Məhkəmə qərarları › İş №2(125)-632/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-632/2024

07.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-632/2024 07.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya verilməklə cavabdehlərin mənzildə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərə 3.000 manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərə 8.000 manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, 1-ci mikrorayon, 3 saylı binanın 37 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil iddiaçının mülkiyyətinə vərəsəlik hüququ əsasında keçmişdir və bununla bağlı ona çıxarış verilmişdir. Cavabdehlər iddiaçının mərhum əmisinin arvadı və onun uşaqlarıdır. Belə ki, cavabdehlər 2018-ci il tarixdən sözügedən ünvanda yaşamırlar. Onlar Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən ata-baba evi olan evə köçüb orada yaşayırlar. Cavabdehlər Şəmkir rayonuna köçərkən özlərinə məxsus əşyaları mənzilin bir otağına yığmış və həmin əşyaları aparacaqlarını, mənzildən qeydiyyatdan çıxacaqlarını bildirsələr də dediklərinə əməl etməmişlər. Cavabdehlərin mənzilə köçürülmələrinə dair məhkəmə qətnaməsi mövcud olmasına baxmayaraq, onlar həmin mənzildə faktiki olaraq yaşamırlar. Çünki onların sözügedən mənzilə ehtiyacları yoxdur və yaşayış yerləri başqadır. Tərəflər arasında olan münasibətlər korlanmış və daimi mübahisələr baş vermişdir. Buna görə də iddiaçının cavabdehlərlə birgə eyni mənzildə birgə yaşaması mümkünsüzdür. Cavabdehlərin həmin mənzilə istifadə hüququnun olması mülkiyyətçi kimi İddiaçı iradəsinə ziddir və onun mülkiyyətindən istədiyi kimi istifadə edə bilməsinə mane törədir. Qeyd olunan səbəbdən cavabdehlərə kompensasiya verilməklə onların istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi məqsədəmüvafiqdir. X1 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, o, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə gəlin köçmüş və övladları da həmin mənzildə anadan olmuşdur. Lakin ötən 7 il müddətində o və uşaqları onun anasına məxsus Şəmkir rayonunda yerləşən fərdi yaşayış evində yaşayırlar. Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzildə yaşamağa yer olmadığına görə o, ilk öncə qızı Cavabdeh3 Şəmkir rayonuna göndərmiş, daha sonra isə oğlu Canpoladla birlikdə özü də anasına məxsus olan evdə yaşamağa başlamışdır. Mübahisəli mənzil 4 otaqlıdır, otağın birində qaynanası və qaynatası, bir otaqda o və övladları, digər 2 otaqda isə iddiaçı və ailəsi yaşamışdır. Aralarında olan razılığa görə iki otaqda o və uşaqları, digər iki otaqda isə iddiaçı və ailə üzvləri yaşamalı idi. O, yalnız 15.000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə övladları ilə birgə Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsinə razıdır. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə oxşar məzmunlu izahat verərək, yalnız 15.000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını bildirdilər və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 2V-411 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X5 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4284/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə köçürülmələri qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/215-9/139 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 73.000 manat, likvid qiyməti isə 65.700 manat məbləğində müəyyən edilir. Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin ümumi sahəsi 88,5 kv/m olan 37 nömrəli mənzili ilə eyni ölçüyə və şəraitə malik, yaxın coğrafi ərazidə yerləşən mənzillərin bir aylıq kirayə qiymətinin təqribən 180 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdehlər sözügedən mənzildə qeydiyyatda olmalarına baxmayaraq ötən 7 il müddətində həmin ünvanda yaşamamışlar. Məhkəmə mövcud olmayan hüquqa xitam verilməsinin mümkün olmamasını və hüquqa xitam verilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıbyaranmaması araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə də məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4284/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə köçürülmələri qət edildiyinə görə, həmin şəxslərin qeyd olunan mənzildə istifadə hüqunun olub-olmamasına dair halların mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 isə mübahisəli mənzildə istifadə hüququna malik olduqlarından, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehlərin istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu baxımdan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mülkiyyətçi kimi iddiaçı, cavabdehin qarşısında ona mübahisəli evə bərabər başqa ev almaq öhdəliyi daşımır və bu, mülki qanunverciliyin tələblərin də uyğun olmaz. Eyni zamanda cavabdehlərin sözügedən evdə yalnız istifadə hüquqlarının olmasını, bundan sonra tərəflərin həmin evdə birgə yaşamalarının qeyri-mümkün olmaqla, oxşar ərazidə və şəraitdə olan evin aylıq kirayə haqqının təxminin 180 manat civarında olmasını nəzərə alıb hesab edir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçının təklif etdiyi 8.000 manat kompensasiya məbləği yetərli, bazar qiymətlərinə uyğun olmaqla, iddiaçının hesabına cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Belə ki, «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında göstərilir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki qanunverciliyə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə (xx.xx.2023-cü il tarixli 2(102)-3131/2013 nömrəli, xx.xx.2024-cü il tarixli 2(102)-222/2024 nömrəli və s. qərarlar) görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği evin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə olan halda həmin şəxsin məhrum olduğu hüquq qismində evin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca evin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Həmçinin mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunub. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehlərə təklif olunan kompensasiya məbləği onların davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Yuxarıda qeyd olunan ekspert rəyinə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzillə eyni şəraitli və eyni ərazidə yerləşən evlərin aylıq kirayə haqqı orta hesabla 180 manat hesablandıqda təklif olunan kompensasiya məbləği cavabdehlərə 3 il 08 ay ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Məhkəmə həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehlərə 3 il 08 ay ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, İddiaçı tərəfindən 8.000 manat kompensasiya verilməklə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmalı, qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ekspert rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı tərəfindən 8.000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilindən çıxarılsınlar. Qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilsin. İddiaçı iş üzrə ekspert xərcinin əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar