Məhkəmə qərarları › İş №2(125)-5774/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5774/2024

28.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5774/2024 28.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 369 nömrəli evə hesablanmış 777.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur və onun evinə də müqavilə əsasında qaz sayğacı quraşdırılmış və uzun illərdir ki, sərf etdiyi qazın dəyərini ödəyərək ondan istifadə edir. Bu illər ərzində sayğac qaz idarəsinin əməkdaşları tərəfindən mütamadi olaraq yoxlanılmış və hər hansı bir pozuntuya yol verilmədiyi barədə aktlar tərtib olunmuşdur. Lakin idarənin əməkdaşlarının səhlənkarlığı nəticəsində qaz sayğacı qutusuz quraşdırıldığından ona su düşmüş və ekran görsənmirdir. Bu barədə onun tərəfindən məlumat verildikdən sonra gələrək qaz sayğacının yenisi ilə dəyişdirilməli olduğunu bildirmişlər. Onun buna hər hansı bir etirazı olmamışdır və istifadə etdiyi sayğacı çıxararaq yenisi ilə əvəz etmişlər. Köhnə sayğac götürülən zaman hər hansı bir formada qablaşdırılmamış, sadəcə götürüb getmişlər. Bu zaman sayğacın plombları qaydasında olmuş və ona hər hansı bir uyğunsuzluq barədə məlumat verməmişlər. Lakin üstündən bir müddət keçdikdən sonra Cavabdeh Gəncə X3 İdarəsinin əməkdaşları bildirdilər ki, əvvəllər istifadə etdiyi sayğac yoxlamaya göndrilmiş və məlum olmuşdurki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Buna görə də onun barəsində akt tərtib olunmuş və akta əsasən 777.60 manat borc hesablanmışdır. Bu səbəbdən də, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətinə əsasən, Azəriqaz İB-nin rəyinə əsasən sayğacın elementi itmiş, port yuvasının ətrafı kənar təsir nəticəsində sındırılmışdır. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan **********03691 nömrəli abonent kodu üzrə Abonent saldosundan görünür ki, 2023-cü ilin iyul ayında 777.60 manat borc hesablanmışdır. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli, tələbnamənin surətindən görünür ki, 6480 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı ünvanında quraşdırılmış Zenner G-4 markalı **********073 nömrəli qaz sayğacı Zenner G-4 **********913 qaz sayğacı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777.60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X4 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 777.60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********03691 nömrəli abonent kodu üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar