Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6386/2023 15.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qanunsuz hesablanmış 3110,40 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində onun adına quraşdırılmış qaz sayğacında yaranmış problemin aradan qaldırılması ilə bağlı müvafiq qaz idarəsinin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq, İtron tipli G-4 markalı, 1402AZ**********69 nömrəli sayğac yenisi ilə əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. Socarın sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023cü il tarixli, MSK-14-2-2/3-5-2413 nömrəli Aktına əsasən sayğacın çıxış plastmas borusu deşilmişdir. Nəticədə həminn laborator rəyə əsasən Gəncə RQİİ tərəfindən xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib olunaraq, barəsində itirilmiş qazın bərpası üçün 3110,40 manat məbləğində 25920 m3 qaz sərfiyyatı hesablanmış və cərimə yazılmışdır. (Həmin akt onun iştirakı olmadan Qaz İdarəsinin əməkdaşları tərəfindən yazılmışdır və yalandan qeyd edilmişdir ki, guya o, həmin Aktı imzalamaqdan imtina etmişdir.) xx.xx.2023-cü ildə istifadəsində olan smart karta 10 manat pul yükləmiş, lakin 5 manat köçürülmüşdür. Buna görə də Gəncə RQİİ-yə gedərək, bunun səbəbini öyrənmiş istəmiş, idarənin əməkdaşı ona bildirmişdir ki, müəyyən edilmiş limiti keçmişdir, ona görə də 10 manatdan az ödənilmişdir. xx.xx.2023-cü ildə 1 saylı ASAN xidmətə müraciət edərək qaz sayğacına yüklədiyi məbləğdən az ödəniş olduğunu soruşmuşdur. Ona cavab vermişlər ki, cərimə yazılmışdır, ona görə də smart karta yüklədiyi ödənişin yarısı tutulmuşdur. Bugünə kimi hələ də Gəncə RQİİ tərəfindən ona cərimə olunması ilə bağlı bildiriş göndərilməmiş, halbuki onlar Aktdanda göründüyü kimi ona xx.xx.2023-cü ildən cərimə yazmışlar. Həmin sayğac 2015-ci ildə quraşdırılmışdır. Qaz Sayğaclarından istifadəyə görə mövcud olan X1 əsasən qaz sayğacları 5 ildən bir dövlət yoxlanılmasına göndərilməli və yenisi ilə əvəz olunmalıdır. Sayğacın yararsız hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-2413 nömrəli akt və həmin akt əsasında cərimənin hesablanması barədə Gəncə RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt tam əsassızdır. Belə ki, X2 əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən onun iştirakı olmadan xx.xx.2023-cü ildə dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Əvvəlki sayğacın hansı səbəbdən dəyişdirilməsi, müayinə olunması üçün laboratoriyaya göndərilməsi və yeni sayğacın dəyərinin onun tərəfindən ödənilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. Sayğac həyətdən kənarda ümumi istifadədə olan məhlədə yerləşdiyindən ev sahibi olaraq onun sayğacın təhlükəsizliyini təmin etməsi faktiki olaraq mümkün deyildir. Sayğac kart sistemi ilə işlədiyindən və ödənişin kartın balansına köçürüb sonradan sayğacın hesabına yüklənməsi qaydası ilə işlədiyini nəzərə aldıqda, sayğaca məqsədli şəkildə müdaxilə edilməsi də mümkünsüzdür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, istifadəsində olan smart karta 10 manat pul ödəmiş, lakin həmin pulun yarsının hesaba köçdüyünü görmüşdür. Bundan sonra Qaz İdarəsinə yaxınlaşmış və ona müəyyən edilmiş limiti keçdiyi üçün ödədiyi pulun yarsının hesabına köçürüldüyü bildirilmişdir. Daha sonra “ASAN xidmət” Mərkəzinə yaxınlaşaraq, həmin vəziyyəti orada da bildirmiş və bunun səbəbini soruşmuşdur. Bu zaman ona 3110,40 manat cərimə edildiyi və yüklədiyi pulun yarısının məhz ona görə tutulduğu bildirilmişdir. Hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ona əsassız yerə cərimə yazmışlar. Belə ki, ona məxsus qaz sayğacı küçədə yerləşir, belə olduğu halda onun tərəfindən qaz sayğacının təhlükəsizliyinin təmin edilməsi mümkün deyildir və buna görə də məsuliyyəti o, daşımır. Eyni zamanda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. O, heç vaxt qaz sayğacına müdaxilə etməmişdir. Belə olduğu halda 3110,40 manat məbləğində cərimənin yazılması absurddur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-2413 nömrəli aktına əsasən G-4 markalı, 1402AZ**********69 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Mövcud qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması və G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 6x24x180=25920 m3 cəmi 25920 m3. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 17 fevral 2023-cü il tarixli aktdan görünür ki, İtron tipli, G-4 markalı, 1402AZ**********69 nömrəli sayğacın çıxarılması səbəbi kimi dövrü yoxlama müddətinin başa çatması göstərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Gəncə XS-nin TQQ və XS-nin rəisi Avarov Müseyib, mühəndis Hüseynov Vüqar, çilingər Bağırov Elçin iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Sayğaca baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu deşilmişdir. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Xətalar normadan artıqdır. Sayğac minimal və nominal sərfiyyatda 100 faiz nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanması və abonent tərərfindən ödənilməsi tələb edilmişdir. Həmin akt Avarov Müseyib, Hüseynov Vüqar və Bağırov Elçin tərəfindən imzalanmış, istehlakçının nümayəndəsi Əsgərov S tərəfindən aktın imzalanmasından imtina edilməsi qeyd edilmişdir. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. **********17800 nömrəli abonent saldosundan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən akta əsasən ona 3110,40 manat borc yazılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı faktiki yaşadığı ünvan 1 ünvanında quraşdırılan qaz sayğacının çıxış plastmas borusunun deşilməsi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isteklakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da görünür ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş 17 fevral 2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac dövri yoxlama müddətinin çatması ilə əlaqədar çıxarılmışdır. Sayğac çıxarıldıqdan sonra aparılmış yoxlama nəticəsində sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı evinin həyət divarında bayırda küçədə yerləşir bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 3110,40 (üç min yüz on manat qırx qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 3110,40 (üç min yüz on manat qırx qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat birliyi tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6386/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6386/2023
15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver