Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6564/2025 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən evə dair süni və əsassız olaraq tətbiq edilmiş 1555,20 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birgə ünvan 2 ünvan ilkin sənədlərlə onun mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinə dair bütün komunallar onun adınadır. xx.xx.2023-cü il tarixdə küçədən Kamaz markalı avtomobil keçən zaman onun adına olan qaz sayğacına ilişərək sayğacı sındırmışdır. Həmin vaxt onlar evdə olmamışlar. Qonşular ona zəng edərək qaz sayğacının Kamaz markalı avtomobil tərəfindən ilişərək sınmasını bildirmişlər. Həmin vaxt o, kənarda olduğu üçün və tez evə gələ bilmədiyindən qaynı X1 zəng edərək hadisəni bildirmişdir və onların evinin yanına getməsini xahiş etmişdir. Qaynı Hafiz onların evinin yanına getmiş, həmin vaxt sayğacı sındıran Kamaz markalı avtomobilin sürücüsü Hüseyn “Qaz" xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermiş, sınmış sayğacın yenisi ilə əvəz edilməsini xahiş etmişdir. X2 İdarəsinin əməkdaşları onun ünvanına gələrək sınmış qaz sayğacını yenisi ilə dəyişmişlər. Yeni sayğac qoyaraq köhnə sayğacı aparmışlar. Həmin vaxt qaz sayğacının yenisi ilə əvəz edilməsi barədə akt tərtib edilmiş, lakin aktda onun konkret hər hansı borcu olması göstərilməmişdir. Ona yeni sayğacın kartı verilmiş və ASAN xidmətə gedərək sayğacın kartını aktivləşdirməsi ona bildirilmişdir. O, ASAN xidmətə gedərək kartı aktivləşdirmişdir. Həmin vaxt ona təxmini 400 (dörd yüz) manat borcu olması bildirilmiş və hər dəfə karta pul yükləyərkən müəyyən hissəsi borca silinəcəyi bildirilmişdir. Həmin 400 (dörd yüz) manat borc da hər dəfə qaza pul yüklədikcə silinmişdir. Bir neçə gün bundan öncə yenidən qazın kartı bloklanmışdır. O, kartı blokdan çıxartmaq məqsədilə yenidən ASAN xidmətə getmişdir. Orda ona bildirmişlər ki, borcu var və borc ödənildikdən sonra kartı blokdan çıxarda bilərlər. O, hadisəni danışmış və 400 manat borcunun olmasını və həmin borcun da ödənilərək qurtardığını bildirmişdir. Həmin vaxt ona 1555,20 manat borcu olduğu bildirilmişdir. O, qaz idarəsinə getmiş, orada ona bildirmişlər ki, 2023-cü ilə qaz sayğacının sınması ilə əlaqədar olaraq qaza 1555,20 manat borcu var, həmin borc ödənilməlidir. Belə olan təqdirdə o bildirmişdir ki, ilk öncə sayğac onun təqsiri ucbatından sınmayıb, sayğacı sındıran adam zəng edib qaz idarəsinə sayğacını yeni sayğacla əvəz etdirmişdir və bu hadisə 2023-cü il tarixdə baş vermişdir, təxminən 3 ilə yaxın bir vaxtda ona bu barədə hər hansı bir məlumat verməmişlər. Bundan sonra, onun kartını blokdan çıxartmışlar, lakin bildirmişlər ki, həmin borc hər dəfə qaza pul qoyduqca silinəcəkdir. O, ona yazılmış cərimə ilə razı deyildir. Onun hər hansı bir təqsiri olmadan ona hər hansı bir cərimə yazıla bilməz, ona görə də hesab edir ki, yazılmış cərimə tam qanunsuz və əsassızdır. Ona görə də Cavabdeh İstehsalat İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* saylı aktla onun adına yazılmış 1555.20 manat cərimənin silinməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə İddiaçı iştirak etmiş iddia ərizəsində qeyd edilənlərə uyğun olan izahat vermiş və sonda irəli sürdüyü iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməldir. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05 oktyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanda sayğacın dəyişdirilmə səbəbi kimi əvəzetmə qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş aktdan görünür ki, G4 markalı Zenner tipli nomrəsi **********8 olan qaz sayğacına 10 may 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyanın həcmi 12960 m3 qeyd olunmuşdur. İşdə olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı 2023-cü ilin may ayı üçun qalıq və aktlar üzrə 1555,20 manat məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Həmin qanunun 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərarın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qərarın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qərarın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qərarın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qərarın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Göründüyü kimi qeyd edilən normaların tələbləri baxımından bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz təchizatı qurğularına ziyan vuran və qurğu sahibindən icazəsiz digər qurğulardan istifadə edən istənilən şəxs qaz təchizatı qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi fiziki şəxs olan abonentin daşıması barədə müddəa yoxdur. Belə ki, İddiaçı evinə quraşdırılmış qaz sayğacına sonuncunun və ya onun ailə üzvlərinin bu və ya digər şəkildə müdaxilə etməsi barədə hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək, iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına təbii qazdan istifadə ilə bağlı hesablanmış 1555,20 (bir min beş yüz əlli beş) manat 20 qəpik məbləğində cərimə borcu silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-6564/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6564/2025
02.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver