Məhkəmə qərarları › İş №2(125)-6935/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6935/2023

14.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6935/2023 14.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan fərdi yaşayış evinə əsassız olaraq borc kimi yazılmış 1570 manatın «Azəriqaz» İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən və ona məxsus olan fərdi yaşayış evi faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********0000 olmaqla, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. Həmişə vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. 21 dekabr 2022-ci il tarixində cavabdehin əməkdaşları onun ünvanına gələrək mexaniki sayğacın istifadə müddəti (5 il) bitdiyi üçün dəyişdirilməli olduğunu bildirmiş və sayğacı digər mexaniki sayğacla dəyişdirmişdirlər. Sayğac dəyişdirilərkən cavabdehin əməkdaşları onun üzərində əvvəllər qoyulmuş möhür və plombun toxunulmamış saxlanıldığının şahidi olmuşlar. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. xx.xx.2023-cü il tarixində elektron qaydada qaz sərfiyyatı borcunu ödəmək istərkən ona 1582.54 manat borc yazıldığının şahidi olmuşdur. O, bununla əlaqədar “Azəriqaz” İstehsalat Birliyinə müraciət etmiş, müxtəlif sənədlər toplamışdır və məlum olmuşdur ki, 29 aprel 2023-cü il tarixində onun iştirakı və xəbəri olmadan akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 1570 manat borc yazılmışdır. Guya onun həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. Lakin o, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o, harasa dəvət olunmamışdır. 1570 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğac çıxarılan zaman qaz istismar sahəsinin əməkdaşları tərəfindən sayğasa müdaxilə olunmasını aşkar etməmişlər, sayğaca müdaxilə olunması sonradan “Azəriqaz” İstehsalat Birliyinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Ona görə də, əsassız olaraq borc kimi yazılmış 1570 manatın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, əlavə olaraq göstərdi ki, 21 dekabr 2022-ci il tarixində sözügedən ünvanda qaz sayğacı dəyişdirilmiş, dəyişdirilərkən heç bir qüsur aşkarlanmamışdır. Sayğacın dəyişdirilməsinin səbəbi istismar müddətinin bitməsi ilə əlaqədar olmuşdur. 2023-cü ilin sentyabr ayının əvvəlində qaz borcunu ödəyəndə 1852,54 manat borc məbləğini görmüş, həmin ünvanda qaz sərfiyyatı az olduğundan texniki xəta olduğunu düşünmüşdür. Bundan sonra “Azəriqaz” İstehsalat Birliyinin qaynar xəttinə zəng etmiş, borc olduğu deyilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ELSTER tipli, G4 markalı, ******* nömrəli qaz sayğacı açılaraq ZENNER tipli, G4 markalı, **********2 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi istismar müddətinin bitməsi olaraq qeyd edilmişdir. «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki 1574-1 nömrəli rəyə əsasən sayğacın çıxış plastmas borusu istilik nəticəsində oturacaqdan aralanmışdır. (Aktın tərtib olunmasında istehlakçının iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur.) xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 12960 m3 itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 12960 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ELSTER tipli, G4 markalı, ******* nömrəli qaz sayğacı açılaraq ZENNER tipli, G4 markalı, **********2 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi istismar müddətinin bitməsi olaraq qeyd edilmişdir. Bununla yanaşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, 1574-1 nömrəli rəyə əsasən sayğacın çıxış plastmas borusu istilik nəticəsində oturacaqdan aralanmışdır. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi imtina etməsi kimi göstərilmiş, sayğac labarator müayinədən keçərkən istehlakçı məlumatlandırılmamış, iştirakı təmin olunmamış, ümumiyyətlə istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Həmçinin, qaz istismar idarəsinin əməkdaşları sayğacın yenisi ilə əvəz edilməsinin səbəbini onun istismar müddətinin bitməsi ilə əlaqədar olduğunu qeyd etdikləri halda, digər tərəfdən istismar müddəti bitmiş sayğacın işləməməsində iddiaçını təqsirli hesab etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə12960 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1555,20 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib iş üzrə ödənilməli olan 35,55 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 12960 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1555,20 manat pul silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən dövlət rüsumu hesabına 35,55 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar