Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7091/2023 15.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borcun hesabdan silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB-nin Gəncə RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 787,20 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evinə “Zenner” tipli, G-4 markalı, **********088 nömrəli qaz sayğacı quraşdırılmış və həmin sayğac adına qeydiyyata alınmışdır. 11 oktyabr 2023cü il tarixdə “Azəriqaz” İB- nin Gəncə RQİİ-nin Gəncə QİS-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış ünvanında quraşdırılmış “Zenner” tipli, G-4 markalı **********088 nömrəli qaz sayğacının istismar müddəti bitdiyi üçün çıxarılaraq, yeni “Zenner” tipli, G-4 markalı, **********646 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılaraq yenisi ilə əvəz edilməsinə səbəb isə növbəti dövlət yoxlaması, sayğacın istismar müddətinin bitməsi olmuşdur. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin aktda çıxarılan sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmamışdır. Həmin akt əsasında itirilmiş qaz sərfiyyatı kimi əsassız olaraq ona 787,20 manat borc yazılmışdır. xx.xx.2023-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı və həmin akt əsasında itirilmiş qaz sərfıyyatı kimi ona hesablanmış 787,20 manat borc məbləğini qanunsuz və əsasız hesab etmişdir. Əvvəla, qaz sayğacı çıxarılarkən sayğaca vizual baxış keçirilmiş, çıxarılmış sayğacda heç bir nöqsan aşkar edilməmişdir. Eyni zamanda aktların və digər sənədlərin surətləri də ona verilməmişdir. Bundan başqa qaz sayğacı yoxlanılması üçün laboratoriyaya aparılırsa, onun iştirakı təmin edilməlidir və onun iştirakı ilə bağlı akt tərtib edilməli idi ki, bu da olmamışdır. Eyni zamanda sayğacın əvəzlənməsinə səbəb çıxarılmış sayğacın istismar müddətinin bitməsi olmuşdur. Cavabdeh qeyd olunan sayğaca onun və ailə üzvlərinin tərəfindən hər hansı müdaxilənin olunması barədə sübut təqdim etməlidir. Qaz sayğacı da küçədə quraşdırılmış və həmin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunda çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********088 nömrəli qaz sayğacı açılaraq, ZENNER tipli, G4 markalı, **********646 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi növbədən kənar dövlət yoxlaması olaraq qeyd edilmişdir. Aktın tərtib olunmasında istehlakçının nümayəndəsi Nümayəndə iştirakı göstərilsə də, istehlakçının nümayəndəsi aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğacın çıxış plasmas borusu deşilmişdir. Aktın tərtib olunmasında istehlakçının iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 6480 m3 itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 6480 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********088 nömrəli qaz sayğacı açılaraq, ZENNER tipli, G4 markalı, **********646 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi növbədən kənar dövlət yoxlaması olaraq qeyd edilmiş və sayğacın çıxış borusunun deşilməsi ilə əlaqələndirilmişdir. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi imtina etməsi kimi göstərilmiş, sayğac labarator müayinədən keçərkən istehlakçı məlumatlandırılmamış, iştirakı təmin olunmamış, ümumiyyətlə istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 6480 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 777,6 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş 6480 m3 qaz sərfiyyatına görə İddiaçı hesablanmış 777,6 manat pul silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-7091/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7091/2023
15.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver