Məhkəmə qərarları › İş №2(125)-6371/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6371/2025

19.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6371/2025 19.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 İsa oğlunun sədrliyi, X1 Elbrus qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Təbriz küçəsi, 14-cü dalan, ev 14 ünvanda yerləşən mülkə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv məlumatlarında Xüsusi yaşayış fonduna aid fərdi yaşayış evinin texniki pasportunun və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportun rəhmətlik atası X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Təbriz küçəsi, 14-cü dalan, ev 14 ünvanda yerləşən mülk rəhmətlik atası X4 miras qalmışdır. Atası 12 iyun 2001-ci il tarixdə rəhmətə gedib. Vərəsəlik işi üçün notariat ofisinə müraciət etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsindən sənədlərin surətini aldıqda məlum oldu ki, mülkün arxiv sənədlərində atasının adı Məmməd kimi deyil, Məhəmməd kimi qeyd edilib. Halbuki atasının adı Məmməddir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinə müraciət etmiş, lakin ordan ona imtina məktubu vermişlər. Beləliklə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı ünvan 1 ünvanda yerləşən mülkə dair Xüsusi yaşayış fonduna aid fərdi yaşayış evinin texniki pasportunun və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportun rəhmətlik atasına məxsus olmasını məhkəmədən başqa yolla sübut etmək mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. 1984-cü ildən ünvan 2 ünvanına gəlin gəlmişdir və uzun illərdir ki qonşudurlar. O, bilir ki, Ərizəçi atası aşıq Məmməd idi. O, onların ailəsində Məhəmməd adlı adam tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. 1968-ci ildən ünvan 3 ünvanına gəlin gəlmişdir və uzun illərdir ki qonşudurlar. Ərizəçi atasının adının aşıq Məmməd olduğunu bilir. Onların ailəsində Məhəmməd adlı adam yox idi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Kirovabad şəhəri, Kommunist küçəsi,14-cü dalan, ev 14 X2 adına qeydə alınmışdır. İş materiallarında olan Xüsusi yaşayış fonduna aid fərdi yaşayış evinin texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 14-cü dalan, ev 14 X2 adına qeydə alınmışdır. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Firəngiz İsmayılova xx.xx.1957-ci ildə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 37 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Firəngiz İsmayılova ilə X6 birgə nikahından xx.xx.1955-ci il tarixdə X3 adında bir uşaq anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi mərhum X6 Gəncə şəhəri, Təbriz küçəsi, 14-cü dalan, ev 14 ünvanında yerləşən fərdi yaşayış evi üzərində “Vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın” verilməsi barədə xx.xx.2025-ci il tarixli, 3-21-3-33/1-M-02xx-xx/2025 (**********) nömrəli müraciətinə mərhum X6 vərəsəsi olması barədə müvafiq sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, müraciətə X11 ilə X2 eyni şəxs olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) əlavə edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (arxivdən surətlər) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasport və Xüsusi yaşayış fonduna aid fərdi yaşayış evinin texniki pasportda X6 adı səhv olaraq “Məhəmməd" kimi qeyd edilmişdir. Ərizəçinin xahişi də məhz hüquq müəyyənedici sənədin onun mərhum anasına məxsus olmasının müəyyən edilməsindən ibarətdir. Ərizənin predmeti olan sənədlər ərizəçiyə torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmələr aparılması üçün zəruridir və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmir. Məhkəmə hesab edir ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması ərizəçinin qanunla müəyyən edilmiş hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin xahişi təmin edilməli və sənədin tərtibatı zamanı yol verilmiş yanlışlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görəşəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində birbaşa nəzərdə tutulmasa da, həmin Məcəllənin 307.2.11-ci maddəsində başqa faktların da məhkəmə tərəfindən müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğundan təmin edilməli və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportu və Xüsusi yaşayış fonduna aid fərdi yaşayış evinin texniki pasportunda göstərilən əmlakın mülkiyyətçisi kimi qeyd edilmiş X9 qeydinin 1928-ci ildə Dəstəfur rayonunda doğulmuş və 12 iyun 2001-ci il tarixdə ölmüş X7 aid (ona məxsus) olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305-311 və 391-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportu və Xüsusi yaşayış fonduna aid fərdi yaşayış evinin texniki pasportunda göstərilən Gəncə şəhəri, Təbriz küçəsi, 14-cü dalan, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi kimi qeyd edilmiş X9 qeydinin 1928-ci ildə Dəstəfur rayonunda doğulmuş və 12 iyun 2001-ci il tarixdə ölmüş X7 aid (ona məxsus) olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar