyd edilən məsələlər ətraflı araşdırılmamış və düzgün nəticəyə gəlinməmişdir. Bu baxımdan hazırkı iş üzrə cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur işin hallarına əsasən ona əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. Sayğacın quraşdırılması və işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 3110,40 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən qanunsuz olaraq hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 3110,40 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat birliyi tərəfindən 31 may 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə 31 may 2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar