Məhkəmə qərarları › İş №2(125)-584/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-584/2022

27.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-584/2022 27.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Ərazi İdarəsi) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2004-cü il tarixli 193 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 6485 nömrəli sərəncamı ilə Qarabağ müharibəsi veteranı kimi ona və digərlərinə Gəncə şəhərinin “Xarabayeri” adlanan ərazinin Şərq küçəsinin şimal qurtaracağında Pambıq zavodunun istifadəsinə olan 14.0 ha torpaq sahəsindən 9.5 ha torpaq sahəsi ayrılmış və həmin vaxtdan onlar ayrılmış torpaq sahəsindən istifadə edirlər. Hazırki iş üzrə 3-cü şəxslər X3 və Cavabdeh2 torpaq sahəsinin onlara məxsus olmasını iddia edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə xx.xx.2004-cü il tarixli JN-5043 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə təqdim edib, ona və digərlərinə qarşı torpaqdan çıxarılma və tikililərin sökülməsinə dair iddia ərizəsi ilə 2017-cı ıl məhkəməyə müraciət etmişlər. Həmin vaxt onların adı çəkilən JN-5043 nömrəli şəhadətnamədən məlumatı olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 may 2017-cı il tarixli 2(043)-33/2017 nömrəli iş üzrə çıxarılmış qətnaməsi ilə hazırki iş üzrə 3-cü şəxslər X2 və Cavabdeh2 iddiası təmin edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti və eyni zamanda sözügedən şəhadətnamənin etibarsızlığı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. İşlər bir-biri ilə səbəbli əlaqəsi olduğu üçün Apellyasiya instansiyasında iş üzrə icraat dayandırılmışdır. Mübahisələndirdiyi şəhadətnamə Cavabdeh3 və Cavabdeh2 adlarına verilmişdir. O, onların məhkəməyə təqdim etdikləri 5043 nömrəli şəhadətnamənin verilməsinin əsasının olub-olmaması araşdırmış və həmin şəhadətnamənin saxta yolla, heç bir hüquqi əsası olmadan verildiyini müəyyən etmişdir. Mübahisələndirdiyi şəhadətnamənin verilməsinin hüquqi əsası kimi qeyd edilən Kirovabad (Gəncə şəhəri) XDS İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 11 nömrəli qərarı torpaq sahəsinin verilməsi üçün yox, başqa bir məsələnin həlli üçün verilmişdir. Bundan sonra, aidiyyəti üzrə mübahisəli şəhadətnamənin verilməsinin hüquqi əsaslarının mövcud olub-olmamasını arxiv idarəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestrinin aidiyyəti idarələrinə sorğu etmiş, həmin idarələrdə mübahisəli şəhadətnmənin verilməsinin heç bir hüquqi əsasının mövcud olması aşkar edilməmişdir. Cavabdeh3 və Cavabdeh2 adlarına verilmiş "torpaqdan müvəqqəti istifadə hüququna dair xx.xx.2004-cü il tarixli JN-5043 nömrəli şəhadətnamə" etibarsız hesab edilməlidir və bu səbəbdən də məhkəməyə müraciət etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(043)-1928/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qarşı tərəf həmin qətnamədən Apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ei ıl tarixli 2(104)-93/2021 saylı qərardadı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(043)-1928/2018 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata işin ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. O, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(104)-93/2021 saylı qərardadından Kassasiya şikayəti vermişdir. Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2021-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(104)-93/2021 saylı qərardadı qüvvədə saxlanılmışdır. Qeyd etdiklərinə görə o, məcbur olub sözügedən şəhadətnamənin ləğv edilməsi üçün İnzibati məhkəməyə müraciət etmişdir. İnzibati məhkəmə sözügedən şəhadətnaməsinə əsas olmuş hər hansı hüquqi sənədin olub-olmamasını aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarənə sorğu etmişdir. Məhkəmənin sorğu əsasında xx.xx.2004-cü il tarixli JN-5043 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin verilməsinə Gəncə şəhər Memarlıq və Tikinti şöbəsini tərəfindən bağlanılmış xx.xx.2004-cü ıl tarixli 193 nömləri müqavilə əsas olmuşdur. Sözügedən müqavilədən yalnız İnzibati Məhkəmədə iddia qaldırdıqdan sonra məlumatı olmuşdur. O, hesab edir ki, sözügedən müqavilə əsassızdır və saxtadır, ona görə də etibarsız hesab edilməlidir. Bütün bunlardan əlavə olaraq mübahisəli torpaq sahəsi Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 6485 nömrəli sərəncamı ilə Qarabağ müharibəsi veteranı kimi ona və digərlərinə verilmişdir və həmin vaxtdan onlara ayrılmış torpaq sahəsindən istifadə edirlər. Lakin Torpaq sahəsinin icarəyə verilməsinə haqqında xx.xx.2004-cü il tarixli 193 nömrəli müqavilə göründüyü kimi 2004-cü ildə verilmişdir. O, mübahisəli torpaq sahəsi daha öncə onlara verildiyi üçün xx.xx.2004-cü il tarixli 193 nömrəli müqavilə əsassız olaraq verilmişdir və sözügedən müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə bağlanmış xx.xx.2004-cü il tarixli, 193 nömrəli torpağın icarəyə veriməsi haqqında müqaviləyə əsasən, 2,025 ha torpaq sahəsi Cavabdeh3 və Cavabdeh2 istfadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999cu il tarixli, 6485 nömrəli Sərəncamına əsasən, Gəncə Pambıqtəmizləmə zavodunun fəaliyyəti dayandığına görə yem bazası təşkili üçün Xarabayeri ərazisi Şərq küçəsinin Şimal qurtaracağında zavoda ayrılmış 14.0 ha torpaq sahəsi dövlət fonduna qaytarılması, Azərbaycan Vətən Müharibəsi veteranlar Birliyi Gəncə şəhər təşkilatının xx.xx.1999-cu il tarixli, 75 nömrəli və “Qarabağ əlilləri” cəmiyyəti Gəncə şəhər şöbəsinin xx.xx.1999-cu il tarixli, 23 nömrəli məktubları nəzərə alınsın və cəmiyyətin üzvləri İddiaçın, X8, X10, X6 və X1 fermer təsərrüfatı təşkili üçün Gəncə şəhəri “Xarabayeri” ərazisi, Şərq küçəsinin şimal qurtaracağında 9.5 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 10/645 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri icra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 6485 nömrəli sərəncamı ilə İddiaçı və digər şəxslərə ayrılmış 9.5 ha torpaq sahəsinə dair, X5 adına tərtib olunmuş JN:0204 (KOD 2000002) saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə Kirovabad şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 11 nömrəli qərarı ilə Cavabdeh3 və Cavabdeh2 ayrılmış 2.025 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları üst-üstə düşmür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iddiaçının iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Gəncə şəhər İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 6485 nömrəli sərəncamı ilə ona və digərlərinə ayrılmış 9.5 ha torpaq sahəsinin Cavabdeh3 və Cavabdeh2 istfadəsinə verildiyindən sonuncularla Gəncə şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 193 nömrəli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı cavabdehlər arasında bağlanmış müqavilənin etibarlılığını mübahisələndirdiyindən ilk növbədə bu hüququn mübahisələndirilməsi üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması üçün ilk növbədə cavabdehlər arasında bağlanmış müqavilənin iddiaçıya ayrılmış torpaq sahəsinə dair hüquqlara təsir edib-etməməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Qeyd olunan normanın tələbi baxımından torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı hazırda mübahisələndirdiyi müqavilə ilə Cavabdeh2 və Cavabdeh3 istifadəsinə verilmiş torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi olduğunu iddia etsə də bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, xx.xx.2021-ci il tarixli, 10/645 nömrəli ekspert rəyinə əsasən, Gəncə şəhəri icra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 6485 nömrəli sərəncamı ilə İddiaçı və digər şəxslərə ayrılmış 9.5 ha torpaq sahəsi ilə Kirovabad şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 11 nömrəli qərarı ilə Cavabdeh3 və Cavabdeh2 ayrılmış 2.025 ha torpaq sahəsinin naturada yerləşmə koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxdığından, iddiaçıya ayrılmış torpaq sahəsi ilə Cavabdeh2 və Cavabdeh3 istifadəsinə verilmiş torpaq sahəsinin naturada yerləşmə koordinatları üst-üstə düşmədiyindən, iddiaçı сavabdehlər arasında bağlanmış müqavilənin etibarsızlığı tələbini də irəli sürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar