Məhkəmə qərarları › İş №2(125)-5784/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5784/2025

27.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5784/2025 27.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz yazılmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh işçiləri tərəfindən qanunsuz yazılmış 1995,84 manat məbləğində cərimənin qalan məbləği 1791,98 manat pulun silinməsi və ödədiyi 203,86 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən onun istehlakçı hüquqları pozulmuşdur. Buna görə də pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. O, qeyd olunan ünvanın mülkiyyətçisidir. 2024-cü ilin mart ayında Cavabdeh bir qrup işçiləri ünvan 1 ünvanına gələrək, çöldə olan qaz xətlərinə baxış keçirmişdirlər. Baxış zamanı çöl tərəfdən barının üst hissəsindən qaz xətti keçdiyi və həmin xəttin üstündə kiçik ağzı bağlı bir boru olduğu müəyyən edilmişdir. Həmin boru illərdir ki, o xəttə bağlı durur. Cavabdeh işçiləri bildirmişdirlər ki, o xəttin üstündə kiçik borunun olması ilə qazdan qeyri-qanuni istifadə etmək olar. Cavabdeh təşkilatın işçisi hər ay qaz xətlərinə baxış keçirmişdir. Əgər elə bir neqativ hal olsa idi, dərhal aidiyyəti üzrə öz təşkilatının rəhbərlərinə məlumat verməli idi. Həmçinin, sözügedən qaz xətti çöldə hər kəsin görəcəyi bir yerdədir. Cavabdeh işçiləri xəbərləri olmadan ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edərək, qanunsuz 1995,84 manat cərimə yazmışdırlar. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, qeyd edilən ünvanda anası ilə birlikdə yaşayır. Evin darvazasının üstündən keçən qaz xəttinin üzərində olan kiçik boru hələ sovet vaxtından mövcud olmaqla, ağzı svarkalı vəziyyətdədir. Əvvəl həmin kiçik boru vasitəsilə onların evinin arxa tərəfində yaşayan qonşunun evinə qaz xətti çəkilmiş, daha sonra qonşu xətti aralayıb, başqa yerdən evinə qaz çəkdirmişdir. O vaxtdan bəri həmin kiçik borunun ağzı svarkalanmışdır. Qonşunun evi isə plana düşmüş, köçüb getmişdirlər. Yaşadıqları evdə iran sobası işlədirlər, aybaay sərf etdikləri qaza görə ödəniş etmişdirlər. Onların xəbəri olmadan cərimə yazılmış, sayğac plomblanmış, ödəniş etməsi tələb olunduqda məhkəməyə müraciət etdiyini, məhkəmə qərarı əsasında məsələnin həll ediləcəyini demişdir. Bundan sonra qaz idarəsinin əməkdaşları sayğacı dəyişib, smart tipli qaz sayğacı quraşdırmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda sayğacdan kənar xətt aşkar olunduğu qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 16632 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. **********00052 nömrəli abonentin saldosundan görünür ki, abonentin qaz sərfiyyatı akt tərtib olunmamışdan əvvəl yəni 2024-cü ilin fevral ayında 139 m3, yanvar ayında 216 m3 olmuş, 2024-cü il üçün qalıq borc 1995,84 manat göstərilmiş, cəmi 286,72 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının sayğacdan kənar əlavə xəttdən istifadə etməklə itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktda qeyd olunmuşdur ki, baxış zamanı sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-4-cü bəndinə görə qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Cavabdeh əməkdaşları xx.xx.2024-cü il tarixdə akt tərtib edərək, sayğacdan kənar əlavə xətt aşkar olunmasını qeyd etsələr də, keçən müddət ərzində hər hansı tədbir (iddiaçının şəbəkədən ayrılması, qoşulan xəttin kəsilməsi) görülməmiş, yalnız akt tərtib olunaraq zərər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsi, məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə 16632 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1995,84 manat puldan qalan 1791,98 manat pul silinməli, iddiaçı tərəfindən ödənilmiş 203,86 manat pul gələcəkdə istifadə etdiyi qaz sərfiyatına görə İddiaçı hesabından silinməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 37,92 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə 16632 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1995,84 manat puldan qalan 1791,98 manat pul silinsin, iddiaçı tərəfindən ödənilmiş 203,86 manat pul gələcəkdə istifadə etdiyi qaz sərfinə görə İddiaçı hesabından silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 37,92 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar