Məhkəmə qərarları › İş №2(125)-6228/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6228/2024

10.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6228/2024 10.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 17280 m3 qaz itkisinə görə Gəncə şəhəri, Lokomotiv küçəsi, ev 4 (yeni qaydalarla, ünvan 1 ünvana hesablanmış 2070,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00000 olmaqla, abonent kimi iddiaçının atası mərhum X1 adına qeydiyyata alınmışdır. X3 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İddiaçı həmin fərdi yaşayış evində yaşayır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri, Yaqub Hacıyev küçəsi, ev 4 mərhum atası X2 adınadır. Atası xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Yaşadıqları evə xx.xx.2021-ci il tarixdə “ZENNER G4T” markalı mexaniki sayğac qoyulmuşdur. 30 noyabr 2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları xəbərdar etmədən evə gələrək qanunsuz xəttin aşkar edilməsi adı ilə evin barısında dağıntı işləri aparmışlar. Heç bir kənar xətt aşkar etmədən oranı tərk etmişlər. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh ******* nömrəli akt tərtib edərək guya onun yaşadığı evdə sayğacdan kənar əlavə xəttin istifadə halı aşkar olunmuşdur. Bu səbəbdən ünvana 17280 m3 həcmində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. Beləliklə, evə sayğacdan kənar əlavə xəttin istifadəsi olunmamışdır. Bu hal heç nə ilə sübut olunmur. Bundan başqa, aktda istifadə olan qaz işlədicilərin sərfiyyatını 4x12x360=17280 m3 hesablanmışdır. Lakin burada 4x12x360 düsturda rəqəmlərin nəyi əks elətdirdiyi müəyyən olunmur. Həmçinin ümumi saatlıq qaz sərfi və hansı müddətin hesablanması müəyyən olunmur. Bu da onu göstərir ki, cavabdehin nümayəndəsi sayğacdan kənar qaz xətti müəyyən etmədən ağıllarına gələn rəqəm yazmışlar. Halbuki, qanunsuz qoşulma halı olduqda cavabdeh qanuna uyğun olaraq vurulmuş zərərin hesablanması ilə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) aktda qeyd etməlidirlər. Göründüyü kimi, cavabdeh nə sayğacdan kənar qanunsuz qoşulma halını müəyyən edə bilmişlər və nə də ki, vurulmuş zərər hesablaya bilmişlər. Beləliklə, cavabdeh tərəfindən tərtib edilmiş aktda olan qeydlər heç biri həqiqəti əks etdirmədiyindən ünvana hesablanmış 17280 m3 qaz sərfiyyatına görə 2073,60 manat məbləğ silinməlidir. Bundan başqa, cavabdehin qanunsuzluğu digər hallar ilə də müəyyən edilir. Belə ki, qanunsuz qoşulma halı əgər doğurdan da olmuş olsaydı, cavabdeh qanuna uyğun olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı idi. Lakin cavabdeh qanunla verilən vəzifəsini icra etməmişdir. Bundan başqa, cavabdehin qanunsuzluğu aktın digər şübhəli halları ilə müəyyən olunur. Belə ki, aktda istehlakçı kimi 9 il əvvəl ölmüş gedən atası Əbülfəz Rzayevi qeyd etməklə aktın sonunda atasının akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, keçən ilin noyabr ayında cavabdehin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş, əməkdaşlar qaz sayğacını çıxarıb, barını uçurtmuşlar. Həmçinin sayğac evdən kənarda yerləşir, hazırda da həmin evdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10–cu maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11–1–ci və 2.11–2–ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qaydaların 3.1.11–ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10–cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 419407 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə “hemorazgik insult” səbəbindən ölmüşdür. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023cü il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış mərhum X1 mülkiyyətində olan evin yerləşdiyi ünvanda quraşdırılmış G-4 markalı, **********8 nömrəli qaz sayğacına baxış keçirilmiş, yoxlama zamanı ünvanda sayğacdan kənar xəttdən istifadə halı aşkar olunmuş, əlavə xəttin ləğv edildiyi, itirilmiş qazın həcminin hesablanması və dəymiş ziyanın 17280 m3 olduğu müəyyən edilərək abonent tərəfindən ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə abonent kodu **********00000 olan abonentin saldosundan görünür ki, abonent hesabına 2023-cü ilin yanvar ayında 23 m3, fevral ayında 31 m3, mart ayında 46 m3, aprel ayında 78 m3, may ayında 103 m3, iyun ayında 169 m3, iyul ayında 0 m3, avqust ayında 319 m3, sentyabr ayında 50 m3, oktyabr ayında 161 m3, noyabr ayında 17298 m3, dekabr ayında 785 m3 olmaqla, cəmi 19063 m3 sərfiyyat edilmiş, sərfin məbləği manat 257,64 manat təşkil etmiş, qalıq və aktlar üzrə 2073,60 manat borc hesablanmışdır. 2024-cü ilin yanvar ayında 707 m3, fevral ayında 680 m3, mart ayında 563 m3, aprel ayında 246 m3, may ayında 187 m3, iyun ayında 178 m3, iyul ayında 152 m3, avqust ayında 185 m3, sentyabr ayında 187 m3, oktyabr ayında 0 m3 olmaqla, cəmi 3085 m3 sərfiyyat edilmiş, sərfin məbləği 532,24 manat, qalıq və aktlar üzrə 0 manat borc hesablanmışdır. Ünvan üzrə 2023-cü il üzrə 130 manat, 2024-cü il üzrə 350 manat ödənilmişdir. Tərəflər abonent kodu **********00000 olan, iddiaçının yaşadığı evə dair təbii qazdan istifadə qaydalarının pozulub-pozulmaması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvana verilən itirilmiş 17280 m3 qaza görə 2070,60 manat borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçının sayğacdan kənar əlavə xətdən istifadə etməsi faktı ilə əsaslandırır. İş materiallarından müəyyən edilir ki, cavabdehin əməkdaşlarının tərtib etdikləri ******* nömrəli aktda sözügedən evdə kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi göstərilsə də, həmin akt əsasında cavabdeh tərəfindən, həqiqətən də mövcud olmuş kənar xəttin kəsilməsi (kənarlaşdırılması) hər hansı formada sənədləşdirilməmiş, bu halı təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İB insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan, Cavabdeh İB tərəfindən tərtib edilən aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş həmin aktda istehlakçının nümayəndəsi bölməsində abonent kimi qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixdə ölmüş “Əbülfət Rzayev”in adı qeyd edilməklə imzadan imtina etməsi göstərilmişdir. Qeyd edilən əsas cavabdeh tərəfindən tərtib edilmiş aktın mötəbərliyini şübhə altına almağa tam əsas verir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olsa da, cavabdeh tərəf həmin halların doğruluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, sözügedən fərdi yaşayış evinə təbii qazın itkisinə görə 2023-cü ildə qalıq və aktlar üzrə 2073,60 manat borc hesablanmışdır. Lakin cavabdeh bu qalıq borcun hər hansı akta, yaxud hansısa faktiki və ya hüquqi əsasa söykəndiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məcəllənin 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Məhkəmə hesab edir ki, aktlarda qeyd edilən pozuntunun törədilməsində istehlakçının təqsiri sübut olunmadığından, cavabdehin hesabladığı borc məbləğini istehlakçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 17280 m3 itirilmiş təbii qaz üçün 2073,60 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Odur ki, şərh edilənlərə əsasən və iddia tələbinin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən aktda qeyd edilən hallar cavabdeh tərəfindən sübuta yetirilmədiyindən sözügedən fərdi yaşayış evinə təbii qazın itkisinə görə hesablanmış 2070,60 manat məbləğində borc silinməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 40,71 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00000 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 2070,60 (iki min yetmiş manat altmış qəpik) manat pul məbləği silinsin. 40,71 (qırx manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar