Məhkəmə qərarları › İş №2(125)-7046/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7046/2023

30.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7046/2023 30.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, Ərizəçi – mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 21 iyul 2023cü il tarixdə onunla Maraqlı şəxs arasında birgə nikahdan olan övladları – xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat alimentin ödənilməsinə dair mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikahda olmuş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1419/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 anası Maraqlı şəxs himayəsində saxlanması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin Maraqlı şəxs xeyrinə tutulması və alimentin tutulmasının başlanğıcının xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Ərizəçi məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Maraqlı şəxs ilə nikahdan iki uşaqları - xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 doğulmuşdur. Aralarında daim narazılıqlar olduğundan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1419/2019 nömrəli qətnaməsi ilə Maraqlı şəxs ilə nikahları pozulmuş, uşaqların analarının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutulub Maraqlı şəxs xeyrinə verilməsi qət edilmişdir. Bundan sonra Maraqlı şəxs ilə barışıb birgə yaşamışlar, birgə yaşayışlarından 01 oktyabr 2022-ci il tarixdə X9 adlı övladları anadan olmuşdur. O, məhkəmədə alimentin azaldılması tələbinə dair iddia qaldırmışdır, məhkəmədə işə baxılması ərəfəsində mediasiya prosesi zamanı aralarında bir çox məsələrlə bağlı barışıq sazişi bağlamışlar. Belə ki, 21 iyul 2023-cü il tarixli barışıq sazişi ilə birgə nikahdan olan uşaqlarının saxlanması üçün Maraqlı şəxs hər ay uşaqların hər birinə 80 manat olmaqla, cəmi 240 manat aliment verəcəyini öhdəsinə götürmüşdür. Hazırda o, həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır, maraqlı şəxs ona verdiyi aliment məbləği ilə razılaşmır, yüksək aliment verməyini tələb edir. Bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, əvvəlcə alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etsə də, həmin işə baxılan ərəfədə mediasiya prosesində alimentin hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən edilməsi barədə razılığa gəlmişlər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirdi ki, üçüncü uşaqları Ümid nikahları məhkəmə qaydasında pozulandan sonra doğulmuşdur, onun üçün də aliment tələb edir. Hesab edir ki, alimentin hər uşaq üçün 80 manat olmaqla, ümumilikdə 240 manat məbləğində olması çox azdır, uşaqların ehtiyacları gündən-günə çoxalır, ən azı hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment tələb edir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixli, AZ-İ 313573 nömrəli Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında olan nikah ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli, AZ-İ 402425 nömrəli Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.2022-ci il təvəllüdlü X6 atası hesab edilmişdir. İş materiallarında olan barışıq sazişindən görünür ki, mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 xx.xx.2019-cu il tarixində hər bir uşağa görə məhkəmə tərəfindən müəyyən olunmuş 150 manat aliment pulunun azaldılıb hər birinə 80 manat olmaqla, cəmi 160 manat müəyyən olunması və üçüncü uşağın - qeyri-rəsmi nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X9 üçün də 80 manat olması üçün məhkəmə tərəfindən cəmi 240 manat müəyyən olunmasına razılaşmışlar. Ərizəçi ilə Maraqlı şəxs məhkəmədən uşaqların aliment pulunun əvvəlki məhkəmə tərəfindən müəyyən olunmuş cəmi 300 manatın azaldılıb və üçüncü uşaq üçündə 80 manat, cəmi 240 manat müəyyən olunması üçün məhkəməyə müraciət etməyə razılaşmışlar. Tərəflər digər şərtləri yəni uşaqların ana himayəsində qalmasına və atanın uşaqlarla istədiyi vaxt görüşməsi, ünsiyyət saxlamasına və ata Ərizəçi uşaqların yetkinlik yaşına çatana kimi təhsilində, tərbiyəsində və vətənpərvər ruhda böyüməsində öz nəzarətini daim onların üstündə saxlamasına öz aralarında razılaşmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Hazırda isə ərizəçinin qeyd etdiyi hissədə barışıq sazişinin könüllü icra edilməməsi və ya icrasından imtina edilməsi müəyyən edilmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sözügedən barışıq sazişində tərəflər sazişdə qeyd edilən məbləğdə alimentin müəyyən olunması üçün məhkəməyə müraciət etməyə razılaşmışlar. Beləliklə, ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi – mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar