Məhkəmə qərarları › İş №2(125)-6974/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6974/2025

02.03.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(125)-6974/2025 02.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSI Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2 və Həsən-zadə Polattəkin Bəbir oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Həsən-zadə Polattəkin Bəbir oğluna qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Həsən-zadə Polattəkin Bəbir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2012ci il təvəllüdlü X2 Gəncə şəhəri, Aidə İmamquliyeva küçəsi, ev 11, mənzil 32 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının müəyyən edilməsi və həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh cavabdeh2 ilə ##.##.2009-cu il tarixdə ailə qurmuş, həmin ünvana gəlin köçmüş, cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Cavabdehlə aralarında olan narazılıqlara görə nikahları pozulmuş, uşaqları Aylin və Aynur onun himayəsində qalmışdır. 2025-ci ilin dekabr ayının 07-də uşaqlarla birlikdə atası evindən gələrkən, cavabdehlər qapını açmamışdır. Uşaqları saat 09-dan 02-yə kimi yağışın altında qalsa da, ataları-hazırki iş üzrə cavabdeh cavabdeh2 bir dəfə belə maraqlanmamışdır. Uşaqlarının haqqını tələb edir. Belə ki, uşaqları həmin evdə doğulub-böyümüşdür. Hazırda cavabdehlər onun cehiz əşyalarından istifadə etsələr də, onun həmin evdə yaşamasına imkan vermədikləri üçün məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mənzil atasına məxsusdur. 17 illik ailəsi dağılmış, uşaqlar analarının himayəsində qalmışdır. Məhkəmə tərəfindən təyin olunmuş alimenti vaxtlı-vaxtında ödəyir. İddiaçı evdə nalayiq ifadələr işlətmiş, onkoloji xəstə olan anasının yatmaması üçün qəsdən səs-küy etmişdir. Bu hərəkətlərinə görə atası iddiaçının onlarla bir evdə yaşamasına icazə verməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Həsən-zadə Polattəkin Bəbir oğlu mənzilin özünə məxsus olduğunu, oğlu ilə gəlininin boşandıqlarını və iddiaçı nalayiq ifadələr işlətdiyinə görə onlarla birlikdə yaşamalarına razı olmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş:- ##.##.2010-cu il tarixli və ##.##.2012-ci il tarixli, AZ-II ****** nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin ##.##.2009-cu ildə Aylin və ##.##.2012-ci ildə Aynur adlı uşaqları anadan olmuşdur. ##.##.2025-ci il tarixli, MŞG/*-***** nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, tərəflər ##.##.2025-ci il tarixdə, saat 10:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı İddiaçı 66 manat mediasiya xərcini ödəmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı ##.##.2010-cu il tarixdən Gəncə şəhəri, X3 küçəsi, ev 4 ünvanında qeydiyyatdadır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, cavabdeh2 ilə İddiaçı arasında ##.##.2009-cu il tarixdə qeydə alınmış nikahın pozulması, uşaqları Aylin və Aynurun anaları İddiaçı yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh2 sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 201011000706-05101-****** reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Aidə İmamquliyeva küçəsi, ev 11 ünvanında yerləşən ** nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla tam hissədə Həsən-zadə Polattəkin Bəbir oğlunun adına rəsmi reyestrdə qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı iddia etmişdir ki, cavabdeh cavabdeh2 ilə ##.##.2009-cu il tarixdə ailə qurmuş, həmin ünvana gəlin köçmüş, cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Cavabdehlə aralarında olan narazılıqlara görə nikahları pozulmuş, uşaqları Aylin və Aynur onun himayəsində qalmışdır. 2025-ci ilin dekabr ayının 07-də uşaqlarla birlikdə atası evindən gələrkən, cavabdehlər qapını açmamışdır.Uşaqları həmin evdə doğulub-böyümüşdür. Hazırda cavabdehlər onun cehiz əşyalarından istifadə etsələr də, onun həmin evdə yaşamasına imkan vermədikləri üçün məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mübahisələndirdiyi mənzilə ##.##.2009-cu il tarixdə gəlin köçərkən həmin mənzil order əsasında X4 məxsus olsa da, sonradan mənzil 2021-ci ildə mülkiyyət hüququ ilə X4 adına rəsmi reyestrdə qeydə alınaraq tərəflər arasında mövcud olan hüquq və vəzifələrin həcmi dəyişmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə ## #### 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» ## ###### 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Göründüyü kimi, iddiaçı İddiaçı mübahisələndirdiyi mənzil keçmiş qayınatası Həsən-zadə Polattəkin Bəbir oğlunun mülkiyyətində olmaqla, iddiaçının həmin mənzilə hər hansı hüququnun olması məhkəmə araşdırması zamanı müəyyən olunmamış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına aid olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı İddiaçı iddia ərizəsi təmin edilə bilməz. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Həsən-zadə Polattəkin Bəbir oğluna qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Həsən-zadə Polattəkin Bəbir oğluna qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar