Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6817/2024 28.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Ərizəçi, Maraqlı şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı, həmçinin mediator X1 iştirakı ilə bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən, birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə olan müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddənin “a” (tərəflərdən birinin təşəbbüsü ilə) bəndinə əsasən xitam verilməsini tələb edir, ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi ilə olan əmək müqaviləsinə xitam verilməsinin icrasını xx.xx.2024-ci il tarixində öz öhdəsinə götürür. Ərizəçi (Maraqlı şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı) ərizə ilə məhkəməyə müraciət edərək, onunla “NEVES 77 SOLUTİON SRL” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında əldə edilmiş xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00525 nömrəli barışıq sazişinin təsdiq edilməsi və məcburi icra tədbirlərinin görülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.2023-ci ildən, “NEVES 77 SOLUTİON SRL” şirkətinin Azərbaycan Respublikasındakı filialında “Aviasiya texnikası üzrə mühəndisi kimi çalışır. xx.xx.2024-cü ildə şirkətə öz istəyi ilə, onun işdən azad edilməsi üçün ərizə ilə müraciət etmiş, şirkət rəhbərliyi ASAN imza ilə bağlı problem olduğunu və elektron müqaviləyə xitam verilməsinin “NEVES 77 SOLUTİON SRL” tərəfindən mümkün olmadığını bildirmişdir. İşdən çıxmağı ilə bağlı ərizəsi işəgötürən tərəfindən təmin olunmadığından o, mübahisənin hüquqi müstəvidə həll edilməsi üçün ilkin olaraq Mediasiya xidmətinə müraciət etmiş və “NEVES 77 SOLUTİON SRL” şirkətinin nümayəndəsi mediasiya prosesinə dəvət edilərək barışıq sazişi bağlamaq təklif olunmuşdur. Mediasiya prosesi nəticəsində onunla “NEVES 77 SOLUTİON SRL” şirkətinin səlahiyyətli nümayəndələri arasında barışıq sazişi əldə olunmuş və “NEVES 77 SOLUTİON SRL” şirkəti onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Buna baxmayaraq, “NEVES 77 SOLUTİON SRL” şirkəti öhtəliklərinə əməl etməyərək bu günədək onun əmək müqaviləsinə xitam verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2024cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi imzalamış, lakin saziş qeyd edilən tarixdən 10 gün müddətində könüllü şəkildə icra olunmamışdır. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur. Habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Bundan başqa, ərizəçi məcburi icra tədbirlərinin görülməsini xahiş etsə də, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir, dərhal icra və ya məcburi icra üçün əsaslar hazırkı iş üzrə müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ərizə qismən təmin edilərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi “Ərizəçi Maraqlı şəxs ilə olan müqaviləsinə Əmək Məcəlləsinin 68.2 a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndinə əsasən xitam verilməsini tələb edir və Maraqlı şəxs Ərizəçi ilə olan əmək müqaviləsinə xitam verilməsinin icrasını xx.xx.2024-cü il tarixində öhdəsinə götürür.” hissəvi məzmunda təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi, Maraqlı şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı, həmçinin mediator X1 iştirakı ilə bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı hissəvi məzmunda təsdiq edilsin: “1. Tərəf 1 (Ərizəçi) Tərəf 2 (Maraqlı şəxs) ilə olan müqaviləsinə Əmək Məcəlləsinin 68.2 a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndinə əsasən xitam verilməsini tələb edir.
2. Tərəf 2 (Maraqlı şəxs) Tərəf 1 (Ərizəçi) ilə olan əmək müqaviləsinə xitam verilməsinin icrasını xx.xx.2024-cü il tarixində öz öhdəsinə götürür.” Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli