Məhkəmə qərarları › İş №2(125)-714/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-714/2023

16.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-714/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X7 atası olması faktının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 200 manat sabit pul məbləğində alimentin, eləcə də 50 manat məbləğində mediasiya xərcinin və ödədiyi 50 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, 2019-cu ildə cavabdeh Şəhmuz ilə faktiki nikaha daxil olmuşdur. Onların nikahlarından 14 may 2020-ci ildə X10 anadan olmuşdur. Cavabdehlə birlikdə yaşadıqları müddətdə tez-tez mübahisələri olmuş və həmin mübahisələri nəticəsində onların birgə yaşamaqları mümkün olmamışdır. Ona görə də Gəncə şəhəri Hacıkənd qəsəbəsində yaşayan valideynləri evinə oğlu Emillə birlikdə gəlmişlər. Oğlu Emil 14 may 2020-ci ildə anadan olduqdan iki ay sonra cavabdehdən ayrılmışdır. Bu müddət ərzində azyaşlı Emilin saxlanması üçün heç bir maddi yardım göstərməmişdir. Emil azyaşlı olduğu üçün onu baxımsız qoyub işləyə bilmir. Valideynlərinin də maddi imkanları zəif olduğu üçün Emilin maddi təminatını təmin edə bilmir. Cavabdeh Gəncə şəhərində fəaliyyət göstərən “Azpetrol”-da inspektor vəzifəsində çalışır və yaxşı maaşı var. Buna baxmayaraq o, sabit pul məbləğində aliment tələb etmək məcburiyyətindədir. Məlumdur ki, uşaq böyüdükcə maddi tələbatı da artır. Odur ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X7 atası olması faktının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 200 manat sabit pul məbləğində alimentin, eləcə də 50 manat məbləğində mediasiya xərcinin və ödədiyi 50 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, iddia ərizəsində cavabdeh X3 əvəzinə səhvən Cavabdeh yazılmışdır. Cavabdehin X6 qeyd olunmasını xahiş etmiş və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutulmasına etiraz etməmişdir. Cavabdeh X6 əvvəlki məhkəmə iclası zamanı ərizə təqdim edərək, bildirmişdir ki, xx.xx.2020-ci il təvəllüdlü X10 onun övladıdır, hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment ödəməyə razıdır. Ona görə də iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatları, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan arayışdan görünür ki, oğlu X10 xx.xx.2020-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur. Atası X1 Şəhmuz Nizaməddin oğlu, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər faktiki evlənərək, nikahlarını rəsmiləşdirməmişlər. Birgə ailə həyatlarından xx.xx.2020-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. Aralarında baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar və ayrılarkən azyaşlı uşaq iddiaçının himayəsində qalmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Belə olan halda məhkəmə tələbin atalığın müəyyən edilməsi hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh X6 iddiaçıdan xx.xx.2020-ci ildə doğulmuş X10 adlı uşağın atasıdır. Məhkəmə alimentlə bağlı məsələyə münasibət bildirərək onu qeyd edir ki, iddia tələbinin aliment hissəsi də təmin edilməlidir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyi, onun normal, yəni qida rassionuna uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, təhsili ilə bağlı xərcləri, uşaqlar üçün yaşayış minumumunu və tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, azyaşlı uşağın saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağının saxlanılmasına kömək və uşağına qayğı göstərmək onun valideynlik borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü ilin yaşayış minumumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay əmək haqqının ¼ hissəsi miqdarında alimentin alınması azyaşlı uşağın qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.12-ci bəndinfə qeyd edilir ki, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 25 manat xərc və ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. X6 İddiaçı xx.xx.2020-ci ildə doğulmuş X10 adlı uşağın atası hesab edilsin. 29 noyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci ildə doğulmuş X10 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 25 (iyirmi beş) manat xərc və ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar