Məhkəmə qərarları › İş №2(125)-6407/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6407/2024

26.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6407/2024 26.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlaəv ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacına görə hesablanmış 144 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. xx.xx.2021-ci il tarixdə yaşayış evinin qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz təsərüfatının layihə-smeta və texniki sənədlərinin tələbinə uyğun olaraq yenisi ilə əvəz edilmiş, yəni kartla olan sayğacı mexaniki sayğaca dəyişdirmişlər. Sayğac dəyişən zaman Cavabdeh İB-nin əməkdaşları bu barədə akt tərtib etmişlər. Aktda sayğacın dəyişmə səbəbi kimi sayğacın istismar müddətinin bitməsi göstərilmişdir. Sayğac dəyişdirildikdən 2 ay sonra Cavabdeh İB-nin əməkdaşları xx.xx.2021 -ci il tarixli aktla evinə gələrək guya 2021 -ci ilin oktyabr ayında evindən söküb apardıqları sayğacda nasazlıq aşkar edildiyini, guya sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyini, buna görə ona 144,0 manat cərimə yazıldığı bildirilmişdir. O, buna etirazını bildirmiş və aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra Cavabdeh İB-nin əməkdaşları çıxıb getmiş, lakin hazırda həmin borcu yenidən ondan tələb edirlər.O, həmin aktla və onun əsasında yazılmış borcla razı deyil. Belə ki, əvvəlki qazın istehlakı smart kart vasitəsilə idarə olunduğundan sayğaca müdaxiləsi mümkünsüzdür. Əgər həqiqətən də sayğacda nasazlıq varsa bunun müdaxilənin nəticəsi olması mümkün deyil. Belə ki, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, sayğacın istismar müddəti bitmişdir. Əgər müəyyən istismar müddəti təyin edilmişsə bu müddətdən sonra onda olan nasazlıq vətəndaşın müdaxiləsinin deyil, təbii aşılanmanın nəticəsidir. Həmçinin, əgər belə bir nasazlıq var idisə bunu ərazinin qaz nəzarətçisi aşkar etməli, yaxud elə sayğac dəyişdirilən zaman onun iştirakı ilə aşkar edilib bu barədə akt tərtib edilməli idi. Göründüyü kimi, 2 ay sonra həqiqətə uyğun olmayan bir akt tərtib edərək ondan pul tələb olunur. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izhaat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, ev 3 ünvanında quraşdırılmış İtron G-4 markalı 1202AQ**********1 nömrəli qaz sayğacı Zenner G-4 **********9 qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli aktda aşağıdan görünür ki, sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1440 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi üçün abonent saldosundan görünür ki, 2021-ci ilin dekabr ayında **********00030 nömrəli abonentə 144 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 144 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, 2021-ci ilin oktyabr ayında sayğac çıxarılan zaman sayğacın istismar müddətinin bitməsi, istifadəyə yararsız olması və yenisi ilə əvəzlənməsi barədə akt tərtib edilsə də, bundan iki ay keçdikdən sonra sayğacda nasazlıq aşkar edildiyi, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyini və bu səbəbdən də abonentə 144 manat borc yazıldığı əsaslandırılmışdır. Sayğac sökülən zaman bu barədə hər hansı qüsurun olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Əgər sayğacda həqiqətən də idarənin əməkdaşının qeyd etdiyi kimi istismar müddətinin bitməsi ilə bağlı qüsur yaranmışdırsa buna görə məsuliyyət abonentin üzərinə qoyula bilməz. Sonradan abonentin iştirakı olmadan tərtib olunmuş akta münasibətdə isə məhkəmə yenə də qeyd edir ki, sayğacın hesablama mexanizminin qazın həcmini qeyd etmədiyi ilə əsaslandırsa da, onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 144 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, ev 3 ünvanında qaz sərfinə görə **********00030 nömrəli abonent kodu üzrə İddiaçı hesablanmış 144 (yüz qırx dörd) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar