Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5909/2023 17.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı «sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı Gəncə şəhəri, Şota Rustavelli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli evdə yaşayan **********000 abonent kodlu istehlakçıya əsassız olaraq hesablanmış 529 manat 74 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Şota Rustavelli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli ev əri X2 ona miras qalmışdır. Sözügedən ev xx.xx.2018-ci il tarixdən onun xüsusi mülkiyyətindədir və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Belə ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrdə əmlak üzərində olan yüklülük, borclar və.s qarşı tərəfə keçir. «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən sözügedən ünvanda su təhcizatı və kanalzasiya xidmətləri təmin edilməmişdir. Hətta o, cavabdeh «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə yazılı ərizə ilə suyun verilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq heç bir nəticəsi olmamış, həmin ünvana suyun verilməsi təmin edilməmişdir. Buna görə də o, uzun illər ərzində suyu sudaşıyan avtomobillərdən ödənişlə su almışdır. Lakin xx.xx.2023-cü il tarixli qəbz tərtib etməklə «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşları guya sudan istifadəyə görə onun 2011-cü il tarixdən 2023-cü il ayınadək 529 manat 74 qəpik borcu yarandığını bildirmişlər. Halbuki, həmin tarixlərdə Gəncə şəhəri, Şota Rustavelli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli ev su ilə təchiz olunmamışdır. Hətta onunla qonşuluqda yaşayan Dilbər xanımın yaşadığı fərdi yaşayış evi su ilə təmin olunmadığına görə Dilbər xanıma hesablanmış borc silinmişdir. Onun digər qonşusu Dürdanə xanımın yaşadığı fərdi yaşayış evinə isə su xətti çəkilmiş, lakin həmin fərdi yaşayış evinə suyun boru vasitəsi ilə çatdırılması mümkün olmadığına görə «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti özü avtomobillə Dürdanə xanımın yaşadığı fərdi yaşayış evinə avtomobillə su gətirmişdir. Sonradan 2023-cü ilin iyul ayında su ilə təmin olunduqdan sonra uzun müddət su gəlmədiyi üçün o, istifadəsiz qalmaqla çirklənmiş su hovuzunun lilini və çirkini təmizləmiş, hovuzu su ilə doldurmuş, həyətdə olan ağacları suvarmış, həyətdəki metlaxı yumuş və suya aid illər ərzində yerinə yetirə bilmədiyi işlərini icra etmişdir. Buna görə də onun fərdi yaşayış evi su ilə təmin olunduqdan sonra o, sudan daha çox istifadə etmişdir. O, «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə əlaqə saxlasa da, ona əsassız hesablanmış borc silinməmiş və əksinə hesablanmış borcun ödənilməsi təkidlə tələb edilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesablanmış 529 manat 74 qəpik məbləğində borc tamamilə qanunsuz və əsassız olduğuna görə silinməlidir. Qeyd olunan borc Mikayıl Hüseynovun adına yazılsa da, Gəncə şəhəri, Şota Rustavelli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli evlə əlaqədar hesablanmışdır və həmin borcun silinməməsi gələcəkdə fərdi yaşayış evinin su təminatının dayandırılmasına səbəb ola bilər. Gəncə şəhəri, Şota Rustavelli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli evin mülkiyyətçisi isə o, olduğuna görə həmin hal onun mənafeyinə toxunur. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi A.C.Rəhimov iddianı qəbul etməyərək bildirdi ki, sudan istifadəyə görə olan borc iddiaçının adına deyil, onun əri olan X3 adına hesablanmışdır. Odur ki, iddiaçının hazırki iddia ilə müraciət etməyə subyektiv hüququ yoxdur. Həmçinin iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»na uyğun olaraq borca etiraz etməsinə dair STKM-ə rəsmi olaraq heç vaxt müraciət etməmişdir. Sonda A.C.Rəhimov iddianın əsassız olduğunu göstərərək rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, 1952-ci il tarixdən daim Gəncə şəhəri Şota Rustavelli küçəsi, 1-ci dalanda yerləşən 19 nömrəli evdə yaşamışdır. Yalnız 1996-cı il tarixindən 2006-cı il tarixə qədər o, Rusiya Federassiyasında yaşamış, daha sonra Azərbaycan Respublikasına qayıtmışdır. İddiaçı isə onunla qonşuluqda, yən ünvan 2 ünvanında yaşayır və onlar çəpər qonşularıdırlar. Onların yaşadıqları küçə 2011-ci ilədək kəhriz vasitəsi ilə su təchiz olunmuşdur. Belə ki, kəhrizlə su onların yaşadıqları küçənin başlanğıc hissəsinə qədər gəlmiş, orada tikilmiş anbara yığılmış, daha sonra isə evlərə paylanmışdır. 2011-ci il tarixdə Gəncə şəhərində Bağmanlar kimi tanınan ərazidə kəhriz batdıqdan sonra onların yaşadıqları küçənin su təminatı dayanmışdır. Bundan sonra o, özü və digər 5 nəfər şəxs öz vəsaitləri hesabına şərikli qaydada başqa ərazidən su borusu vasitəsilə öz yaşadıqları evə su xətti çəkmişlər. Buna görə də onun su ilə təminatı bir qədər normal olmuşdur. Lakin İddiaçı və digər qonşularının su təcinatı olmamışdır. Onun qonşuları fərdi yaşayış evlərinə sudaşıyan avtomobillə su almışlar. Bəzi vaxtlar isə o, su borusu vasitəsi ilə İddiaçı, öz qardaşı oğlu X7 yaşadığı fərdi yaşayış evinin həyətindəki ağacları suvarmaq üçün su vermişdir. Onun qardaşı oğlu X7 və İddiaçı yaşadıqları evə çəkilmiş su xəttləri eyni olmuşdur. Buna görə də o, İddiaçı yaşadığı evin su ilə təchiz edilmədiyini dəqiq bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri Şota Rustavelli küçəsi, 1-ci dalanda yerləşən 14 nömrəli evdə anadan olmuş və hazıra qədər də həmin ünvanda yaşayır. İddiaçı ilə o, qonşudur və yaşadıqları evlərin arasındakı məsafə 200-300 metrdir. Onların yaşadıqları fərdi yaşayış evlərin yerləşdiyi küçənin su təminatı təxminən 2011-ci ilə qədər kəhriz vasitəsilə olmuşdur. Daha sonra kəhriz batmış və su təcinatı ilə dayanmışdır. 2011-ci ildən 2023-cü ilin iyul ayınadək suyun gəlişi dayanmışdır. Onların yaşadıqları hər kəs suyu su satan avtomobillərdən 20 manata almışdır. Hətta avtomobillə suyun alınması baha olduğuna görə İddiaçı oğlu ilə o, şərikli olaraq su almışlar. 2023-cü ilin iyul ayında isə yeni su xətti çəkilmiş və su problemi aradan qaldırılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı çıxarışın surətindən görünür ki, ünvan 3 ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ünvan 3 ünvanından yaşayan abonent kodu **********000 kimi qeyd edilən X1 istifadəyə görə 529 manat 74 qəpik borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, abonent kodu **********000 kimi qeyd edilən X5 yekun olaraq sudan 853 m3 su istifadə etdiyinə görə 536 manat 34 qəpik su borcu hesablanmışdır. İşdə olan «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, xx.xx.2018-ci il tarixdə İddiaçı Gəncə şəhəri Şota Rustavelli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evinə dair şəhadətnamə verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2018-ci il tarixindən bəri Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Lakin qeyd olunan ünvan üzrə sudan istifadə edən abonent kimi X10 qeydiyyata alınmış, həmin şəxsə **********000 abonent kodu verilmişdir. 13 iyun 2023-cü il tarixdə Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 1-ci dalanda yerləşən, 10 nömrəli evin su təminatı ilə əlaqədar 2011-ci ildən 15 avqust 2023-cü ilədək 536 manat 34 qəpik məbləğində borc hesablanmış və həmin borcun ödənilməsi «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tələb edilmişdir. Bununla əlaqədar olaraq, İddiaçı 529 manat 74 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbinin əsası kimi Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evinin 2011-ci ildən 15 avqust 2023-cü ilədək su ilə təmin olunmadığını, buna görə də həmin dövr üzrə su təminatı ilə əlaqədar hesablanmış borcun əsassız olduğunu, onun qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olduğunu və əsassız hesablanmış borcla əlaqədar həmin evin su təminatının hər an dayandırıla biləcəyini göstərmişdir. Cavabdehin nümayəndəsi A.C.Rəhimov isə məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və etirazının əsası kimi iddiaçının subyektiv hüququnun olmamasını, iddiaçının su təminatı ilə əlaqədar borca dair hazırki tarixədək etiraz etməməsini əsas gətirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları» nın 2.1.2 və 2.1.9.2-ci bəndlərinə görə istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək və verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM-in vəzifələridir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin «a» bəndinə görə məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını təmin etmək su təchizatı müəssisələrinin vəzifəsidir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iddiaya etirazının əsası kimi iddiaçının subyektiv hüquqa malik olmamasına və hesablanmış borca iddiaçının əvvəllər etiraz etməməsinə dair göstərdiyi xüsusatları məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müqayisəli araşdıraraq hesab edir ki, iddiaya etirazın əsası kimi göstərilən həmin xüsusatlar iddianın rədd olunması üçün əsas deyildir. Belə ki, İddiaçı Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir və həmin fərdi yaşayış evi ilə əlaqədar istənilən hərəkət və ya hərəkətsizlik, eləcə də kommunal xidmətlərin dayandırılması onun mənafelərinə toxunan haldır. Su təminatı haqqında qanunvericiliyin tələbinə görə isə həmin fərdi yaşayış yaşayış evi üzrə hesablanmış borcun ödənilməməsi su təminatının dayandırılmasına səbəb ola bilər. Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətinə əvəzli qaydada deyil, miras əmlak şəklində əvəzsiz qaydada keçmişdir. Bu isə həm əvvəlki mülkiyyəçinin ölməsinə, həm də əmlakın əvvəzsiz qaydada onun mülkiyyətinə keçməsinə görə İddiaçı kommunal borcun ödənilməsi ilə əlaqədar əvvəlki mülkiyyətçiyə qarşı reqress iddia hüququnu istisna edir. Qeyd olunan səbəblərdən İddiaçı M.M.Hüseynovdan onun mülkiyyətinə keçmiş Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evinə su təminatı ilə əlaqədar hesablanmış borcun silinməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Digər tərəfdən «Sudan istifadə Qaydaları»nın 2.1.9.2-ci bəndin tələbi baxımından Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evi su ilə təmin edildiyi və təmin edilmiş suya görə ödəniş edilmədiyi halda həmin evin su təminatının dayandırılması STKM-nın vəzifəsi olmuşdur. Lakin cavabdehin nümayəndəsi 2011-ci ildən 15 avqust 2023-cü ilədək ötən 12 il müddətdə su ilə təmin olunduğu və suya görə ödəniş edilmədiyi təqdirdə Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evinə hansı səbəbdən suyun verilməsinin davam etdirilməsini izah edə bilməmiş, bununla belə iddiaçının suyun verilməməsinə görə əvvəllər etiraz etməməsini öz etirazının əsası kimi göstərmişdir. Buna görə də cavabdehin iddia tələbinə qeyd olunan etirazı ağlabatan mühakimə deyildir. Həmçinin cavabdehin nümayəndəsi Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evinə su təminatı ilə əlaqədar hesablanmış borcun əsaslı olduğunu bildirsə də, həmin evin su ilə təmin edilməsini və nəhayət həmin borcun əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evi 2011-ci ildən 15 avqust 2023-cü ilədək su ilə təmin olunmamış, qeyd olunan hal məhkəmədə iddiaçının izahatı, habelə məhkəmədə şahid qismində dindirilmiş X6 və X4 ifadələri ilə öz təsdiqini tapmışdır. Bununla da iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona sudan istifadəyə görə 529 manat 74 qəpik məbləğində hesablanmış borcun əsassız olmasını sübuta yetirmiş, lakin cavabdeh öz etirazının əsası kimi iddiaçının təqsirli hərəkətləri nəticəsində ona maddi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən Gəncə şəhəri, Şota Rustavelli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə hesablanmış 529 manat 74 qəpik məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən Gəncə şəhəri, Şota Rustavelli küçəsi, 1-ci dalanda yerləşən 10 nömrəli fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə hesablanmış 529 (beş yüz iyirmi doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində borc silinsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5909/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5909/2023
17.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver