Məhkəmə qərarları › İş №2(125)-618/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-618/2025

03.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-618/2025 03.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı cavabdeh tərəfindən ünvan 1 ünvanında dair elektrik enerjisindən istifadə görə əsassız olaraq hesablanmış 1.698 manat 54 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Rüzgar Qasımov küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Lakin xx.xx.2008-ci il tarixdə baş vermiş yanğın səbəbi ilə həmin ev tamamilə istifadə yararsız hala gəlmişdir. Həmin ev hal hazırki tarixədək yararsız vəziyyətdədir və orada yaşayış yoxdur. Lakin xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Qərb RETSİ-nin əməkdaşları ünvan 1 ünvanına baxış keçirmiş və sayğacdan kənar xətt aşkar edildiyini müəyyən etdiklərini qeyd etmişlər. Bununla bağlı 215001 nömrəli akt tərtib edilmiş və akt əsasında 1.698 manat 54 qəpik borc hesablandığı sonradan ona məlum olmuşdur. Belə ki, sözügedən fərdi yaşayış evi ona mərhum atası X3 miras qalmışdır. Hazırda mübahisələndirilən aktda da nə mərhum atasının, nə də hal şahidlərinin imzası yoxdur. Buna görə də uzun müddətdir ki, yaşaış olmayan və istifadəyə yararsız hesab olunan evə dair cavabdeh tərəfindən 1.698 manat 54 qəpik məbləğində borcun hesablanması əsassızdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları hal-hazırda İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə kənar elektrik xəttinin çəkildiyini aşkar etmişlər. Belə ki, həmin ünvan 2007-2008-ci illər ərzində iddiaçının mərhum atasına məxsus olmuşdur. Bununla yanaşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.2020-ci il tarixdə «smart» tipli sayğac quraşdırılmış, xx.xx.2020-ci il tarixdə 5 manat və xx.xx.2020-ci il tarixdə isə 5 manat ödəniş həyata keçirilmişdir. Sözügedən aktda qeyd olunan xüsusatlar həqiqidir və yoxlamanın nəticələrini özündə əks etdidir. X1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini, şahid ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, X6 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır və İddiaçı onun qonşusudur. İddiaçı 2008-ci ilin sonlarında yaşadığı ünvanda yanğın baş verdikdən sonra başqa ünvana köçmüşdür. Həmin tarixdən sonra İddiaçı yaşadığı ünvanda heç kim yaşamamışdır. O, yanğından sonra İddiaçı yaşadığı ünvana baxmış, həqiqətən də fərdi yaşayış evinin yandığını və yaşayış üçün əlverişsiz vəziyyətdə olduğunu görmüşdür. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********70-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2008-ci il tarixli yanğın haqqında aktın surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanında yanğın hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli "xxxx" ASC-nin «Qərb» RETSİ-nin AKT komissiyasının sədrinin icra vərəqinin surətindən görünür ki, **********86005 nömrəli abonet kodlu istehlakçıya 0,9 kvt x 24s x 0,7 x 240g düstur əsasında 307 manat 19 qəpik borcu təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 215001 nömrəli aktın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri reyd zamanı ünvan 3 ünvanında fərdi yaşayış evinə baxış keçirərkən abonentin elektrik sayğacından kənar xətt götürərək işlətdiyi aşkar edilmişdir.Abonent borcu olan zaman yenə sayğacdan kənar xətt çəkilmişdir. İşdə olan «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş **********00 abonent saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 2009-cu ildən 2024-cü il tarixədək təbii qazdan istifadə edilməmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 034945 nömrəli aktın surətindən görünür ki, "xxxx" ASC tərəfindən yoxlama zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunmuşdur ki, sayğac sistemdən çıxarılmış və kənar xətt vasitəsi ilə işlədilmiş və birbaşa şəbəkəyə qoşulmuşdur. İşdə olan xx.xx.2016-ci il tarixli "xxxx" ASC-nin «Qərb» RETSİ-nin AKT komissiyasının sədrinin icra vərəqinin surətindən görünür ki, **********86005 nömrəli abonet kodlu istehlakçıya 2,4 kvt x 12s x 334g düstur əsasında 639 manat 59 qəpik məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 189296 nömrəli aktın surətindən görünür ki, "xxxx" ASC tərəfindən yoxlama zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğacın alt qapağının möhürü yoxdur, giriş kabeli zədələnib, birbaşa kənar xətt çəkilib. Abonent evdə olarkən qapını açmamışdır. İşdə olan xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin «Qərb» RETSİ-nin AKT komissiyasının sədrinin icra vərəqinin surətindən görünür ki, **********86005 nömrəli abonet kodlu istehlakçıya 2,2 kvt x 24s x 0,7 x 365g düstur əsasında 1.337 manat 90 qəpik borcu təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********86005 abunə kodlu abunə haqqında borca dair arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair elektrik enerjisindən istifadəyə görə xx.xx.2016-cı il tarixdə 639 manat 59 qəpik, xx.xx.2021-ci il tarixdə 1.599 manat 54 qəpik, xx.xx.2021-ci il tarixdə 146 manat 19 qəpik, cəmi 2.385 manat 32 qəpik məbləğində borc hesablanmışdır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş foto-şəkillərdən və videoqeydlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi istifadə üçün yararsız vəziyyətdədir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Rüzigar Qasımov küçəsində yerləşən 13 nömrəli yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evinin elektrik təhcizatı "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Lakin xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri, Rüzgar Qasımov küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evində yanğın hadisəsi baş vermiş və həmin fərdi yaşayış evi istifadə üçün yarasız vəziyyətə düşümüşdür. Bundan sonra "xxxx" ASC tərəfindən tərəfindən xx.xx.2016-cı il tarixli 034945 nömrəli, xx.xx.2020-ci il tarixli 189296 nömrəli və xx.xx.2021-ci il tarixli 215001 nömrəli aktlar tərtib edilərək, həmin aktlarda abonentin kənar xətdən istifadə etdiyinin aşkar olunduğu qeyd edilmişdir. İddiaçı "xxxx" ASC-yə qarşı cavabdeh tərəfindən ünvan 1 ünvanında dair elektrik enerjisindən istifadə görə əsassız olaraq hesablanmış 1.698 manat 54 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.8-ci bəndinə görə enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 10.18.9-2-ci bəndinə görə elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Həmin Qaydaların 9.13.1-3-cü bəndlərinə görə istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır. Həmin Qaydaların 9.13-1-ci bəndinə görə elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də elektrik enerjisindən qanunsuz istifadə etmə halları aşkar edilməmiş, yaxud "xxxx" ASC həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən Gəncə şəhəri, Rüzigar Qasımov küçəsində yerləşən 13 nömrəli yerləşən fərdi yaşayış evində elektrik enerjisindən qanunsuz istifadə ilə əlaqədar ilk aktın xx.xx.2016-cı il tarixdə tərtib edilməsindən sonrakı aktın xx.xx.2020-ci il tarixdə tərtib edildiyi vaxtadək ötən 4 il müddət ərzində hesablanmış borc ödənilmədiyi təqdirdə enerjinin verilməsi dayandırılmamış, bunun əksinə elektrik enerjisi təchizatı davam etdirilərək, 2020-ci il tarixdə sayğac dəyişdirilmişdir. Həmin hal isə ağlabatan mühakiməyə əsaslanmır. Bundan başqa, İddiaçı məhkəməyə təqdim etdiyi X8 Yanğın Nəzarət İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli aktla, şahid qismində dindirilmiş X4 ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş video qeydlər və fotoşəkillərlə Gəncə şəhəri, Rüzigar Qasımov küçəsində yerləşən 13 nömrəli yerləşən fərdi yaşayış evinin xx.xx.2008-ci il tarixdə yandığı və həmin tarixdən sonra orada yaşayış olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına dair elektrik enerjisindən qanunsuz istifadəyə görə İddiaçı hesablanmış 1.698 manat 54 qəpik məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 36 manat 98 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına dair elektrik enerjisindən qanunsuz istifadəyə görə İddiaçı hesablanmış 1.698 (bir min altı yüz doxsan səkkiz) manat 54 (əlli dörd) qəpik məbləğində borc silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar