Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6568/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və onun barəsində qanunsuz 784 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən zərər kimi hesablanmış 784 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 43,8 kv.m olan mənzil iddiaçının xüsusi mülkiyyətində olmuş, abonent kodu **********00560 olmaqla, iddiaçı istehlakçı kimi qeydiyyata alınmışdır. 28 iyul 2023-cü il tarixdə sözügedən mənzilə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* nömrəli akt tərtib edilmiş, sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sındığı barədə qeyd aparılmış, X8 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 6480 m3 (784 manat) olması barədə qərar qəbul edilmişdir. Sözügedən mənzil sonradan iddiaçı tərəfindən X1 və bu barədə sonuncunun adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********93-05101-093013 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil həmin şəxsin xüsusi mülkiyyətində olduğundan, məhkəmə tərəfindən X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, həmin mənzil ona məxsus olmuş, mənzili 2022-ci ilin noyabr ayında X3 alqı-satqı yolu ilə satmışdır. Ev sahibinin müraciəti ilə qaz sayğacı xx.xx.2023cü il tarixdə çıxarılmış və yenisi ilə əvəz edilmiş, bununla bağlı akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə isə cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edərək onun adına 784 manat məbləğində cərimə yazılmışdır. Halbuki, sayğac dəyişdirilərkən heç bir qüsur qeyd olunmuşdur. Akt onunla əsaslandırılmışdır ki, sayğaca baxış keçirilmiş, sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sındığı müəyyən edilmişdir. İddiaçı qeyd etmişdir ki, sayğac smart kartla işlədiyindən ona hər hansı müdaxilədən söz gedə bilməz. Ona görə hesablanmış ziyanı qanunsuz və əsassız hesab edir. Sayğacın dəyişdirilməsindən 20 gün sonra akt yazılmışdır. Aktda göstərilən qüsurlar sayğac dəyişdirilərkən mövcud olmamışdır. Həmçinin, qeyd olunan sayğac mənzildən kənarda quraşdırılmışdır. Sahə nəzarətçisi tərəfindən tez-tez nəzarət edilmiş, əgər müdaxilə olunmuş olsaydı, bunu nəzarətçi görmüş olardı. Hesab edir ki, həmin akt əsasında hesablanmış borc tam və əsassızdır. Sayğaca kim tərəfindən müdaxilə edilməsi barədə məlumatları yoxdur. Qeyd edilən borc birbaşa onun adına hesablandığından özü iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, sayğac mənzildən kənarda yerləşir, sayğacın qapağının kimin sındırmasından xəbəri yoxdur. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs X4 iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, sözügedən mənzili 1 ildir ki, almışdir, cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının sındırıldığı müəyyən edilmişdir, həmin sayğacı kimin sındırmasından xəbəri yoxdur. Hesablanmış cəriməni tam əsassız və qanunsuz hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və üçüncü şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 07 iyul 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, abonent kodu **********00560 olan, ünvan 2 mənzildə yaşayan sifarişçi (istehlakçı) kimi qeydə alınmış X5 yaşadığı ünvana quraşdırılmış Aron G-4 markalı, 1502AZ**********35 nömrəli sayğac yeni sayğacla – Zenner G-4 markalı sayğacla əvəz olunmuş, səbəb isə sayğacın əvəzlənməsi olmuşdur. Digər qeydlər hissəsində “sayğacın kart yuvasının qüvvədən düşdüyü, laboratoriya rəyinin nəticəsindən asılı olaraq abonentin məsuliyyət daşıdığı” yazılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 28 iyul 2023cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi qeydə alınmış abonent İddiaçı olan və abonent kodu **********00560 olan ünvanda quraşdırılmış 1502AZ**********35 nömrəli qaz sayğacına baxış keçirilmiş, cavabdeh İB-nin 14-2-2/3-5- 7271/Q001 nömrəli aktına əsasən G-4 markalı, 1502AZ**********35 nömrəli sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sındığı, nəticədə sayğacın ALARM-İ rejimində olduğu, sayğacın yaddaş arxivinin oxunaraq sayğacda xx.xx.2023-cü il tarixində ALARM-İ rejiminin aşkar olunduğu, xətaların normadan artıq olduğu, sayğacın istismara yararsız olduğu müəyyən edilmiş və dəymiş ziyanın 6480 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş, ünvan 2 ünvanı üzrə abonent kodu **********00560 olan abonent İddiaçı saldosundan görünür ki, abonent hesabına 2012-ci ilin oktyabr ayından 2023-cü ilin iyul ayına (həmin ay da daxil olmaqla) kimi 6985 m3 sərfiyyat edilmiş, 707 manat borc hesablanmış və həmin borc iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Yuxarıda qeyd edilən Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər 1502AZ**********35 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə abonent kimi iddiaçını göstərməklə abonent kodu **********00560 olan ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, sözügedən ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, sözügedən ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, 1502AZ**********35 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 6480 m3 itirilmiş təbii qaz üçün 784 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzil (abonent kodu **********00560 olan) üzrə təbii qazın itkisinə görə abonent İddiaçı Cavabdeh tərəfindən hesablanmış 784 (yeddi yüz səksən dörd) manat pul məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-6568/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6568/2023
29.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver