Məhkəmə qərarları › İş №2(125)-6069/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6069/2023

01.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6069/2023 01.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı «sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilinə dair cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2.956 manat 20 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi İ.Q.Cəfərova məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 2013-cü ildə qeyd edilən ünvana "xxxx" ASC-nin rəsmi formasını geyinmiş Mehdi və Natiq adlı şəxs gəlmiş, güclü şaxta səbəbilə sayğac partladığı üçün sayğacı çıxarıb, sayğacın su borusu xəttinə birləşmiş hissəsini bağlamışlar. 2015-ci ildə yeni su sayğacı quraşdırılmış, lakin həmin sayğac işləmədiyinə görə «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşları dərhal sayğacı söküb aparmışlar. Bundan sonra yalnız xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyətində olan mənzilə gedən su borusunun üzərində yeni su sayğacı quraşdırılmışdır. Hazırda da İddiaçı həmin sayğac hesabına sudan istifadə edir və həmin sayğac əsasında ödənişlər aparır. Bu müddət ərzində su borcu barədə heç bir bildiriş almamışdır. xx.xx.2023-cü il tarixdə isə İddiaçı özü «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə yaxınlaşmış və su borcu barədə bildirişin nə səbəbə gəlməməsi ilə maraqlanmışdır. İddiaçı hazırda sayğacda 150 manat məbləğində su sərfiyyatına görə borcu yarandığını bildirmişlər. Bundan sonra İddiaçı 50 manat məbləğində ödəniş etmiş, qalan məbləği isə daha sonra ödəyəcəyini düşünmüşdür. Lakin bir müddət keçdikdən sonra ona bildiriş gəlmiş və bildirişdə su sərfiyyatına görə 2.956 manat 20 qəpik məbləğində borc yarandığı bildirilmişdir. Bu isə ağlasığmaz və şişirdilmiş məbləğdir. Çünki sözügedən mənzildə «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin tələb etdiyi qədər suyun işlənməsi və sözügedən məbləğdə borcun yaranması mümkün deyildir. Belə ki, həmin borc hər hansı iaşə obyektinə, qeyri-yaşayış sahəsinə deyil, fərdi yaşayış üçün nəzərdə tutulan mənzilə hesablanmışdır. Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilə gedən su borusunun üzərində quraşdırılmış sayğac çoxmənzilli binanın nərdivan qəfəsində yerləşir. Sözügedən mənzildə isə 2013-cü il tarixdən 2022-ci il tarixə qədər sayğac quraşdırılmamışdır, bu isə iddiaçının təqsirindən irəli gəlir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan səbəbdən İddiaçı əsassız hesablanmış 2.956 manat 20 qəpik məbləğində borc tamamilə qanunsuz və əsassızdır, həmin borc silinməlidir. Sonda İ.Q.Cəfərova iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi A.C.Rəhimov məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçılə 2005-ci ildə su təhcizatı haqqında müqavilə imzalanmış və Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilə gedən su borusunun üzərində su sayğacı quraşdırılmaqla, həmin mənzil su ilə təchiz edilmişdir. Lakin bir sayğac 2013-cü ildə və həmin tarixdən sonra quraşdırılmış digər sayğac isə 2015-ci ildə naməlum şəraitdə yoxa çıxmışdır. Sonuncu dəfə isə 23 avqust 2022-ci il tarixdə Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilə gedən su borusunun üzərində sayğac quraşdırılmışdır. Önödənişli sayğaclarda abonent özü qabaqcadan ödəniş aparmaqla sudan istifadə etdiyinə görə bu tipli sayğaclardan istifadə edən abonentlərə hesab-faktura təqdim edilə bilmir. İddiaçı mənzilinə gedən su borusunun üzərində quraşdırılmış su sayğacları da ön ödənişli olduğuna görə İddiaçı hesab-faktura təqdim edilməsi mümkün olmamışdır. 23 avqust 2022-ci il tarixdə su sayğacının quraşdırılmasında sonra orta mənzildə aylıq orta su sərfiyyatı ödənişlər aparılmamış ayların sayına vurulmuş və İddiaçı ödənilməmiş borcu tapılmışdır. İddiaçı isə 30 mart 2016-cı il tarixdən 23 avqust 2022-ci il tarixədək sudan istifadəyə görə heç bir borc ödəməmişdir. Bundan başqa, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilinə gedən su borusunun üzərində quraşdırılmış sayğac çoxmənzilli binanın nərdivan qəfəsində yerləşir. Sonda A.C.Rəhimov iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, işdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilində X2 qeydiyyatdadır və həmin mənzildə qeydiyyatda başqa heç kim yoxdur. İş materiallarında olan abonent kodu **********100 kimi qeyd edilən İddiaçı məxsus abonent kartından və ətraflı abonent kartından görünür ki, **********100 abonent kodu Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilində sudan istifadə ilə əlaqədar İddiaçı məxsusdur. Həmin mənzilə gedən su borusunun üzərində su sayğacı 07 noyabr 2013-cü il tarixdə quraşdırılmış 30 mart 2016-cı il tarixdə sökülmüş; 30 mart 2016-cı il tarixdə su sayğacı quraşdırılmış, 23 avqust 2022-ci il tarixdə sökülmüş və 23 avqust 2022-ci il tarixdə yeni su sayğacı quraşdırılmışdır. 2017-ci ilin yanvar ayından 23 avqust 2023-cü il tarixədək sudan istifadəyə və çirkab sularının axıdılmasına görə İddiaçı 2.956 manat 20 qəpik məbləğində borc hesablanmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilində sudan istifadə ilə əlaqədar «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin abonentidir və abonent kodu **********100-dır. Həmin mənzildə X2 qeydiyyatdadır və başqa heç kim qeydiyyatda yoxdur. Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilinə gedən su borusunun üzərində su sayğacı 07 noyabr 2013-cü il tarixdə quraşdırılmış, 30 mart 2016-cı il tarixdə sökülmüş; 30 mart 2016-cı il tarixdə su sayğacı quraşdırılmış 23 avqust 2022-ci il tarixdə sökülmüş və 23 avqust 2022ci il tarixdə yeni su sayğacı quraşdırılmışdır. 2017-ci ilin yanvar ayından 23 avqust 2023-cü il tarixədək sudan istifadəyə və çirkab sularının axıdılmasına görə İddiaçı 2.956 manat 20 qəpik məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 6.16 və 6.17-ci bəndlərinə görə su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Digər tərəfdən Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilinə çəkilmiş su borusunun üzərində quraşdırılmış sayğac pilləkən qəfəsində yerləşir və həmin sayğaca İddiaçı mütəmadi olaraq nəzarət etməsi mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları» ilə müəyyənləşdirilmiş tələblərə görə həmin sayğacın işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi STKM-in vəzifəsidir. Buna görə də onun işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 2.1.7 və 2.1.8-ci bəndlərinə görə STKM-in vəzifələrinə istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək daxildir. Həmin Qaydaların 6.4-cü bəndinə görə yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə görə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirli olmadığı hərəkətlərə və ya hərəkətsizliyə görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir, həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona sudan istifadəyə görə 2.956 manat 20 qəpik məbləğində hesablanmış borcun qismən əsassız olmasını sübuta yetirsə də, cavabdeh öz etirazının əsası kimi iddiaçının təqsirli hərəkətləri nəticəsində ona maddi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilinə çəkilmiş su borusunun üzərində quraşdırılmış suölçən cihaz çoxmənzilli binanın pilləkən qəfəsində quraşdırıldığına görə Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 6.4-cü bəndinə uyğun olaraq, onun işlək vəziyyətdə saxlanılması, o cümlədən üzərindəki plombların toxunulmazlığına nəzarət STKM-nin vəzifəsi olmuşdur. Lakin həmin cihazın işlək olmaması ilə əlaqədar 2017-ci ilin yanvar ayından 23 avqust 2023-cü il tarixədək sudan istifadəyə və çirkab sularının axıdılmasına görə İddiaçı 2.956 manat 20 qəpik məbləğində borc hesablanmışdır. Halbuki, suölçən cihaz işlək vəziyyətdə olmadıqda sudan istifadə və çirkab sularının axıdılmasına görə borc mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun hesablanmalıdır. Hazırki halda isə Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilində bir nəfər qeydiyyatdadır və bir nəfərə görə 2017-ci ilin yanvar ayından 2023-cü il tarixədək 68 ay ərzində sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə ödənilməli məbləğ 2.956 manat 20 qəpik deyil, 39 manat 60 qəpikdir (48 ay x 0,45 qəpik + 20 ay x 0,90 qəpik). Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli Qərarından görünür ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli «Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə» Qərarında aşağıdakı dəyişiklik edilmişdir: Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş cədvəlin 1.1.1-ci sətrində «0,35» rəqəmi «0,70» rəqəmi ilə, 1.1.2-ci sətrində «0,30» rəqəmi «0,60» rəqəmi ilə, 2.1-ci sətrində «0,15» rəqəmi «0,30» rəqəmi ilə əvəz edilmiş, Qərarın 1-2-ci hissəsində «0,50» rəqəmi «1,00» rəqəmi ilə, «0,45» rəqəmi, «0,90» rəqəmi ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası "xxxx" açıq səhmdar cəmiyyətinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzili üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı borc kimi hesablanmış 2.916 manat 60 qəpik məbləğ silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası "xxxx" açıq səhmdar cəmiyyətinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzili üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı hesablanmış 2.916 (iki min doqquz yüz on altı) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar