Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6130/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxsnin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs “Azərbaycan Texnologiya Universiteti) “mediasiya prosesində bağlanmış “əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi (maraqlı şəxs “Azərbaycan Texnologiya Universiteti) “mediasiya prosesində bağlanmış “əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Texnologiya Universitetinin 18 sentyabr 2024-cü il tarixli 400 nömrəli əmrinin ləğv edilməsinə, onun əvvəlki işinə, Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik şöbəsinin müdiri vəzifəsinə bərpa olunmasına dair barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunun Kirovabad filialında (Azərbaycan Texnologiya Universitetində) hazırlıq şöbəsində 0,5 ştat mühasib vəzifəsində işləmişdir. 18 sentyabr 2024-cü il tarixli 400 nömrəli əmr əsasında işdən çıxarılmışdır. İşdən çıxarılmasını qanunsuz və əsassız hesab edir. Onun işdən çıxarılma səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qoyulmuşdur. Belə ki, həmin bənddə göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilir. Həmin bənddə göstərilənlərə heç bir əsas olmamışdır və əmr qanunsuzdur. Həmin dövrə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tövsiyyə vərəqəsini ərizəsinə əlavə edir. Bununla bağlı qarşı tərəflə Mediasiya Şurasında barışıq sazişi bağlamışlar. Lakin qarşı tərəf bağlanmış sazişi icra etməkdən boyun qaçırır. Qeyd etdiklərindən də göründüyü kimi Azərbaycan Texnologiya Universiteti onu qanunsuz olaraq işdən azad etmiş və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə isə Əmək Məcəlləsinin tələblərinə düzgün əməl etməmişdir. Azərbaycan Texnologiya Universiteti rəhbərliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbini pozaraq işdən çıxarılması barədə əmrdə Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndini göstərməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, 45 ildir ki, Azərbaycan Texnologiya Universitetində işləmişdir. Maraqlı şəxsin onun işdən azad edilməsi barədə 18 sentyabr 2024-cü il tarixli, 400 nömrəli əmri qanunsuz və əsassızdır. O, heç bir pozuntuya yol verməmişdir. İşdən çıxarılan ərəfədə isə o, xəstəliyi ilə bağlı işə gəlməmişdir. Ona görə də əmr ləğv edilməlidir. Maraqlı şəxslə onun arasında işə bərpa olunması barədə 05 oktyabr 2024-cü il tarixdə barışıq sazişi bağlamışlar. Lakin, maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmiş və barışıq sazişinin şərtlərini pozmuşdur. Belə ki, onlar bunun üçün məhkəmə qətnaməsinin olmasının zəruri olduğunu vurğulamışlar. Odur ki, ərizənin təmin edilməsini və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxsnin etibarnamə üzrə nümayəndəsi X4 ərizəni qəbul edərək izahatında bildirdi ki, Ərizəçi ilə Azərbaycan Texnologiya Universiteti arasında 05 oktyabr 2024-cü tarixdə hazırkı mübahisənin həllinə dair barışıq sazişi bağlanmışdır. Lakin mübahisəli sazişlə Ərizəçi işə bərpası texniki cəhətdən mümkün deyildir. Belə ki, işəgötürənin öz əmrini ləğv etməsi ilə bağlı sistemdə heç bir qeyd yoxdur. Bunun üçün məhkəmə qərarının olması tələb olunur. Odur ki, həmin barışıq sazişinin təsdiq edilməsinə etiraz edilmir və ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti 18 sentyabr 2024-cü il tarixli, 400 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Azərbaycan Texnologiya Universiteti Hərbi səfərbərlik şöbəsinin müdiri Ərizəçi əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xx.xx.2024-cü il tarixindən tutduğu vəzifəsindən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir. 05 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti ilə Ərizəçi arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər birinci tərəf Ərizəçi və ikinci tərəf Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universitetinin nümayəndəsi X4 “işə bərpa” tələblərini mediator X1 iştirakı ilə keçirilən X5 aşağıdakı qaydada həll etməyə razılıq vermişlər: 1. İkinci tərəf Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti birinci tərəf Ərizəçi barəsində olan 18 sentyabr 2024-cü il tarixli, 400 saylı əmri ləğv etmək və Ərizəçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universitetinin Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsinə xx.xx.2024-cü il tarixinədək bərpa etməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Beləliklə məhkəmənin qənaətinə əsasən Ərizəçi ərizəsi təmin edilməli və Ərizəçi və Maraqlı şəxs arasında 05 oktyabr 2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir. Sazişə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti Ərizəçi barəsində olan 18 sentyabr 2024-cü il tarixli, 400 saylı əmri ləğv etməli və Ərizəçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universitetinin Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsinə işə bərpa etməyi öz öhdəsinə götürməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında 05 oktyabr 2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilsin. Sazişə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti Ərizəçi barəsində olan 18 sentyabr 2024-cü il tarixli, 400 saylı əmri ləğv etməli və Ərizəçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universitetinin Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsinə işə bərpa etməyi öz öhdəsinə götürməlidir. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6130/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6130/2024
28.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver