Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-703/2023 25.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, onun nümayəndələri X9 və X7, cavabdeh (digər cavabdehlərin qanuni nümayəndəsi) Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “3500 manat kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “3500 manat kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan mənzilindən formal qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 və övladları xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh4 və xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh4 3500 manat məbləğində kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanı 2020-ci ilin mart ayının 4-də 4Ə-661 reyestr nömrəli müqavilə ilə atası Ələddin Həsənov tərəfindən ona bağışlanmışdır. Mənzil bağışlanan zaman orada qeydiyyatda cavabdeh olan qardaşı Cavabdeh1 buna razılığını bildirmişdir. Lakin Gəncə “Asan xidmət” mərkəzi DİN-ə xx.xx.2022-ci il tarixdə öz xüsusi mülkiyyətində olan mənzilə ailəsini qeydiyyata salmaq üçün getmiş, orada məlum olmuşdur ki, əlavə olaraq Cavabdeh1 iki övladı da ona məxsus mənzildə qeydiyyatdadır. Bunun nə vaxt olduğunu soruşduqda ona bildirmişlər ki, 2019-cu ildə qeydiyyata düşmüşlər. Bu necə ola bilər ki, atası arayışı əvvəl alanda Cavabdeh1 və Cavabdeh2 olmuşdur. İndiyə qədər aldığı polisin məktubunda və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda Cavabdeh1 və Cavabdeh2 qeyd edilmişdir. Hazırki arayışa əsasən Cavabdeh3 və Cavabdeh4 da ona məxsus mənzildə qeydiyyatdadır. O, iddiaçı olaraq cavabdehə kompensasiya verməklə mənzildən olan istifadə hüquqlarına xitam verilməsi üçün yenidən iddia qaldırmaq məcburiyyətində qalmışdır. Çünki onun hazırkı cavabdeh olan qardaşı Cavabdeh1 iştahı çox böyükdür. Belə ki, qardaşı Həsənov Vüsala məxsus olan torpağın ilkin sənədləri də cavabdeh tərəfindən götürülmüş və sonra qardaşının ona etibarnamə verməsini istəmişdir. Avtomobilə dair texniki pasport və Gəncə şəhəri, Sevinc qəsəbəsində onların pul vəsaiti ilə alınmış torpaq və evə dair ilkin sənədlərdə Cavabdeh1dır. Hazırda cavabdeh öz ailəsi ilə göstərilən Sevinc qəsəbəsində yaşayır. Cavabdehə əlavə avtomobil də verilmişdir. Hazırda cavabdehin istifadəsindədir. Ona ******* nömrəli arayış verilmiş və həmin arayışda xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Cavabdehlər bu ünvanda faktiki yaşamırlar. Başqa ünvanda Sevinc qəsəbəsində yaşayırlar. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzildə formal qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, əlavə olaraq bildirdi ki, ona məxsus olan mübahisəli mənzil 4 otaqlı olmaqla təxmini qiyməti 50000 manatdan yuxarıdır. Onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında formal qeydiyyatda olan cavabdehlərin 3500 manat kompensasiya verilməklə çıxarılmasını istəyir. Həmin məbləği artırmaq niyyəti yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (atası) X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (qardaşı) X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh (digər cavabdehlərin qanuni nümayəndəsi) Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Gəncə şəhəri, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzilə 29 avqust 1982-ci ildə qeydiyyata düşmüş və həmin mənzildə yaşamışdır. Hətta o, 1-ci sinfə də həmin mənzildə yaşadığı dövrdə getmiş və Mircəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2016-cı ildə X12 ilə nikaha daxil olmuş və X4 şəhəri, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzilə gəlin köçmüşdür. Övladı Cavabdeh2 da həmin ünvanda yaşadıqları dövrdə onunla X8 birgə nikahından anadan olmuşdur. Lakin 2019-cu ilin avqust ayında onun anasının ölümündən sonra İddiaçı ailə daxilində əsassız mübahisələr yaratmışdır. Buna görə də arvadı Səkinə Nəcəfova ilə birlikdə məcburən Gəncə şəhəri, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzili müvəqqəti tərk etmək məcburiyyətində qalmışdır. İddiaçı yaranmış vəziyyətdən istifadə edərək, 04 mart 2020-ci il tarixli bağışlama müqaviləsi əsasında mübahisəli mənzilin öz adına keçirilməsinə nail olmuşdur. İddiaçı onun Gəncə şəhəri, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildən istifadə hüquqlarının itirilməsi ilə bağlı iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1298/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ona heç bir kompensasiya vermədiyinə görə iddia tələbi rədd edilmişdir. Qətnamədə onun mübahisəli mənzildən istifadə hüququnun olması əks olunmuşdur. Qarşı tərəfin iddiasına görə guya atası X9 vəsiyyətnaməsində ona Məhsəti qəsəbəsində yerləşən evini və “VAZ-21013” markalı avtomobilini vermiş və ya vəsiyyət etmişdir. Bunların hamısı yalandır. Çünki Məhsəti qəsəbəsindəki ev ona verilməmiş, onun həmin evlə bağlı heç bir sənədi yoxdur. O, həmin evdə müvəqqəti yerləşmişdir. Anası vəfat etdikdən sonra atası onun Məhsəti qəsəbəsindəki evdə müvəqqəti yerləşməsini və orada ev tikməsi üçün kredit götürüb ona verəcəklərini bildirmiş, o da atasına inanmış və heç bir sənəd tələb etmədən mübahisəli mənzilin bacısı Turanəyə bağışlanmasına razı olmuşdur. Avtomobilə gəldikdə isə həmin avtomobil ona etibarnamə əsasında verilmiş, buna görə də həmin avtomobil onun deyil atasının mülkiyyəti sayılır. Odur ki, Gəncə şəhəri, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildən istifadə hüquqları vardır və sözügedən mənzildən yalnız kompensasiya verilməklə çıxa bilər. Lakin iddiaçının ona təklif etdiyi kompensasiyanın məbləği ilə razı deyil və həmin məbləğ çox azdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 azyaşlı olduqlarından məhkəmə iclasında iştirak etməmiş, onların mənafeyi qanuni nümayəndəsi tərəfindən qorunmaqla qanuni nümayəndələləri vasitəsilə təmsil olunmuşlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. **********100 nömrəli, 8İ-8100 reyestr nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Mülkiyyətçiyə qarşı heç bir iddiası və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 19 may 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.1971-ci il təvəllüdlü X1 129, ev 10A, mənzil 16 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 30 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı, xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1938-ci il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1986-cı il təvəllüdlü X15 və xx.xx.1971-ci il təvəllüdlü X5 şəhəri, Atatürk prospekti 129, ev 10A, mənzil 16 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrdən çıxarışın notarial qaydada təsdiq olunmuş görünür ki, ********** qeydiyyat nömrəli, 28 mart 2020-ci il tarixli, **********68-05101-093019 reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 129, ev 10A, mənzil 16 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********68- 05101-093019 reyestr nömrəli mənzilin texniki pasportundan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 129, ev 10A, mənzil 16 ünvanı 4 otaqlı olmaqla ümumi sahəsi 88,5 kvadratmetr və İddiaçı məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 08 iyun 2022-ci il tarixli, 120-17501H-32 nömrəli məktubunda ünvan 3 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. 04 mart 2020-ci il tarixli, 4Ə-661 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X6 şəhəri, Atatürk prospekti, 129, ev 10A, mənzil 16 ünvanında yerləşən mənzili qızı İddiaçı bağışlamışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1298/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiasi təmin edilməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Cavabdeh1 1982-ci ildən Gəncə şəhəri, Atatürk prospekti, 129, ev 10A, mənzil 16 ünvanında qeydiyyatda olmaqla, digər ailə üzvləri ilə birlikdə 2019-cu ilin avqust ayınadək orada yaşamışdır. Qeyd olunan mənzili atası 04 mart 2020-ci il tarixli bağışlama müqaviləsi əsasında bacısı İddiaçı Nurəddin qızına hədiyyə etmişdir. Hal-hazırda mübahisəli ünvan ünvan 5ə iddiaçının mülkiyyətindədir. Cavabdeh isə mənzilin əvvəlki mülkiyyətçisinin oğlu olmaqla uzun müddət orada yaşamışdır. İddiaçı olan İddiaçı cavabdeh olan qardaşı Cavabdeh1 və onun ailə üvlərinin mübahisəli mənzildən 3500 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, həmin məbləğin artırılması niyyətində olmadığını bildirmiş, Cavabdeh1 isə verilən kompensasiya məbləği ilə razı olmamışdır. Həmçinin Gəncə Şəhər Məhkəməsinin 2(125)-1298/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiasi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Göründüyü kimi, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli yaşayış sahəsi ilə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o və azyaşlı uşaqları heç gözləmədikləri bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqlar. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehin və onun azyaşlı uşaqlarının mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi müqabilində onlara iddiada göstərilən məbləğdə kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Təklif olunan kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Əksinə təklif edilən kompensasiya məbləği yetərli deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “3500 manat kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “3500 manat kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-703/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-703/2023
25.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver