Məhkəmə qərarları › İş №2(125)-6493/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6493/2023

15.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6493/2023 15.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı «sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Gəncə Sukanal» TSC-yə qarşı Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli evə dair cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 826 manat 47 qəpik məbləğində borcun silinməsi, «Gəncə Sukanal» TSC əməkdaşlarına ödənilmiş 400 manat məbləğində pul vəsaitinin nəzərə alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi «Gəncə Sukanal» TSC tərəfindən içməli su ilə təmin edilir və tullantı suların fasiləsiz qəbulunu həyata keçirir. Mülkiyyətində olan Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ünvanında yerləşən 451 nömrəli evi 19 sentyabr 2006-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən almış və həmin tarixdən qeyd etdiyi fərdi yaşayış evində yaşayış olmamışdır. Belə ki, o və ailəsi daimi olaraq, Rusiya Federasiyasında yaşamış, bununla yanaşı onların Gəncə şəhəri, Ozan küçəsində yerləşən başqa bir fərdi yaşayış evi də olmuşdur. Gəncə şəhəri, Ozan küçəsində yerləşən fərdi yaşayış evi təmirli olduğuna görə Azərbaycan Respublikasına gələrkən, o və ailəsi həmin evdə yaşamış, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli evə isə yaşamaq məqsədi ilə getməmişlər. Buna görə də həmin fərdi yaşayış evində ümumiyyətlə yaşayış olmamış və qeyd olunan səbəbdən də hər hansı kommunal xidmətdən istifadə edilməmişdir. Lakin evin divar kağızlarının sıradan çıxmaması, yay fəslində həşəratların, qış fəslində isə rütubətin yaranmaması üçün fərdi yaşayış evinin əvvəlki sahibindən bəzi vaxtlar yay fəslində kondisionerin, qış fəslində isə qızdırıcının qoşulmasını xahiş etmişdir. Bununla əlaqədar o, uzun fasilələrlə enerjidən istifadə ilə əlaqədar az miqdarda ödənişlər aparmışdır. Həmçinin Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli evində 4 nəfər qeydiyyatda olsa da, həmin şəxslərdən heç biri orada yaşamamışdır. 2022ci ilin dekabr ayından qeyd olunan ünvanda sudan istifadənin miqdarının ölçülməsi məqsədi ilə sayğac yerləşdirilmişdir. Təxmininən həmin ərəfələrdə o, Gəncə şəhəri, Ozan küçəsində yerləşən fərdi yaşayış evini satmış və Azərbaycan Respublikasına gələrkən Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən fərdi yaşayış evi təmirsiz olduğuna və uzun müddət ərzində orada yaşayış olmadığına görə təmirdən sonra evin təmizlənməsi və digər işlərin görülməsi məqsədi ilə su sərfiyyatı yüksək olmuş, sayğac üzrə borc təbii olaraq, yüksək hesablanmışdır. Qeyd olunan səbəbdən də o, sayğacla hesablanmış borcla razılaşsa da, sayğacdan kənar hesablanmış borcun məbləği ilə razı deyildir. xx.xx.2023-cü il tarixdə «Gəncə Sukanal» TSC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu təqdim edilərək bildirilmişdir ki, xx.xx.2023-cü il tarixinə su təchizatı və kanalizasiya xidmətlərinə görə onun "xxxx" ASC-yə 826 manat 47 qəpik ödənilməmiş borcu yaranmışdır. 2023-cü ilin avqust ayında qeyd etdiyi su borcuna görə su təchizatı dayandırılmış və su təchizatının bərpası üçün «Gəncə Sukanal» TSC-nin əməkdaşları ondan 200 manat tələb etmiş, o isə məcbur olub həmin məbləği onlara vermişdir. Bununla yanaşı o, «Gəncə Sukanal» TSC ilə aralarında müqavilə olmadığını bildirmiş, cavabdeh tərəf isə ona imzasız bir müqavilə təqdim etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi A.C.Rəhimov iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə su təhcizatının təmin edilməsinə dair 2005-ci il tarixdə müqavilə bağlanmış və iddiaçının qeyd etdiyi ünvan su ilə təmin edilmişdir. 2013-cü il tarixdən sudan istifadə ilə əlaqədar ödəniş edilmişdir.Yeni sayğac isə 24 oktyabr 2022-ci il tarixində quraşdırılmışdır. «Sudan istifadə Qaydaları»na uyğun olaraq, fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin siyahısı barədə «Gəncə Sukanal» TSC-yə məlumat verilmədiyindən evdə qeydiyyatda olan şəxslərin sayı 4 nəfər hesab edilmiş və borc həmin şəxslərin sayına uyğun hesablanmışdır. Sonda A.C.Rəhimov iddianın əsassız olduğunu göstərərək rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli evi 2006-cı il tarixdə İddiaçı satmış və elə həmin tarixdən də iddiaçını tanımışdır. Sözügedən ev onun mülkiyyətində olan zaman su təmininə dair ödənişi sayğacsız ödəmişdir. O və ailə üzvləri sözügedən evdə qeydiyyatda olsalar da orada yaşamamışdır. O, arvadı X7, oğulları X4, X6, gəlini X8 və nəvəsi X3 şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli evdə qeydiyyatda olsalar da orada yaşamırlar. Belə ki, o, evi satdıqdan sonra Gəncə şəhəri, Gülüstan qəsəbəsində ev tikdirmiş və orada yaşamışlar. Lakin yeni tikilmiş evin sənədləri hazır olmadığından və evin ünvanı dəqiq olmadığından formal olaraq İddiaçıya məxsus evdə qeydiyyatda qalmışlar. İddiaçı 2006-cı il tarixində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən onun mülkiyyətində olmuş evi aldıqdan sonra ailə üzvləri ilə birgə Rusiya Federasiyasına getmiş və evə nəzarət etmək üçün evin açarlarını ona təhvil vermişdir. İddiaçı divar kağızlarının sıradan çıxmaması, yay fəslində həşəratların, qış fəslində isə rütubətin yaranmaması üçün fərdi yaşayış evinin ondan bəzi vaxtlar yay fəslində kondisionerin, qış fəslində isə qızdırıcının qoşulmasını xahiş etmişdir. Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli evi 2006-cı il tarixdə İddiaçı tərəfindən alındıqdan sonra orada heç vaxt evdə yaşayış olmamışdır. İddiaçı və ailəsi Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn zaman Gəncə şəhəri, Bayan küçəsində yerləşən evlərində müvəqqəti yaşamışlar. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, o, İddiaçı bacısı oğlunun kirvəsidir. Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 415 nömrəli fərdi yaşayış evində dəfələrlə olmuşdur. Lakin İddiaçı və ailə üzvləri həmin ünvanda heç vaxt yaşamamışdır. İddiaçı və ailəsi Rusiya Federassiyasından Azərbaycan Respublikasına gələn zaman Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən ev çirkli, soyuq və şəraitsiz olduğundan orada yaşamamış, bəzi vaxtlar Gəncə şəhəri, Ozan küçəsində yerləşən və onların mülkiyyətlərində olan başqa evdə, bəzi vaxtlar isə onun mülkiyyətində olan evdə yaşamışlar. İddiaçı maddi imkanı yaxşı olduğundan sözügedən evi ehtiyat üçün almışdır. İşdə olan xx.xx.2006-cı il tarixli, 4Ə-02-464 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli fərdi yaşayış evini İddiaçı satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********16-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli ev İddiaçınnın mülkiyyətindədir. İşdə olan xx.xx.2005-ci il tarixli, 32916275 nömrəli «Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanılan» müqavilədən görünür ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə» qərarına uyğun olaraq istehlakçının istifadə etdiyi 1 m3 içməli suya görə hesablanmış ƏDV ilə 60 qəpik və istehlakçıdan qəbul edilən 1 m3 tullantı suyuna görə hesablaşma ilə ƏDV ilə 30 qəpik müqabilində aparılır. Lakin müqavilədə istehlakçı olan yəni İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, **********000 abonent kodlu İddiaçı yekun olaraq su istifadə etdiyinə görə 797 manat 97 qəpik su borcu hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X2 şəhəri, Nəriman Nərimanov prospektində yerləşən 451 nömrəli evdə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 2006-cı il tarixindən bəri faktiki olaraq ünvan 3 ünvanında yaşayır. İşdə olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, X5, X7, X6, X9 və X4 2007-ci il tarixindən bəri ünvan 4 ünvanında yaşayırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı sudan istifadəyə və tullantı sularının axıdılmasına görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 826 manat 47 qəpik borcunun olduğu bildirilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2006-cı il tarixdə X1 şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli fərdi yaşayış evini İddiaçı satmışdır. İddiaçı 2006-ci il tarixdən Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir. Lakin İddiaçı həmin evi aldıqdan sonra orada yaşayış olmamışdır. xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli fərdi yaşayış evinin su təminatı ilə əlaqədar 2011-ci ildən 2023-cü ilədək 826 manat 47 qəpik məbləğində borc hesablanmış və həmin borcun ödənilməsi «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tələb edilmişdir. Bununla əlaqədar olaraq, İddiaçı 826 manat 47 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbinin əsası kimi Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli fərdi yaşayış evində 2007-ci il tarixdən 2022-ci ilin dekabr ayına qədər yaşayış olmadığını, buna görə də həmin dövr üzrə su təminatı ilə əlaqədar hesablanmış borcun əsassız olduğunu göstərmişdir. Cavabdehin nümayəndəsi A.C.Rəhimov isə məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və etirazının əsası kimi iddiaçı ilə aralarında 2005-ci il tarixindən bəri müqavilə bağlandığını və sözügedən ünvana daimi olaraq su təminatı olmasını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları» nın 2.1.2 və 2.1.9.2-ci bəndlərinə görə istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək və verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM-in vəzifələridir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin «a» bəndinə görə məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını təmin etmək su təchizatı müəssisələrinin vəzifəsidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli fərdi yaşayış evi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən su təhcizatı ilə təmin edilmişdir. Lakin həmin ünvanda 2006-ci il tarixdən 2022-ci il tarixinə qədər yaşayış olmamış, qeyd olunan evin əvvəlki mülkiyyətçisi X5 və onun ailə üzvləri formal olaraq orada qeydiyyatda qalmışlar. «Gəncə Sukanal» TSC tərəfindən İddiaçı borcuna dair məhkəməyə təqdim edilmiş abonent kartında sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar 2011-ci ildə 1 nəfərə görə 21 manat 60 qəpik, 2012-ci ildə 1 nəfərə görə 6 manat 80 qəpik, 2013-cü ildə 1 nəfərə görə 21 manat 60 qəpik, 2014-cü ildə 1 nəfərə görə 27 manat, 2015-ci ilin dekabr ayına qədər 1 nəfər görə 19 manat 80 qəpik, 2015-ci ilin dekabr ayından 4 nəfərə görə 7 manat 20 qəpik, 2016-ci ildə 4 nəfərə görə 171 manat 83 qəpik, 2017-ci ildə 4 nəfərə görə 107 manat 55 qəpik, 2018-ci ildə 4 nəfərə görə 109 manat 35 qəpik, 2019-cu ildə 4 nəfərə 109 manat 80 qəpik, 2020-ci ildə 4 nəfərə görə 99 manat 45 qəpik, 2021-ci ildə 4 nəfərə görə 205 manat 29 qəpik, 2022-ci ildə isə 4 nəfərə görə 199 manat 80 qəpik, cəmi 1.107 manat 07 qəpik borc hesablandığı göstərilmişdir. Lakin verilən suyun və axıdılan tullantı sularının həcmi evdə qeydiyyatda olan şəxslərin sayına uyğun aparıldığı dövrlər üzrə orada qeydiyyatda olan şəxslərin faktiki yaşamadığı və buna mütənasib olaraq da həmin ünvanda sudan istifadə etmədiyi nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, suyun və axıdılan tullantı sularının həcmi ilə əlaqədar 2015-ci ilin dekabr ayı və 2016-2022-ci illər üzrə İddiaçı 1.010 manat 27 qəpik məbləğində borc hesablandığı halda İddiaçı borcu 252 manat 57 qəpik məbləğində olmuşdur. Buna görə də su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı hesablanmış 757 manat 70 qəpik məbləğində borc silinməlidir. Həmçinin İddiaçı «Gəncə Sukanal» TSC-yə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə 400 manat məbləğində əlavə ödəniş etdiyini və həmin məbləğin nəzərə alınmasını xahiş etsə də, mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə İddiaçı «Gəncə Sukanal» TSC-yə xx.xx.2022-ci il tarixdə 200 manat və xx.xx.2023-cü il tarixdə 60 manat məbləğində ödəniş etdiyi müəyyən edilir. 2015-ci ilin dekabr ayı və 2016-2022-ci illər üzrə İddiaçı borcu 252 manat 57 qəpik olduğuna, 2023-cü il tarixdə isə su təchizatı və çirkab sularının axıdılmasına görə borc sayğac əsasında 54 manat 90 qəpik hesablandığına, 2015-ci ilin dekabr ayından 2023-cü ilin noyabr ayınadək ümumilikdə 307 manat 47 qəpik məbləğində borc yarandığına görə İddiaçı tərəfindən «Gəncə Sukanal» TSC-yə artıq ödənişlərin aparılması müəyyən edilməmişdir. Buna görə də iddia «Gəncə Sukanal» TSC əməkdaşlarına ödənilmiş 400 manat məbləğində pul vəsaitinin nəzərə alınması tələbinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə hesablanmış 757 manat 70 qəpik məbləğində borc silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilməli dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 451 nömrəli fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə hesablanmış 757 (yeddi yüz əlli yeddi) manat 70 (yetmiş) qəpik məbləğində borc silinsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməmiş 30 (otuz) məbləğində pul vəsaiti «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətindən dövlət büdcəsi nəfinə tutulmalıdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar