Məhkəmə qərarları › İş №2(125)-5773/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5773/2024

18.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5773/2024 18.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında aktın etibarsız hesab edilməsi və qazdan istifadəyə görə əsassız hesablanmış 3.110 manat 40 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin evdə istifadə olunan təbii qazın dəyəri daim İddiaçı tərəfindən ödənilmiş, bununla əlaqədar hər hansı narazılıq olmamışdır. xx.xx.2023-cü il tarixdə element bitmə ilə səbəbi ilə «G-4» markalı, 1702AZ**********78 nömrəli sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Buna dair xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuşdur. Daha sonra İddiaçı iştirakı olmadan sayğac müayinə edilərək, xx.xx.2023-cü il tarixdə «Qaz sayğacının yoxlanılması haqqında» akt və həmin tarixdə də «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt» tərtib olunmuşdur. Halbuki, İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmamış, müdaxilə faktı heç bir sübut təsdiq olunmamışdır. Bundan başqa, qaz sayğacı fərdi yaşayış evinin həyətyanı ərazisində deyil, küçə hissəsində, yəni İddiaçı daimi nəzarət edə bilməyəcəyi ərazidə quraşdırılmış və həmin sayğaca X6 İstismar İdarəsinin əməkdaşları mütəmadi olaraq, baxış keçirmişdir. Buna görə də təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar cavabdeh tərəfindən hesablanmış 3.110 manat 40 qəpik məbləğində borc əsassızdır və silinməlidir. Sonda P.İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, element bitdiyi üçün üçün «İtron» tipli «G4» markalı 1702AZ**********78 nömrəli sayğac çıxarılmış və həmin sayğac «Zenner» tipli «G4» markalı **********79 nömrəli sayğacla əvəz edilmişdir. İş materiallarında olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, «İtron» tipli «G4» markalı 1702AZ**********78 nömrəli sayğaca baxış keçirilərkən sayğacın elementinin dövriyyədən aralı vəziyyətdə olduğu və sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. İşdə olan «Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə» MSK-14-2- 2/3-5-2413 nömrəli aktın çıxarışının surətindən görünür ki, 1702AZ**********78 nömrəli sayğaca baxış keçirilərkən sayğacın LCD ekranında informasiyanın oxunmadığı aşkar olunmuşdur. Sayğacın daxilinə baxış keçirilərkən elementin dövriyyədən aralı vəziyyətdə olduğu, xətaların normadan artıq olduğu və sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. İş materiallarında olan **********00020 nömrəli abonentin saldosundan görünür ki, X2 2023-cü il üzrə 25.920 m3 təbii qazdan istifadə ilə əlaqədar 3.110 manat 40 qəpik məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli «dəymiş ziyanın bərpasına dair tələbnamə»dən görünür ki, 1702AZ**********78 nömrəli sayğacın elementinin dövriyyədən aralı vəziyyətdə olduğu müəyyən edildiyinə görə, G-4 markalı qaz sayğacın maksimal sərfi 6 m3/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6 x 24 x 180 = 25.920 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından ki, İddiaçı qaz təchizatı üzrə **********00020 abonent kodlu istehlakçıdır, təbii qazdan ünvan 1 ünvanında yerləşən 2 nömrəli evdə quraşdırılmış sayğac əsasında istifadə edir və təbii qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. xx.xx.2023-cü il tarixdə həmin mənzilə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacı elementi bitdiyi üçün xətdən açılmış və həmin vaxt qaz sayğacı Cavabdeh əməkdaşları tərəfindən yararlı qəbul edilmişdir. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda da sayğacın çıxarılma səbəbi kimi yalnız «element bitdi» qeyd aparılmışdır. Bundan sonra keçirilmiş yoxlama zamanı Cavabdeh əməkdaşları tərəfindən iddiaçının iştirakı təmin olunmamış, qaz xəttindən açılmış qaz sayğacının elementinin dövriyyədən aralı vəziyyətdə olduğu müəyyən edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 8-1 maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. ««Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanının 2-15-ci maddəsinə görə həmin Qanunun 6-3-cü maddəsinin 5-ci hissəsinin birinci cümləsində, 6- 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrində, 7-ci maddəsinin 4-cü hissəsində və 13cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində «orqan (qurum)» dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə görə Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Şəxsin inzibati xəta törətməkdə təqsiri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı, cinayət törətməkdə təqsiri isə məhkəmənin hökmü ilə təsdiq edilməlidir. Mülki işin məhkəmədə tədqiqi zamanı Cavabdeh İB-nin nümayəndəsi hazırki mübahisə üzrə şəxsin təqsirliliyinə dair hər hansı inzibati xəta haqqında qərarın və məhkəmə hökmünün olmadığını bildirmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbi baxımından qaz xəttinə qanunsuz qoşulma, eləcə də sayğaca müdaxilə halı yalnız şəxsin təqsirliliyinə dair inzibati xəta haqqında qərar və məhkəmə hökmü ilə təsbit edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətini və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətini məhkəməyə təqdim etsə də, cavabdeh iddia tələbinə öz münasibətini, etirazı olduğu halda isə onun əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış 3.110 manat 40 qəpik məbləğində borc silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, məhkəməyə iddia ərizəsi verilərkən ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 51 manat 10 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı əsasında, qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində, İddiaçı hesablanmış 3.110 (üç min bir yüz on) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. Cavabdehndən ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat 10 (on) qəpik məbləğində pul vəsaiti dövlət nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar