Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6704/2023 24.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv olunması və həmin akt nəticəsində hesablanmış 170 manat borcun silinməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Respublikanın digər sakinlərinə olduğu kimi onun evinə də müqavilə əsasında qaz sayğacı quraşdırılmış və uzun illərdir ki, sərf etdiyi qazın dəyərini ödəyərək ondan istifadə etmişdir. Bu illər ərzində sayğac qaz idarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılmış və hər hansı bir pozuntuya yol verilmədiyi barədə aktlar tərtib olunmuşdur. Lakin bu ilin mart ayında idarənin əməkdaşları yaxınlaşaraq istifadə etdiyi qaz sayğacının istismar müddətinin başa çatması səbəbindən yenisi ilə dəyişdirilməli olduğunu bildirmişdirlər. Buna hər hansı bir etirazı olmamışdır və istifadə etdiyi sayğac çıxarılaraq yenisi ilə əvəzlənmişdir. Köhnə sayğac götürülən zaman hər hansı bir formada qablaşdırılmamış, sadəcə götürüb getmişdirlər. Bu zaman sayğacın plombları qaydasında olmuş və ona hər hansı bir uyğunsuzluq barədə məlumat verməmişdirlər. Bundan sonra yeni sayğacla yenə əvvəlki qaydada işlətdiyi qaza görə ödəmələrini apararaq qazdan istifadə etmişdir. Lakin üstündən bir neçə ay keçdikdən sonra “Azəriqaz” X1 X2 İdarəsinin əməkdaşları bildirmişdirlər ki, əvvəllər istifadə etdiyi sayğac yoxlamaya göndərilmiş və məlum olmuşdur ki, sayğacdan qaz keçsə də, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Buna görə də onun barəsində akt tərtib olunmuş və akta əsasən 170 manat borc hesablanmışdır. Sözügedən akt tamamilə qanunsuz tərtib olunmuşdur və bu səbəbdən ləğv olunmalı, akt əsasında hesablanmış borc silinməlidir. Belə ki, sayğac yoxlamaya göndərilən zaman onun nə bundan xəbəri olmuş, nə də ki, hər hansı sənədləşmədə iştirak etməmişdir. Nə yazıblarsa onun xəbəri olmadan öz istədikləri kimi yazmışdırlar. Əgər həqiqətən sayğacın mexanizmi keçən qazın həcmini qeyd etməsə belə, onun burada hər hansı bir günahı yoxdur. Çünki, sayğac küçədə olduğundan sayğacın vəziyyətinə o, gecə- gündüz nəzarət edə bilməzdi və bu barədə hər hansı bir məsuliyyət daşımır. Əgər evin daxilində olsa idi başqa məsələ. Buna görə də tərtib olunmuş aktın ləğv olunması və həmin akt nəticəsində hesablanmış 170 manat borcun silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ZENNER tipli, G4 markalı, **********8 nömrəli qaz sayğacı açılaraq ZENNER tipli, G4 markalı, **********9 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın qazı zəif verməsi olaraq qeyd edilmişdir. «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Aktın tərtib olunmasında istehlakçının iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 1440 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 1440 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ZENNER tipli, G4 markalı, **********8 nömrəli qaz sayğacı açılaraq ZENNER tipli, G4 markalı, **********9 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın qazı zəif verməsi olaraq qeyd edilmişdir. Bununla yanaşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi imtina etməsi kimi göstərilmiş, sayğac labarator müayinədən keçərkən istehlakçı məlumatlandırılmamış, iştirakı təmin olunmamış, ümumiyyətlə istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 170 manat pul silinməlidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv olunmasına gəldikdə isə məhkəmə qeyd edir ki, həmin akt hər hansı bir hüquqi nəticə yaratmadığından onun ləğvi üçün zərurət yoxdur. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 170 manat pul silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6704/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6704/2023
24.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver