Məhkəmə qərarları › İş №2(125)-6131/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6131/2023

04.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6131/2023 04.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Abdullayeva (Məmmədova) Səfanə Nazim qızının cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı “sudan istifadə borcu kimi göstərilmiş məbləğin əsassız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Abdullayeva (Məmmədova) Səfanə Nazim qızı cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı “sudan istifadə borcu kimi göstərilmiş məbləğin əsassız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin üstünə yazdığı 836,4 manat su borcunun əsasız olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmənin birinci çağırışına heç bir üzrlü səbəblər göstərmədən gəlməmiş, eyni zamanda iddiaçı onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 işə mahiyyəti üzrə baxılmasını tələb etməməklə yanaşı, iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmənin birinci çağırışına gəlmədiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməklə yanaşı, iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə onu da qeyd etməyi lazım bilir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əsli lazımi qaydada təsdiq olunmamış, etibarnamənin kserosurətini əlavə etmişdir. Həmin etibarnamədə İddiaçı ona məxsus əmlakı idarə etməyi və onu dövlət orqanlarında təmsil etməyi Nümayəndə həvalə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 19-cu maddəsinin qeyd hissəsinə görə bu məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iş materiallarında əlavə edilən etibarnamə lazımi qaydada təsdiq edilmədiyindən, etibarnamədə etibar edilən şəxs iddiaçının yaxın qohumu olması barədə məhkəməyə hər hansı sənəd təqdim etmədiyindən, eyni zamanda iddiaçı tərəfindən etibar edilən şəxsə MPM-in 74-cü maddəsində göstərilən səlahiyyətlər verilmədiyindən etibar edilən Nümayəndə İddiaçı nümayəndəsi kimi məhkəmədə iştirak edə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Abdullayeva (Məmmədova) Səfanə Nazim qızının cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı “sudan istifadə borcu kimi göstərilmiş məbləğin əsassız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar