Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6267/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi və maraqlı şəxsin iştirakı ilə, Ərizəçi – mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında mediasiya prosesində 19 aprel 2023-cü il tarixdə birgə nikahdan olan övladları – 14 oktyabr 2011-ci il təvəllüdlü X3, 18 fevral 2016-cı il təvəllüdlü X4, 25 yanvar 2019-cu il təvəllüdlü Abbasova (Hüseynova) Məryəm Abbas qızının və 10 noyabr 2021-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 320 manat alimentin ödənilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, tərəflərin faktiki nikahından dörd uşaq - 14 oktyabr 2011-ci il təvəllüdlü X6, 18 fevral 2016-cı il təvəllüdlü Abbasova (Hüseynova) Xədicə Abbas qızı, 25 yanvar 2019-cu il təvəllüdlü X7 və 10 noyabr 2021-ci il təvəllüdlü X5 doğulmuşdur. “Elektron Məhkəmə” İnformasiya sistemindən tərəflərin “qohumluq” məlumatları bölməsindən əldə edilmiş məlumata əsasən uşaqların atasının Maraqlı şəxs olduğu müəyyən edilmişdir. Uşaqlar hazırda ərizəçinin yanındadır. Ərizəçi məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, cavabdeh ilə 2004-cü ildə faktiki oalraq ailə həyatı qurmuş, faktiki nikahdan dörd uşaqları doğulmuşdur. Maraqlı şəxs ilə aralarında olan nikah münasibətlərinə son qoymuşdur. Hazırda faktiki olaraq ayrı yaşayırlar. Bu səbəbdən mediasiyaya aliment tələbi ilə müraciət etmiş, 19 aprel 2023-cü il tarixdə mediasiya prosesində bir sıra məsələlər barədə razılığa gəlmişlər. Sözügedən barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, ümumilikdə 320 manat alimenti ona ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Maraqlı şəxs mediasiya prosesində üzərinə öhdəlik götürərək barışıq sazişi imzalasa da, hazırda barışıq sazişinin şərtlərinə əməl etmir. Hazırda o həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmir, demək olar ki, alimentin məbləğini verməkdən imtina edir. Bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, maraqlı şəxslə rəsmi nikaha daxil olmamışlar, faktiki nikahdan dörd uşaqları doğulmuşdur, maraqlı şəxs aliment ödənişləri etsə də, mütəmadi olaraq ödənişi gecikdirir, ona görə də mediasiya prosesində maraqlı şəxslə onun arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞG/1-01456 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs aşağıdakı məzmunda saziş bağlamışlar: “Tərəflər öz aralarında bağlamaq istədikləri Barışıq sazişinə əsasən Birgə nikahdan doğulmuş dörd az yaşlı uşaqların ana himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər birinə imkansızlığı nəzərə almaqla 80 manat cəmi 320 manat aliment pulunun müəyyən olunması, uşaqlarla ata Maraqlı şəxs həftə sonu şənbə və bazar günləri səhər saat 10;00-dan axşam 18;00-dək görüşməsinə, gəzdirməyə aparmasına öz aralarında razılaşdılar. Birinci tərəf; Ərizəçi dörd az yaşlı uşaqları öz himayəsinə saxlamağa və ikinci tərəf sayılan Maraqlı şəxs imkansızlığını nəzərə alaraq onun hər uşağa 80 manat cəmi 320 manat aliment pulu verməyinə və eyni zamanda həmin aliment pulunu mənim açdıracağım kartıma göndərməsinə, uşaqlarla atanın görüşməsinə, gəzdirməyə aparmasına razılaşıram. İknci tərəf Abbasov X8 tərəf uşaqların anası Ərizəçi fikirləri ilə razılaşaraq dörd az yaşlı uşaqların ana himayəsində qalması, onlar üçün hər birinə 80 manat cəmi 320 manat aliment pulunun vaxtlı vaxtında Ərizəçi açdıracağı kartına göndərməyə və uşaqlarla həftə sonları şənbə-bazar günləri səhər saat 10;00-dan axşam 18;00-dək görüşməsinə və gəzdirməyə aparmağına razılaşdığını bildirdi. Bununlada Tərəflər öz aralarında bağlamaq istədikləri Barışıq sazişində yazılanları oxudular, dinlədilər və həmin sazişə könüllü olaraq imza atmağa razılaşdılar. Tərəflər bir-birilərinə verdikləri sözlərə gələcəkdə əməl etməsələr və məsuliyyətsizlik etsələr tərəf-tərəfi məhkəməyə verə bilər.” “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə faktiki nikahdan doğulmuş dörd uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimenti vaxtlı vaxtında Ərizəçi açdıracağı kartına göndərəcəyini öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü olaraq gecikdirmədən icra etmədiyindən, eləcə də barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355- 26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞG/1-01456 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Tərəflər öz aralarında bağlamaq istədikləri Barışıq sazişinə əsasən Birgə nikahdan doğulmuş dörd az yaşlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər birinə imkansızlığı nəzərə almaqla 80 manat cəmi 320 manat aliment pulunun müəyyən olunmasına öz aralarında razılaşdılar. Birinci tərəf Ərizəçi ikinci tərəf sayılan Maraqlı şəxs imkansızlığını nəzərə alaraq onun hər uşağa 80 manat cəmi 320 manat aliment pulu verməyinə və eyni zamanda həmin aliment pulunu birinci tərəf Ərizəçi açdıracağı kartına göndərməsinə razılaşır. İknci tərəf Abbasov X8 tərəf Ərizəçi fikirləri ilə razılaşaraq dörd az yaşlı uşaqlar üçün hər birinə 80 manat cəmi 320 manat aliment pulunun vaxtlı vaxtında Ərizəçi açdıracağı kartına göndərməyə razılaşdığını bildirdi.” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞG/1-01456 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Tərəflər öz aralarında bağlamaq istədikləri Barışıq sazişinə əsasən Birgə nikahdan doğulmuş dörd az yaşlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər birinə imkansızlığı nəzərə almaqla 80 manat cəmi 320 manat aliment pulunun müəyyən olunmasına öz aralarında razılaşdılar. Birinci tərəf Ərizəçi ikinci tərəf sayılan Maraqlı şəxs imkansızlığını nəzərə alaraq onun hər uşağa 80 manat cəmi 320 manat aliment pulu verməyinə və eyni zamanda həmin aliment pulunu birinci tərəf Ərizəçi açdıracağı kartına göndərməsinə razılaşır. İknci tərəf Abbasov X8 tərəf Ərizəçi fikirləri ilə razılaşaraq dörd az yaşlı uşaqlar üçün hər birinə 80 manat cəmi 320 manat aliment pulunun vaxtlı vaxtında Ərizəçi açdıracağı kartına göndərməyə razılaşdığını bildirdi.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-6267/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6267/2024
30.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver