Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6078/2025 06.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) qarşı mülkiyyətində olan ünvan 1 ünvanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin həyətə açılan pəncərələrinin qarşısında olan dəmir konstruksiyadan ibarət, saxlanc yeri kimi istifadə edilən özbaşına tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 43 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan əmlakın iki pəncərəsinin qarşısı Cavabdeh1 və Cavabdeh2 tərəfindən dəmir konstruksiyalarla özbaşına bağlanaraq saxlanc yeri kimi istifadə edilir. Həmin qanunsuz tikili iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, natəmizlik yaradır və qeyri-estetik görüntü formalaşdırır. İddiaçı Gəncə şəhəri, Heydər Əliyev prospekti, 43 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 2022-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında alarkən, mübahisə predmeti olan özbaşına tikili mövcud olmuşdur. Qeyd olunan hal İddiaçı mülkiyyətinə xələl gətirir. Belə ki, dəmir konstruksiyalar zaman keçdikdə çürüyür bu isə pis qoxu ilə yanaşı, həm də pis görüntüyə səbəb olur. İddiaçı dəfələrlə Cavabdeh1 və Cavabdeh2 ilə həmin tikilinin sökülməsinə dair razılıq əldə etməyə çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisələdirilən tikilini 2018-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən satın almış və həmin vaxt dəmir konstruksiyadan düzəldilmiş qeyri-yaşayış sahəsi hazırki yerində olmuşdur. İddiaçı Gəncə şəhəri, Heydər Əliyev prospekti, 43 ünvanında yerləşən qeyriyaşayış sahəsini 2022-ci ilin yay aylarında əldə etmiş və İddiaçı həmin əmlakı əldə edərkən hazırda mübahisə predmeti olan əmlak qeyd olunan pəncərələrin qarşısında yerləşmişdir. Qeyd olunan tikilidən İddiaçı özü də onun icazəsi ilə istifadə etmişdir. Sonda İddiaçı iddianın əsassız olduğunu bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianın əsassız olduğunu bildirərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə iddianın əsassız olduğunu bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin ediləməlidir. Belə ki, işdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********526-05101-083003 reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 43 ünvanında yerləşən qeyriyaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, **********36-05101-093001 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X5 xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-12036/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20 nömrəli İcarəyə verilmiş əmlakın alğı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, ev 43 ünvanında yerləşən 191.0 kv.m qeyri-yaşayış sahəsi X2, ona xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********36-05101-083004 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-514 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən, qeyri-yaşayış sahəsi İddiaçı satılmış, ona xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26-05101- 083003 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan SSR Kirovabad şəhər zəhmətkeş deputatları Soveti Mənzil İdarəsinin xx.xx.1964-cü il tarixli 542 nömrəli orderi; Azərbaycan SSR XDS İK-nin xx.xx.1991-ci il tarixli 02-69/U nömrəli icazə sənədi; AR Gəncə şəhəri İH MKTİB 5 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2006-cı il tarixli No77 Forma 2 arayışı, Gəncə şəhər 7-ci Dövlət notariat kontorunda xx.xx.2006-cı il tarixdə 7E-5-2026 reyestr nömrə ilə, xx.xx.2006-cı il tarixdə 7E-5-2503, 7E-5-2504, 7E-5-2505, 7E-5-2506 reyestr nömrə ilə, xx.xx.2006-cı il tarixdə 7E-6-2535 reyestr nömrə ilə təsdiq edilmiş razılıq ərizələrinə əsasən, ünvan 4 ünvanında yerləşən, 3 nömrəli mənzil X3 adına özəlləşmiş, ona xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********36-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 2-ci Dövlət notariat kontorunun Dövlət notariusu tərəfindən xx.xx.2011-ci il tarixdə 2V-1-57 reyestr nömrə ilə təsdiq edilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»-yə əsasən, mənzil X4 adına keçmiş, ona, mənzilə dair ünvan 5 ünvanı ilə xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********36-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2018-ci il tarixdə 4Ə- 2468 reyestr nömrə ilə təsdiq edilmiş «Daşınmaz əmlakın alğı-satqı müqaviləs»-nə əsasən, mənzil X1, ona xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********36- 05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-21-3-33/2-294/2026 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanının qarşısında, Cavabdeh1 faktiki istifadəsində olan 38.0 kv.m və Cavabdeh2 faktiki istifadə olan 38.0 kv.m torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) dövlət mülkiyyəti olaraq göstərilmişdir. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi üzərində, elektron baza məlumatlarına əsasən, dövlət qeydiyyatına alınmış, mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənəd aşkarlanmadı. Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 43 ünvanının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin həyətə açılan pəncərələrinin qarşısında olan tikili barədə, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) hər hansı məlumat qeyd olunmamışdır. Mübahisəli tikili üzərində, elektron baza məlumatlarına əsasən, dövlət qeydiyyatına alınmış, mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənəd aşkarlanmadı. **********26-05101-083003 reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan qeyri yaşayış sahəsinin (ünvan 6 ünvanının birinci mərtəbəsi) həyətə açılan pəncərələrinin qarşısında olan tikilinin, həmin qeyri yaşayayış sahəsindən istifadəyə mane olub- olmaması və söküləcəyi təqdirdə hansı hissədən sökülməsi barədə mütəxəssis rəyi verilməsi, səlahiyyətərimizə aid deyildir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospekti, 43 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edərkən, hazırda mübahisə predmeti olan metaldan hazırlanmış qeyi-yaşayış sahəsi mövcud olmuşdur. Qeyd olunan xüsusat iddiaçının nümayəndəsinin (vəkilinin) izahatı ilə təsbit edilmişdir. İddiaçı Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) qarşı mülkiyyətində olan ünvan 1 ünvanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin həyətə açılan pəncərələrinin qarşısında olan dəmir konstruksiyadan ibarət, saxlanc yeri kimi istifadə edilən özbaşına tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə müstəqil tələb irəli sürməyən üçün şəxsin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməmiş, iddiaya etirazlarının əsası kimi İddiaçı Gəncə şəhəri, Heydər Əliyev prospekti, 43 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edərkən mübahisə predmeti olan tikilinin mövcud olması ilə əsaslandırmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 166.3-cü maddəsinə görə yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktiki sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Yuxarda qeyd edilənlərlə yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.2-ci maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əgər torpaq sahəsinin mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 181.3-cü maddəsinə görə şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi daşınmaz əmlak, eləcə də torpaq sahəsi üzərində mülkiyyət və əmlak hüquqları yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra həmin əmlaka hüquqların pozulmaqdan müdafiəsinə dövlət tərəfindən təminat verilir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinin tələbi baxımından torpaq sahəsinən faktiki sahibliyi həyata keçirən mülkiyyətçi olmayan şəxs sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Qeyd olunan xüsusat faktik sahibin sahibliyin hüquqlarının müdafiəsinə əsas verməklə, mülkiyyətçinin hüquqlarından məhdud şəkildə olsa da onun hüquqlarının müdafiəsini təmin edir və kənar təsirdən qoruyur. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdıran xx.xx.2025-ci il tarixli 2(102)-1870/2025 nömrəli qərarında da oxşar hüquqi mövqe ifadə olunmuşdur. Həmçinin mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri, Heydər Əliyev prospekti, 43 ünvanında yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən alarkən sözügedən tikili mövcud olmuş, İddiaçı qeyri-yaşayış sahəsini hazırda mövcud olduğu vəziyyətdə almışdır. Həmçinin qeyri-yaşayış sahəsini əldə etdikdən sonra keçən müddət ərzində də mübahisə predmeti olan tikilinin qanuniliyini mübahisələndirməmişdir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6078/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6078/2025
06.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver