Məhkəmə qərarları › İş №2(3-9)-308/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-308/2026

20.05.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-308/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı iddiaçı3, onun nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı3 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Azərbaycan Respublikası Füzuli Rayonu Icra Hakimiyyəti Başçısının Horadiz şəhəri Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı3 ünvan 2 ünvanında daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, iddiaçı3 ##.##.2002-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, iddiaçı2 ##.##.2005-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, iddiaçı4 ##.##.2008-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, iddiaçı1 ##.##.2013-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Füzuli Rayonu Icra Hakimiyyəti Başçısının Horadiz şəhəri Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən kommunal ev iddiaçı3 anası X1 adına dövlət tərəfindən bərpa olunmuşdur. Iş materiallarında olan Təsərrüfatbaşına Uçot Kitabından çıxarışdan görünür ki, X2 adına ünvan 1 ünvanında inşa edilmiş divarları mişar daşından tikilmiş 4 otaqdan ibarət olan, 2 mərtəbəli, ümumi sahəsi 266,1 kv.m fərdi yaşayış evi mülkiyyətindədir. 1987-ci il tarixdə həmin ev inşa edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 606012000169-***** reyestr nömrəli çıxarış əsasında müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. ##.##.2017-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 266, 1 kv.m olan fərdi yaşayış evini Cavabdeh 12500 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 606012000169-***** reyestr nömrəli çıxarış əsasında müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2017- ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və sonuncunun xüsusi mülkiyyətindədir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı ünvan 2 ünvanına istifadə hüquqlarının tanınması və həmin ünvana köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddiaçılar iddia ərizəsini belə əsaslandırmışdır ki, onlar əvvəlki ünvanı ünvan 3, hazırkı ünvanı isə ünvan 2 olan ünvanda rəsmi qeydiyyatdadırlar. Məcburi köçkün düşdükdən sonra cavabdeh həmin ünvanda yerləşən yaşayış və torpaq sahələrini zəbt etmiş, onları evə buraxmamışdır. Halhazırda onlar həmin evdən istifadə edə bilmirlər və kirayədə yaşayırlar. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh bildirmişdir ki, o, ünvan 2 ünvanında yerləşən yaşayış evini satın alaraq öz adına qeydiyyata aldırmışdır. Həmçinin evi almamışdan qabaq iddiaçılarla tanışlığı olmamış, onları tanımamışdır. Lakin o, həmin evi aldıqdan sonra iddiaçı iddiaçı3 ona zənglər edərək evin özünə məxsus olduğunu bildirmişdir. Cavabdeh isə həmin evi pul verərək aldığını və heç bir qanunsuz hərəkət etmədiyini ona demişdir. Ona görə cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Elmir Ismayılov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və II hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərardadının nəticə hissəsinə istinad edərək əsaslandırmış, qeyd etmişdir ki, iddiaçıların məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı iddiaçı3 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Belə ki, hal-hazırki mübahisə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakla bağlıdır. Həm cavabdehə məxsus çıxarışda qeyd edilən, həm də iddiaçının ailəsi ilə birgə qeydiyyatda olduğu və məcburi köçkün düşənədək yaşadığı ünvan eynidir. Lakin bu o demək deyildir ki, həmin ünvanda olan və ayrı-ayrılıqda tərəflərə məxsus olan daşınmaz əmlaklar da eynidir. Hal-hazırda sözügedən ünvanda faktiki olaraq iki daşınmaz əmlak mövcuddur. Bunlardan biri çıxarışda qeyd edilən, digəri isə iddiaçının qeydiyyatda olduğu və istifadəsində olmuş əmlakdır. Məhkəmə tərəfindən işə baxılan zaman ilkin olaraq müəyyənləşdirilməli olan hallardan biri məhz iddiaçının mübahisələndirdiyi daşınmaz əmlak ilə çıxarışda qeyd edilən əmlakın eyni olub-olmaması ilə bağlıdır. Bunun üçün həmin ünvanın ümumi bir baxış keçirilərək həcmi müəyyənləşdirilməli, daha sonra isə daşınmaz əmlakların hüquqi koordinatları ilə faktiki koordinatları və həcmləri aydınlaşdırılmalı idi. Bu zaman iddiaçının mübahisələndirdiyi əmlakın cavabdehlə heç bir əlaqəsi olmadığını aydın şəkildə görərdi. Bildiririk ki, hazırda Azərbaycan Respublikasında, xüsusilə rayon və qəsəbə ərazilərində ünvanlaşdırma sistemi bir çox hallarda ümumi xarakter daşıyır. Praktikada geniş yayılmışdır ki, böyük bir ərazi yalnız küçə adı və ev nömrəsi ilə qeyd edilir, lakin həmin ümumi ünvan daxilində birbirindən asılı olmayan, fərqli şəxslərə məxsus daşınmaz əmlak obyektləri yerləşir. Bu cür hallarda eyni ünvan adı altında bir neçə fərdi yaşayış evi, ayrı-ayrı torpaq sahələri, müxtəlif ailələr tərəfindən istifadə edilən tikililər mövcud olur. Eyni ünvanın göstərilməsi daşınmaz əmlakların eyni obyekt olması demək deyildir. Bütün bunlara baxmayaraq, məhkəmənin yalnızca cavabdehin çıxarışına əsaslanaraq, kifayət qədər araşdırma aparamadan, iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlməsi hüquqa və həqiqətə bariz şəkildə ziddir. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iddiaçının ünvan 2 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna dair subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir, lakin bu nəticə iş üzrə faktiki halların və təqdim edilmiş sübutların tam və düzgün araşdırılmaması, eləcə də ünvan və daşınmaz əmlak anlayışlarının formal yanaşma ilə eyniləşdirilməsi nəticəsində yaranmış və iddiaçının qanuni əmlak hüquqlarını pozmuşdur. Bildiririk ki, iddiaçı tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bir sıra sənədlər təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sübutları kifayət qədər araşdırmadan, bir-birini təkzib edən sübutlar kimi qiymətləndirmişdir. Belə ki, iş materiallarında olan AR Daxili Işlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa münasibətdə məhkəmə qeyd etmişdir ki, “həmin arayış iddiaçıların tələblərinin əsasını təşkil etmədiyi üçün mötəbər sübut hesab oluna bilməz. Belə ki, həmin arayışda cavabdehlər ünvan 2 deyil, ünvan 3 ünvanında qeydiyyatda olduqları qeyd olunub.” Halbuki məhkəmənin bu qənaəti iş üzrə faktiki hallara uyğun olmayaraq formal yanaşma nəticəsində formalaşmışdır. Belə ki, sözügedən yaşayış evi uzun müddət əvvəl Kirov küçəsi adı ilə ünvanlaşdırılmış, sonradan isə inzibati qaydada aparılmış dəyişikliklər nəticəsində həmin küçə 20 Yanvar küçəsi kimi adlandırılmışdır. Iddiaçı və ailə üzvləri ünvan dəyişdirilməmişdən xeyli əvvəl həmin yaşayış yerində rəsmi qeydiyyata alınmışlar. Məhkəmə isə ünvanın əvvəlki və hazırkı adlandırılması arasında əlaqəni araşdırmamış, küçə adının nə vaxt və hansı əsasla dəyişdirildiyini müəyyən etməmiş, müvafiq icra orqanlarından bu barədə məlumat tələb etməmişdir. Halbuki sözügedən küçənin adının dəyişdirilməsi barədə məhkəmənin məlumatının olamdığını düşünmək tamamilə absurddur. Digət tərəfdən isə ünvanın adının dəyişdirilməsi həmin yaşayış yerinin faktiki və hüquqi eyniliyini aradan qaldırmır. Sadəcə olaraq küçə adlarının fərqli olması faktına əsaslanaraq arayışın mötəbər sübut kimi qəbul edilməməsi, sübutların məcmu və mahiyyəti üzrə qiymətləndirilməsi prinsipinə ziddir. Sözügedən arayış iddiaçıların mübahisəli yaşayış evində uzunmüddətli qeydiyyatda olduqlarını təsdiq edir və tələbin əsassız olmadığını göstərən mühüm sübutlardan biridir. Eyni zamanda məhkəmə Füzuli Rayonu Icra Hakimiyyəti Başçısının Horadiz şəhəri Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa münasibət bildirərək, həmin arayışın Daxili Işlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışla təkzib olunduğunu vurğulamışdır. Lakin nümayəndəlik tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışın özü belə, mübahisəli yaşayış yerinin ünvanının əvvəllər Kirov küçəsi, hazırda isə 20 Yanvar küçəsi kimi adlandırıldığını açıq şəkildə təsdiq edir. Bu arayış Daxili Işlər Nazirliyi tərəfindən verilmiş qeydiyyat arayışı ilə ziddiyyət təşkil etmir, əksinə, həmin arayışda göstərilən ünvan fərqinin inzibati ad dəyişikliyindən irəli gəldiyini izah edir və tamamlayır. Məhkəmə isə bu iki arayış arasında məzmun əlaqəsini araşdırmadan, yalnız küçə adlarının fərqli olmasını əsas götürərək, onları bir-birini təkzib edən sübutlar kimi qiymətləndirmişdir. Halbuki biri yaşayış yerində rəsmi qeydiyyat faktını, digəri isə həmin yaşayış sahəsinin ünvan adının dəyişdirilməsi faktını, hər iki ünvanında əslində eyni olduğunu təsdiq edir. Bu arayışlar birlikdə qiymətləndirildikdə, iddiaçıların eyni yaşayış evində uzunmüddətli və fasiləsiz şəkildə yaşadıqlarını göstərir. Vurğulamaq lazımdır ki, ##.##.2025-ci il tarixli arayış eyni zamanda mübahisəli yaşayış sahəsinin konkret təsərrüfata və konkret ailəyə aid olduğunu təsdiq etməkdədir. Qeyd edək ki, müvafiq dövrdə faktiki olaraq şəxslərin istifadə etdikləri torpaq sahələri və həmin sahələrdə yerləşən yaşayış evləri “təsərrüfat” adı altında uçota alınırdı. Bu uçot hansı evin, hansı torpaq sahəsinin, hansı ailənin istifadəsində olduğunu müəyyən etmək məqsədi daşıyırdı. Bu baxımdan, mübahisəli evin **** nömrəli təsərrüfatda göstərilməsi, həmin evin iddiaçının ailəsinə, konkret olaraq onun anasına aid olduğunu təsdiq edən mühüm faktiki sübutdur. Arayışda göstərilən daha bir mühüm hal ondan ibarətdir ki, sözügedən kommunal yaşayış evi 2001-ci ildə dövlət tərəfindən iddiaçının anasının adına bərpa edilmişdir. Dövlət tərəfindən aparılan bərpa işləri təsadüfi şəxsin istifadə etdiyi evə deyil, faktiki sahib və istifadəçi kimi tanınan şəxsin adına həyata keçirilirdi. Bu fakt isə onu göstərir ki, həmin yaşayış evi dövlət orqanları tərəfindən də iddiaçının anasına məxsus və onun ailəsi tərəfindən istifadə edilən ev kimi qəbul edilmişdir. Qaldı ki, iddiaçının tələbi konkret bir yaşayış sahəsinə yönəlmişdir, hansı ki məhkəmənin ilkin olaraq iddiaçının hansı yaşayış sahəsini mübahisələndirdiyini dəqiq müəyyənləşdirməsi prosessual baxımdan zəruri idi. Mübahisə predmetinin cavabdehin çıxarışındakı əmlakla eyni olub-olmadığını müəyyən etmək üçün məhkəmə tərəfindən əraziyə yerli baxış keçirilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən iddiaçıya məxsus olan yaşayış sahəsi ilə cavabdehin adına qeydiyyatda olan sahənin texniki pasportu və koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı zəruri tədbirlər görməli idi. Məhkəmə iddianın predmetini aydınlaşdırmadan, ünvan eyniliyinə əsaslanaraq birbaşa nəticə çıxarmışdır ki, bu da prosessual baxımdan düzgün yanaşma hesab edilə bilməz. Həmçinin belə bir vəziyyətdə məhkəmə tərəfindən subyektiv hüququn mövcudluğunun tam araşdırılmadan inkar edilməsi də hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Iddiaçı mübahisəli yaşayış evinə münasibətdə azı istifadə hüququnun tanınmasını tələb etmək üçün zəruri hüquqi marağa və faktiki əsaslara malikdir. Bütün bu hallar məhkəmənin işə qərəzli şəkildə baxdığını deməyə əsas verməkdədir. Məhz bütün bu qeyd olunanlara əsasən, hesab edir ki, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə əsassızdır və ləğv edilməlidir.” Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı iddiaçı3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən iddiaçı iddiaçı3, onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatlarında bildirdilər ki, iddia tələbi mövcud istifadə hüququnun realizəsinə yönəlmişdir və həmin hüquq faktiki olaraq mövcuddur. Kommunal evdən istifadə hüququ əvvəlki sahiblik dövründən etibarən formalaşmışdır. Cavabdeh plan-ölçüdə “A” tikilisi kimi qeyd edilmiş hissəyə münasibətdə mülkiyyət hüququ əldə etdikdən sonra belə, həmin kommunal evdən istifadə hüququna dair texniki pasportun və ya çıxarışın mövcud olmaması bu hüququn həyata keçirilməsi üçün maneə hesab edilə bilməz. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı tərəfin verdiyi izahatlar iddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsində araşdırma həmin istiqamətdə aparılmamışdır və apellyasiya icraatı mərhələsində iddianın predmetinin və əsasının dəyişdirilməsi yolverilməzdir. Bundan əlavə, Mülki Məcəllənin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı və həmin hüquqlar yalnız dövlət reyestrində qeydə alındıqdan sonra hüquqi qüvvə qazanmış hesab olunur. Buna görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı iddiaçı iddiaçı3 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında iddiaçı iddiaçı3 münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 152 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.3 istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı iddiaçı3 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticələri sarsıtmır və qətnamənin ləğv edilməsi üçün əsas vermir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları qanunun tələblərinə uyğun şəkildə qiymətləndirmiş, işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını da düzgün tətbiq etmişdir. Buna görə də apellyasiya şikayətində irəli sürülən iddialar daha çox fərziyyə, ehtimal və ehtimal xarakterli izahlar üzərində qurulmuş, sübutetmə baxımından yetərli məzmuna malik olmamışdır. Əvvəla, qeyd edilməlidir ki, iş üzrə yeganə hüquqmüəyyənedici sənəd dövlət reyestrindən verilmiş çıxarışdır. Iş materiallarında olan Təsərrüfatbaşına Uçot Kitabından çıxarışdan görünür ki, X2 adına ünvan 1 ünvanında inşa edilmiş divarları mişar daşından tikilmiş 4 otaqdan ibarət olan, 2 mərtəbəli, ümumi sahəsi 266,1 kv.m fərdi yaşayış evi mülkiyyətindədir. 1987-ci il tarixdə həmin ev inşa edilmiş, həmin ev alqı-satqı müqaviləsi əsasında hazırkı iş üzrə cavabdeh Cavabdeh satılmış, hazırda adına dövlət qeydiyyatına alınmış və onun xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı ilə əlaqədar hüquqi rejim ondan ibarətdir ki, qeydiyyata alınmış hüquq reyestrdə göstərilən məzmuna uyğun şəkildə tanınır və reyestr qeydinə qarşı etirazın mövcudluğu və ya qeydin qeyri-dəqiqliyi qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikcə, həmin qeyd hüquqi baxımdan etibarlı sayılır. Hazırkı işdə nə reyestr qeydinə qarşı müvafiq qaydada iddia irəli sürülmüş, nə də çıxarışın etibarsızlığı sübuta yetirilmişdir. Bu səbəbdən cavabdehin mülkiyyət hüququ məhkəmə tərəfindən şübhə altına alına bilməz. Iddiaçı tərəfin “əgər yerində baxış keçirilsəydi, iki ayrı əmlakın olduğu görünərdi” məzmunlu dəlili də əsaslı deyildir. Məhkəmə yerli baxış və ya əlavə texniki araşdırma aparmağa yalnız o halda ehtiyac duya bilər ki, iş üzrə təqdim olunmuş ilkin sübutlar həmin araşdırmanı zəruri etsin. Məhkəmənin isə tərəflərin yalnız fərziyyəyə əsaslanan iddialarını əsas götürərək mübahisəli əmlak üzrə geniş sahə araşdırması aparması prosessual baxımdan məcburi deyildir. Məhkəmənin vəzifəsi istənilən iddianın mümkün fərziyyə üzrə yox, sübutlar üzrə araşdırılmasıdır. Burada isə iddiaçı tərəfin təqdim etdiyi materiallar mübahisəli obyektin cavabdehin çıxarışında göstərilən obyektlə fərqli olduğunu təsdiq etmir. Buna görə də yerli baxışın aparılmaması qətnamənin qanuniliyini sarsıtmır. Apellyasiya şikayətində Daxili Işlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa xüsusi əhəmiyyət verilməyə çalışılmışdır. Lakin həmin arayışın hüquqi mahiyyəti qeydiyyat faktının təsdiqindən ibarətdir və mülkiyyət hüququ, yaxud yaşayış sahəsindən istifadə hüququ yaratmır. Yaşayış yeri üzrə qeydiyyat yalnız şəxsin müəyyən ünvanda dövlət tərəfindən uçota alınmasını göstərir, bu isə, özlüyündə, daşınmaz əmlak üzərində nə mülkiyyət, nə də məhdud əşya hüququ yaradır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərardadının nəticə hissəsində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Birinci instansiya məhkəməsi bu mənada haqlı olaraq həmin sənədi iddianın əsasını təşkil edən hüquqmüəyyənedici sübut kimi qəbul etməmişdir. Xüsusilə vacib məqam budur ki, həmin arayışlarda iddiaçının ailə üzvlərinin qeydiyyatı 20 Yanvar küçəsi, ev 40 deyil, Kirov küçəsi, ev 40 ünvanında göstərilmişdir. Bu fakt isə, əksinə, iddiaçının arqumentini gücləndirmir, çünki qeydiyyat sənədi ilə çıxarışdakı ünvan arasında zahiri fərq mövcuddur və bu fərq iddiaçının hüququnun mövcudluğunu deyil, daha çox ünvan yazılışlarının uyğunlaşdırılması ilə bağlı mübahisəni göstərir. Amma həmin uyğunlaşdırılma belə, iddiaçının tələb etdiyi istifadə hüququnun yaranması üçün yetərli deyildir. Iddiaçılar həmin fərqi “köhnə küçə adı sonradan dəyişdirilib” arqumenti ilə izah etməyə çalışmışlar. Lakin bu izah iş üzrə sübutlarla təsdiqlənmir. Küçə adının nə vaxt və hansı qaydada dəyişdirildiyini göstərən rəsmi sənəd, inzibati qərar və ya ünvan dəyişikliklərinin hüquqi müqayisəsinə imkan verən dövlət aktı iş materiallarına təqdim olunmamışdır. Ən əsası, küçə adının dəyişməsi ehtimalı belə, avtomatik olaraq iddiaçıya istifadə hüququ vermir. Çünki Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tələb olunur. Iş materiallarında isə nə belə bir notarial razılaşma var, nə də dövlət qeydiyyatına alınmış istifadə hüququ. Odur ki, küçə adının dəyişdirilməsi barədə mülahizə, təkbaşına, iddiaçının subyektiv hüququnu yaratmağa kifayət etmir. Apellyasiya şikayətində Füzuli Rayon Icra Hakimiyyəti Başçısının Horadiz şəhəri Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa da istinad olunur. Həmin arayışda qeyd edilir ki, 20 Yanvar küçəsi, ev 40 ünvanında yerləşən kommunal ev iddiaçı3 anası X1 adına dövlət tərəfindən bərpa olunmuşdur. Lakin bu sənəd də iddiaçının istinad etdiyi hüquqi nəticəni doğurmur. Arayış yalnız məlumat xarakteri verir, o, mülkiyyət hüququnun mövcudluğunu, istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasını və ya mülkiyyətçiyə qarşı tələb irəli sürmək üçün subyektiv hüququn yaranmasını, o cümlədən gözlənilən mülkiyyət hüququnun olmasını təsdiqləmir. “Dövlət tərəfindən bərpa olunmuşdur” ifadəsi də hüquqi baxımdan çoxmənalıdır və özlüyündə nə mülkiyyət hüququ, nə də məhdud əşya hüququ yaradır. Əgər qeyd olunan arayışla hansısa hüququn mövcudluğu sübuta yetirilə bilsəydi, dövlət reyestrinin hüquqi əhəmiyyəti faktiki olaraq aradan qaldırılmış olardı. Halbuki “daşınmaz əmlakın dövlət reyestri məlumatlarının həqiqiliyi və tamlığı prezumpsiyası” belə qənaətə gəlməyə imkan vermir. Apellyasiya şikayətində daha bir xətt ondan ibarətdir ki, guya məhkəmə iddianın predmetini düzgün müəyyən etməmiş, “A tikilisi”, “kommunal ev”, “plan-ölçü” və digər elementlərə münasibətdə araşdırma aparmamışdır. Lakin bu dəlil də qənaətbəxş sayılmamalıdır. Çünki apellyasiya şikayətində qeyd edilən bu arqumentlər mahiyyət etibarilə birinci instansiyada irəli sürülmüş iddia əsasını genişləndirmək, hətta müəyyən mənada dəyişdirmək cəhdi kimi qiymətləndirilməlidir. Halbuki apellyasiya icraatında tərəf, birinci instansiyada araşdırılmayan tamamilə yeni iddia predmetini və ya yeni hüquqi əsasları şikayət adı altında təqdim edə bilməz. Apellyasiya icraatı mövcud qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması mərhələsidir, iddiaçının sonradan formalaşdırdığı yeni hüquqi təsəvvürlərin birinci dəfə araşdırılması üçün nəzərdə tutulmamışdır. Bu baxımdan cavabdeh tərəfin nümayəndəsinin “iddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsinə yönəlmiş izahatlar” barədə etirazı məntiqidir və işin prosessual çərçivəsinə uyğundur. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıların subyektiv hüququnun mövcudluğunu araşdırarkən Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə də istinad etmişdir. Həmin hüquqi mövqeyə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və özü-özlüyündə məhdud əşya hüququ mənasında istifadə hüququ ehtiva etmir. Bu yanaşma hazırkı mübahisədə xüsusilə əhəmiyyətlidir. Çünki iddiaçı tərəf faktiki yaşama, ailəvi bağlılıq və köçkünlük tarixçəsinə istinad etsə də, həmin faktların hüquqi olaraq istifadə hüququna çevrilməsi üçün tələb olunan formal şərtləri təsdiq edə bilməmişdir. Mülki hüquqda subyektiv hüquq yalnız qanunun tələb etdiyi qaydada yaranır, əks halda həmin hüquq başqasından müəyyən davranış tələb etmək və ya müdafiə hüququ irəli sürmək üçün yetərli əsas vermir. Digər tərəfdən, iddiaçı tərəfin “kommunal evdən istifadə hüququ əvvəlki sahiblik dövründən formalaşıb” arqumenti də hüquqi müstəvidə sübuta yetirilməmişdir. Əgər belə bir istifadə hüququ doğrudan da mövcud idisə, onun hüquqi əsası ya mülkiyyətçi ilə bağlanmış müqavilə, ya notarial təsdiqli razılaşma, ya da dövlət reyestrində qeydiyyat olmalı idi. Bu sənədlər olmadan yalnız faktiki istifadə, ailənin orada yaşamış olması və ya sonrakı inzibati arayışlar istifadə hüququnun yaranmasını göstərmir. Iş materiallarında belə bir hüquqi əsas olmadığı üçün birinci instansiya məhkəməsinin iddianı rədd etməsi tamamilə qanunauyğundur. Nəhayət, xüsusi qeyd olunmalıdır ki, apellyasiya şikayətində irəli sürülən dəlillər əsasən birinci instansiya məhkəməsinin sübutları “kifayət qədər araşdırmaması” barədə ümumi və abstrakt iraddan ibarətdir. Lakin yalnız belə ümumi irad, konkret prosessual pozuntu və ya sübutun səhv qiymətləndirilməsini göstərmir. Məhkəmə hansı sübutu niyə qəbul etmədiyini açıq şəkildə əsaslandırmışdır: Qeydiyyat arayışlarının hüquqmüəyyənedici xarakter daşımaması, nümayəndəlik arayışının həmin qeydiyyatla ziddiyyət təşkil etməsi, reyestr çıxarışının isə cavabdehin xeyrinə mülkiyyət hüququnu təsdiqləməsi göstərilmişdir. Buna görə də qətnamənin əsaslandırılmamış olduğu barədə iddia faktla uyğunlaşmır. Birinci instansiya məhkəməsi iş üzrə sübutların məcmusuna əsasən nəticəyə gəlmiş və nəticə də iş materiallarına uyğundur. Bütün qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğvi üçün hüquqi əsas yaratmır. Birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, mübahisəli yaşayış sahəsi üzərində cavabdehin dövlət qeydiyyatına alınmış xüsusi mülkiyyət hüququnun mövcudluğunu əsas götürərək iddianı rədd etmişdir. Iddiaçı tərəfin isə yaşayış sahəsindən istifadə hüququna dair nə notarial razılaşması, nə dövlət reyestrində qeydə alınmış hüququ, nə də mübahisəli əmlakın cavabdehin mülkiyyətində olan obyektlə eyni olmamasını göstərən mötəbər sübutu vardır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (vəkil2nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı iddiaçı3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar