Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6626/2025 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, X8 küçəsi, 2-ci döngə, ev 20 ünvanında yerləşən evə dair əsassız olaraq tətbiq edilmiş 1814,40 AZN borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ona məxsus olan, qeydiyyatda olmaqla yaşadığı Gəncə şəhəri, X8 küçəsi, 2-ci döngə, ev 20 ünvanında yerləşən yerləşən evə əsassız olaraq süni borc yazılmışdır. Bu barədə yaxın günlərdə xəbər tutmuşdur. Belə ki, cavabdeh tamamilə qanunsuzluq edərək heç bir qanuni əsas olmadan evə cərimə yazıb. Rəhmətlik atası X1 Veteranı və Müharibə Əlili idi, həm də 1-ci qrup əlil olmuşdur, sağlamlığını ölkənin azadlığı və suverenliyi uğrunda döyüşərkən itirmişdir. İndi isə cavabdeh heç bir əsas olmadan onun ailəsinə qarşı haqsızlıq edir, süni borc yazır, qazın verilməsini dayandırır. Belə də haqsızlıq olarmı? Özü tələbədir, GDU-da 3-cü kursda təhsil alır. Müharibə Veteranının və Müharibə Əlilinin ailəsinə qarşı bu hərəkətlərə necə haqq qazandırmaq olar? İddiaçı qeyd edir ki, cavabdehə müraciət edib etirazını bildirmişdir. Cavabdeh ona akt, abonent saldosu və tələbnamə verib məhkəməyə müraciət edə biləcəyini bildiriblər. Bu cərimə tamamilə qanunsuzdur. Sayğacın müayinəsini də onsuz həyata keçiriblər. Heç bir qanunsuzluğa yol verməyiblər və sayğaca müdaxilə etməyiblər. Digər bir məsələ isə sayğacın qüsuru varsa, qanunla buna istehlakçı deyil, icraçı cavabdehdir. İstehsalçı tərəfindən sayğaca 10 il təminat verilir və bu müddət başa çatdıqda da sayğac icraçı tərəfindən, yəni istehsalçı tərəfindən dəyişdirilməlidir. Ona görə də bu haqsızlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olub. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı çıxış edərək bildirdi ki, sözü gedən ünvanda ailəsi ilə birlikdə yaşayır. Qonşuluqda yerləşən evin sahibi qaz xəttinə qansuz qoşulmuşdur. Həmin qaz xətti qaz idarəsinin işçiləri tərəfindən aşkar olunan zaman onların da barəsində əsasız olaraq akt tərtib edilmişdir. Belə ki, onlar həmin qaz xəttindən istifadə etməmişlər. O, hazırda tələbədir, mərhum atası müharibə veteranı olmuşdur. Qeyd olunan halları nəzərə alaraq yazılmış borcun silinməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilən hazırlıq iclasında İddiaçı bildirmişdir ki, qonşuları qanunsuz olaraq qaz xəttinə qoşulmuş, həmin qaz xəttindən istifadə üçün onlara şərait yaratmış və onlar da həmin xətdən istifadə etmişlər. Qaz idarəsinin işçiləri qonşunun qanunsuz qoşulduğu qaz xəttini aşkarladıqda həmin xətdən onlarında istifadə etməsini müəyyən ediblər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: V seriyalı, 007745 nömrəli vəsiqədən görünür ki, X1 veteranı olmuşdur. Gəncə Dövlət Universiteti tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 01/196 nömrəli arayışdan görünür ki, Vəliyev X2 fakültənin Fiziki tərbiyə və GÇQH ixtisasının 3-cü kurs tələbəsidir. xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür və ölüm akt qeydləri kitabında 948 nömrə il qeydə alınmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 18 mart 2024-cü il tarixli aktdan görünür ki, Gəncə şəhəri, X8 küçəsi, 2-ci döngə, ev 20 ünvanında yoxlama zamanı sayğacdan kənar əlavə xəttdən istifadə halı aşkar edilmişdir. Bu səbəblə əlavə xəttin ləğv edilməsi, itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənilməsinin təmin edilməsi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanmış və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 18.1-ci maddəsinə əsasən qazpaylayıcı sistem operatoru tərəfindən müayinə ödənişsiz həyata keçirilir. 18.4-cü maddəyə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülür. 13.8-ci maddəyə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı: 6.5-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmənin mövqeyi: - Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna işin faktiki halları ilə birlikdə qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. - Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə baxış iclasında iddia etdiyi borcun silinməsinə münasibətdə sayğacdan kənar əlavə xətdən istifadə etmədiyinə göstərsədə, xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında qonşularının qanusuz qoşulduğu qaz xətdindən onların da istifadə etdiyini etiraf etmişdir. -Məhkəmə baxış iclasında iddiaçının fərqli izahat verməsini Məhkəmə iddiaçının mülki məsuliyyətdən yayınmaq cəhdi kimi qəbul edir. - Məhkəmə hesab edir ki, qaz sayğacına qanunsuz qoşulma halı müəyyən edildiyindən cavabdehin Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən dəymiş ziyan məbləğinin iddiaçıdan tələb etmək hüququ yaranmışdır . - Həmçinin iddiaçının iddiasının əsası kimi qeyd etdiyi hal-yəni tələbə olması və onun mərhum atasının müharibə veteranı olması hesablanmış zərərin qanuni və əsaslı olmamasına dəlalət etmir. - Nəzərə alınmalıdır ki, hazırki mübahisənin predmeti iddiaçının bilavasitə şəxsi keyfiyyəti ilə bağlı deyil, məhz hesablanmış zərərin qanuni olub-olmaması ilə bağlıdır. -Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, hesablanmış zərərin silinməsi üçün əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. -Beləliklə məhkəmənin gəldiyi yekun qənaətə əsasən, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-6626/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6626/2025
02.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver