Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5730/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə, Ərizəçi – mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək keçmiş həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün alimentin artırılaraq 200 manat məbləğində alimentin ona ödənilməsi barədə 1 saylı X6 xx.xx.2023-cü il tarixdə bağladıqları barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, Ərizəçi ilə Maraqlı şəxs əvvəllər rəsmi nikahda olmuşlar. Nikahdan bir uşaq – xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Maraqlı şəxs ilə X4 arasında olan nikaha Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4396/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixində 33 nömrə ilə qeyd edilməklə Gəncə Şəhəri Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ seriyalı, 372431 nömrəli, xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Nikah pozulduqdan sonra kişinin soyadı İbrahimov, qadının soyadı Musazadə kimi qeyd edilmişdir. Uşaq hazırda ərizəçinin yanındadır. Ərizəçi məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, sabiq həyat yoldaşı Maraqlı şəxs ilə 1 saylı X6 birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin artırılmasına dair aralarında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamışlar. Sazişə görə hər ikisi alimentin artırılaraq 200 manat olması ilə razılaşmışlar. Eyni zamanda sazişə əsasən Maraqlı şəxs hər ayın 20-si tarixindən 25-i tarixinədək 200 manat alimenti onun kartına göndərməsi ilə də razılaşmışdır. Buna baxmayaraq Maraqlı şəxs sazişi könüllü icra etməkdən imtina edir və 200 manat məbləğində alimentin ödənilməsinə dair öhdəliyini yerinə yetirmir. Artıq dörd aydır ki, o, alimenti ödəmir. Ona görə də alimentin artırılmasına dair qeyd edilən barışıq sazişinin məcburi icrası üçün məhkəmədə təsdiq edilməsinə ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, təxminən 5 aydır ki, maraqlı şəxs heç bir ödəniş etmir, hazırda onun 800 manat borcu var, ona görə də mediasiya prosesində maraqlı şəxslə onun arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədi və əlavə olaraq bildirdi ki, 3-4 aydır ki, işləmir, ona görə də barışıq sazişi üzrə ödənişlər edə bilməmişdir, lakin ayın axırına kimi borcunu ödəyəcək. Məhkəmə tərəfləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞG/1-02534 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs aşağıdakı məzmunda razılığa gəlmişlər:
1. Tərəflər; Ərizəçi az yaşlı övladı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin yenidən artırılması üçün xx.xx.2023-cü il tarixində Gəncə 1- Saylı mediasiya təşkilatına müraciət etmişdir.
2. İkinci tərəf Maraqlı şəxs Birinci tərəf Ərizəçi az yaşlı övladları X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment pulunun yenidən artırılaraq 200 manat olmasına razılaşdılar.
3. Tərəflər; Maraqlı şəxs Ərizəçi ilə öz aralarında Bağlamaq istədikləri Barışıq sazişinə əsasən hər ayın 20-si tarixindən 25-i tarixinə kimi 200 manat Aliment pulunu ana Ərizəçi kartına göndərməsinə razılaşdılar.
4. Birinci tərəf Ərizəçi X3 atası Maraqlı şəxs ilə görüşməsinə və ünsiyyət saxlamasına mane olmayacağını bildirdi.
5. Tərəflər; Birinci tərəf Ərizəçi Etibarnamə ilə səlahiyyətli nümayəndəsi X9 və İkinci tərəf İbrahimov X2 yazılanları oxudular, dinlədilər və imza atmağa razılaşdılar.
6. Tərəflər; Barışıq sazişinə əsasən bir-birilərinə verdikləri sözlərə görə gələcəkdə məsuliyyətsizlik etsələr tərəf-tərəfi Məhkəməyə verə bilər. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment pulunun yenidən artırılaraq Ərizəçi xeyrinə hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin hər ayın 20-si tarixindən 25-i tarixinə Ərizəçi kartına göndərəcəyini öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞG/1-02534 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni:
1. “Tərəflər; Ərizəçi azyaşlı övladı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin yenidən artırılması üçün xx.xx.2023-cü il tarixində Gəncə 1- Saylı mediasiya təşkilatına müraciət etmişdir.
2. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi azyaşlı övladları X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment pulunun yenidən artırılaraq 200 manat olmasına razılaşdılar.
3. Tərəflər; Maraqlı şəxs Ərizəçi ilə öz aralarında bağlamaq istədikləri barışıq sazişinə əsasən hər ayın 20-si tarixindən 25-i tarixinə kimi 200 manat aliment pulunu ana Ərizəçi kartına göndərməsinə razılaşdılar.” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞG/1-02534 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin:
1. “Tərəflər; Ərizəçi azyaşlı övladı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin yenidən artırılması üçün xx.xx.2023-cü il tarixində Gəncə 1- Saylı mediasiya təşkilatına müraciət etmişdir.
2. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi azyaşlı övladları X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment pulunun yenidən artırılaraq 200 manat olmasına razılaşdılar.
3. Tərəflər; Maraqlı şəxs Ərizəçi ilə öz aralarında bağlamaq istədikləri barışıq sazişinə əsasən hər ayın 20-si tarixindən 25-i tarixinə kimi 200 manat aliment pulunu ana Ərizəçi kartına göndərməsinə razılaşdılar.” hissəsində təsdiq edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov