Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6540/2023 23.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçınun Cavabdehnə qarşı pulun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən əsassız hesablanmış 1555,20 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Gəncə şəhəri, Məktəb küçəsi, ev 23 ünvanda yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00230 olmaqla, iddiaçı qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin keçən qazın həcmini hesablamadığı barədə qeyd aparılmış, X1 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 12960 m3 (1555,20 manat) olması barədə qərar qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanda quraşdırılan qaz sayğacı qapıdan çöldə quraşdırılmışdır. Cavabdehin Gəncə Qaz İdarəsinin əməkdaşları tərəfindən 27 aprel 2023cü il tarixdə ******* nömrəli akt tərtib edilərək sayğac yenisi ilə əvəzlənərək sökülüb götürülmüşdür. Bundan sonra ona haqsız yerə cərimə yazılmışdır. Cavabdehin əməkdaşları tərəfindən akt yazılmış və aktda “G-4 markalı **********0 nömrəli qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində sınıb və rəqəmli dişli çarxların üzərində əzik cızıq izləri var” kimi absurd və qanundan kənar bir rəy yazılmışdır. Buna görədə ona 1555,20 manat cərimə hesablanıb. Buna qədər c ona yazılan cərimə barədə məlumatı olmayıb. Ümumiyyətlə o, yaşlı qadındır, evdə iki xəstə qız uşağına baxır, əzab-əziyyətlə, o qapıda, bu qapıda işləyib bir təhər uşaqlarını dolandırır.Qaz sayğacına müdaxilə etmələri qeyri-mümkündür. Buna görə də, haqqında yazılan cəriməni tamamilə qanunsuz hesab edir. Qaz sayğacı evinin daxilində deyil, qapıdan kənarda (çöldə) quraşdırılıb. Bir vətəndaş kimi çöldə olan sayğac üçün məsuliyyət daşımır və cavabdeh təşkilatın sayğacını qorumaq onun borcu deyil. Cavabdeh təşkilat həmin sözügedən qaz sayğacını çöldə quraşdırıb və hər kəsin görəcəyi yerdədir və qaz sayğacına müdaxiləsi mümkünsüzdür. Ümumiyyətlə, cavabdeh təşkilatın quraşdırdığı qaz sayğacı uzun illərdir ki, çöldədir və onun heç bir təqsiri yoxdur, ola da bilməz. Ümumiyyətlə, həmin sayğaca müdaxilə olduğu barədə ona bildirməyiblər, ondan xəbərsiz, ona bildirmədən laboratoriyaya göndəriblər. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, 2023-cü ilin yanvar ayının 15-dən bəri başları qarışıq olmuş, qızının səhhəti ilə əlaqədar əməliyyat olunması üçün Bakıya, xəstəxanaya getmişlər. Çox vaxt odun ilə qızdırılan sobadan istifadə edir, qaz sobasını isə çox işlətmir. Sayğac evdən kənarda yerləşir, sayğacı kimin sındırmasından xəbəri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 27 aprel 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 3 ünvanda yaşayan abonent İddiaçı yaşadığı ünvana quraşdırılmış Zenner G-4 markalı, **********0 nömrəli sayğac yeni sayğacla – Zenner G-4 markalı, **********391 nömrəli sayğacla əvəz olunmuş, səbəb isə sayğacın əvəzlənməsi, qaynaq üsuluna keçid olmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 30 aprel 2023-cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış **********0 nömrəli qaz sayğacına baxış keçirilmiş, cavabdeh İB-nin 14-2-2/3-5-4755 nömrəli aktına əsasən G-4 markalı, **********0 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin kənar təsir nəticəsində sındığı və rəqəmli dişli çarxların üzərində əzik-cırıq izlərinin olduğu müəyyən edilmiş və dəymiş ziyanın 12960 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər **********0 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, **********0 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 12960 m3 itirilmiş təbii qaz üçün 1555,20 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Məktəb küçəsi, ev 23 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00230 olan) üzrə təbii qazın itkisinə görə abonent İddiaçı Cavabdeh tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat pul məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-6540/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6540/2023
23.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver