Məhkəmə qərarları › İş №2(125)-7239/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7239/2023

14.12.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7239/2023 14.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, 2021-002241 saylı barışıq sazişini təsdiq edərək, birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs 2021-ci ilin dekabr ayının 15-dən başlayaraq 2021-ci ilin sonunadək 150 manat sabit pul məbləğində aliment məbləğini ödəyəcəyini öz öhdəliyinə götürməsinə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment məbləğini ona ödəyəciyinə, daha sonra xx.xx.2022-ci il tarixdən başlayaraq aliment məbləğini artıraraq növbəti aylar üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat alimentin tutulmasına dair barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Maraqlı şəxs ilə nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 09 sentyabr 2017-ci il təvəllüdlü X4 və 23 avqust 2018-ci il təvəllüdlü X5 anadan olmuşdurlar. 16 dekabr 2021-ci il tarixdə cavabdehlə mediasiya prosesində barışıq sazişi imzalayaraq, cavabdehin alimenti hissə-hissə ödəməsi ilə razılıq əldə etmişlər, lakin cavabdeh tərəf alimenti ödəməmiş, ödəməkdən imtina etmişdir. Gəliri azdır, uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Buna görə də məcbur olub, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə maraqlı şəxsin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq 2021-ci ilin sonuna kimi 150 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyini, sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyini, daha sonra isə xx.xx.2022-ci il tarixdən alimentin məbləği artırılaraq hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğini ödəyəcəyini öhdəsinə götürmüşdür. AZ-İV 011849 nömrəli və AZ-İV 174623 nömrəli doğum haqqında şəhadətnamələrin əsli ilə üzləşdirilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Rüqəyya, xx.xx.2018-ci il tarixdə isə Yusif adlı uşaqları anadan olmuşdur. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, ərizəçinin izahatını dinləyib, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.(“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2021-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi qanuna zidd deyildir, habelə barışıq sazişi üçüncü şəxslərin hüquqlarına toxunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq 2021-ci ilin sonuna kimi 150 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat və xx.xx.2022-ci il tarixdən alimentin məbləği artırılaraq, hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimenti ödəməsini öhdəsinə götürməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar