Məhkəmə qərarları › İş №2(125)-6112/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6112/2024

18.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6112/2024 18.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək onun doğum haqqında şəhadətnaməsində ana qrafasında X4, ölüm haqqında şəhadətnamədə X1, Xocalı şəhidləri siyahısında Allahverdiyeva Kifayət (ata adı qeyd edilməyib) kimi qeyd edilən hüquqmüəyyənedici sənədlərin onun anasına, yəni eyni şəxsə məxsus olması faktının müəyyən edilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxxxx 1965-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunun Əzizli kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə atası X6, anası X2 qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə anasının adı Simizar kimi yazılmasına baxmayaraq anasını kənd əhalisi “dərzi Kifayət” kimi tanımışlar. Anası nəinki öz kəndlərində, eyni zamanda rayonda da məşhur dərzi kimi hörmət qazanmışdır. 1988-ci ildə Azərbaycanlıların Ermənistandan deportasiya edildiyi vaxt anasıgil Gəncə şəhərində onun yaşadığı ünvana gəlmişlər. Ancaq anası bir müddət onun yanında qaldıqdan sonra qohumlarının dəvəti ilə Şuşa şəhərinə getmək qərarına gəlmişdir. Səbəb kimi anası aran iqlimində darıxdığını bildirmişdir. Şuşada məskunlaşdıqdan sonra Xocalı şəhərində Ermənistandan olan qaçqınlar üçün yeni inşa edilmiş binalarda anasıgilə də mənzil verilmiş və onlar da Xocalıda məskunlaşmışlar. Daim onları ziyarət etmiş və maksimum dərəcədə onların qayğısına qalmışdır. Ancaq 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ermənilər tərəfindən məlum soyqırım aktı törədilərkən anası da güllə yarası alaraq şəhid olmuşdur. Anasının 26 fevral 1992-ci il tarixdə ermənilər tərəfindən törədilən soyqırım zamanı şəhid olması faktı ölüm haqqında akt qeydləri kitabında 02 mart 1994-cü il tarixdə 16-B nömrəsi ilə qeyd edilmişdir. Təəssüf ki, ölüm haqqında şəhadətnamə yazılarkən anasının adı özünün ilkin sənədləri olmadığına görə Allahverdiyeva (anasının sonra ərə getdiyi şəxsin soyadıdır) Simuzər Hüseynalı qızı kimi yazılmışdır. Cəmiyyət arasında Kifayət kimi, onun doğum haqqında şəhadətnaməsində Simizar kimi, ölüm haqqında şəhadətnamədə isə Simuzər kimi qeyd olunan şəxs eyni adamdır və onun anasıdır. Hətta anasını tanıyan insanların heç biri anasının hüquqmüəyyənedici sənədində Simizar olmasını bilmirdilər. Hamı onu Kifayət kimi tanıyır və Kifayət deyə müraciət edirdilər. Bu barədə onun kifayət qədər şahidləri var, şahidlər onu, onun valideynlərini və digər qohumlarını çox yaxşı tanıyırlar. Həmin şəxslər də Ermənistanda onunla həmkəndli idilər. Ona görə də Xocalı şəhidləri kitabında anasının adı Kifayət kimi qeyd edilmişdir. Anasının ölüm haqqında şəhadətnaməsində olan yanlışlığın düzəldilməsi barədə 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə etdiyi müraciətin icrasından imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət edərək onun doğum haqqında şəhadətnaməsində, anasının ölüm haqqında şəhadətnaməsində göstərilən ad, soyad və ata adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işə baxılmasını xahiş etmişdir. Bu faktın müəyyən edilməsi ona şəhid ailəsi statusu alması üçün və digər hüquqi əhəmiyyətli əməliyyatları apara bilməsi üçün lazımdır. Yuxarıda qeyd edilənlərdən və qanunvericiliyin normalarından da göründüyü kimi, o anasının sənədlərinin əslini başqa qaydada ala bilmir, eyni zamanda onun sənədlərinin bərpası mümkün olmadığından hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən edilməsi barədə müraciət edir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizənin məzmunundan da göründüyü kimi, ərizəçi onun doğum haqqında şəhadətnaməsində ana qrafasında X4, ölüm haqqında şəhadətnamədə X1, Xocalı şəhidləri siyahısında Allahverdiyeva Kifayət (ata adı qeyd edilməyib) qeyd edilən hüquqmüəyyənedici sənədlərin onun anasına, yəni eyni şəxsə məxsus olması faktının müəyyən edilməsini xahiş edir, yəni tələb müvafiq akt qeydlərində, eləcə də sözügedən siyahıda dəyişiklik edilməsi ilə bağlıdır. Bundan ötrü ərizəçi tələbini MPM-nin 307.2.5-ci maddəsi ilə əsaslandırmışdır. MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən müddəadan da görünür ki, məhkəmə həmin norma əsasında hüquq müəyyənedici sənədlərlə şəxsiyyəti təsdiq edən sənəddə onun adı, ata adı və soyadı arasında uyğunsuzluq olduqda, məhz hüquq müəyyənedici sənədlərin eyni şəxsə məxsus olması barədə hüquqi faktı müəyyən edə bilər. Şəxsin adı, soyadı, ata adındakı yanlışlıqların hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi isə MPM-in 307-ci maddəsində nəzərdə tutulmamışdır. MPM-in 307.1-ci maddəsi tələb edir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin, anasının adının inzibati orqan tərəfindən verilən sənədlərdə, eləcə də Xocalı şəhidləri siyahısında düzgün yazılmaması isə onun hər hansı əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsindən asılı olan faktlarla bağlı olmamaqla, əslində akt qeydindəki yanlışlıqların aradan qaldırılması ilə əlaqədardır ki, bundan ötrü ərizəçi yanlışlıqların aradan qaldırılması ilə bağlı müvafiq inzibati orqana, onların hərəkətlərindən (hərəkətsizliyindən) isə inzibati məhkəməyə müraciət etməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi sözügedən sənədlərə düzəliş edilməsi ilə bağlı ilk öncə 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etməli, sonuncu tərəfindən imtina ilə bağlı hərəkətlərindən isə inzibati məhkəməyə müraciət etməlidir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin anasının adının Xocalı şəhidləri siyahısında düzgün yazılmaması barədə həmin sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması iş materiallarından görünmür. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati qaydaya riayət etməklə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar