Məhkəmə qərarları › İş №2(125)-7417/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7417/2024

26.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7417/2024 26.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə, Ərizəçi – mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 10 dekabr 2021-ci il tarixli, MŞİH-08657 nömrəli barışıq sazişinin məcburi icrası ilə bağlı qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək 10 dekabr 2021-ci il tarixli, MŞİH-08657 nömrəli barışıq sazişinin yalnız alimentlə bağlı məsələsinə baxılmasını və barışıq sazişinin həmin hissədə təsdiq edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikahından üç uşaq – xx.xx.2005-ci təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. xx.xx.2005-ci təvəllüdlü X2 yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda ərizəçinin yanındadır. Ərizəçi məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Maraqlı şəxs ilə birgə nikahından üç övladı doğulmuşdur. Bir müddət birlikdə yaşasalar da, sonradan fikir ayrılıqları olduğuna görə ayrılmaq qərarına gəlmişlər. Aliment və uşaqlarla ünsiyyətlə bağlı məhkəməyə müraciət etmək üçün Mediasiya Təşkilatına müraciət etmişlər. Mediator təyin edilmiş və mediatorun təklifinə əsasən barışıq sazişi bağlamışlar. Yəni birgə evliliklərindən xx.xx.2005-ci ildə doğulmuş X2, xx.xx.2008-ci ildə doğulmuş X3 və xx.xx.2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2022-ci ilin yanvar ayından başlayaraq hər ayın 01-05 dək hər bi uşağa 180 manat, cəmi olaraq 540 manat sabit pul məbləğində alimentin tutularaq Ərizəçi verilməsi barədə razılığa gəlmişlər. Lakin hazırda Maraqlı şəxs barışıq sazişində nəzərdə tutulmuş öhdəliyi icra etmir, belə ki, alimenti ödəmir. Bundan başqa barışıq sazişinin təminatı kimi gələcəkdə hər iki tərəfin barışıq sazişində göstərilən razılığa əsasən heç bir maneə yaradılmayacağına görə, alimentin vaxtında ödənilməsinə görə məhkəmə qaydasında təsdiq olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, barışıq sazişi bağlanandən bəri cəmi 2 ay ödəniş olunub. Barışıq sazişi bağladıqları vaxtdan yəni 2021ci ildən bəri faktiki olaraq ayrı yaşayırlar. Hazırda uşaqların xərcləri xeyli artmışdır, ona görə də mediasiya prosesində maraqlı şəxslə onun arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizənin təmin edilməsinə, yəni barışıq sazişinin alimentlə bağlı hissədə təsdiq edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-cİ il tarixli, MŞİH-08657 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs aşağıdakı məzmunda saziş bağlamışlar:

1. Ərizəçi və Maraqlı şəxs arasında Gəncə “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi xx.xx.2002-ci il tarixdə verilmiş İİAZ-№ 012807 saylı nikahın pozulması ilə əlaqədər qanunvericiliyə uy)ğun olaraq məhkəməyə muraciət edərək, məhkəmə qaydası ilə nikahın pozulmasına tərəflər qarşılıqlı razılıq əldə etdilər.

2. Ərizəçi və Maraqlı şəxs arasında olan xx.xx.2005-ci il təvəllüdllü X2, xx.xx.2008ci il təvəllüdlü X3 və 27 09.2012-ci il təvəllüdlü X5 anaları Ərizəçi yanında saxlanılmasını tərəflər qarşılıqlı razılıq əldə etdilər.

3. Sazişin imzalanandan sonra ata Maraqlı şəxs xx.xx.2005-ci il təvəllüdlü X2. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana dək saxlanılması üçün 2022-ci ilin yanvar ayından başlayaraq hər ayın 01-05 dək hər bir uşağa görə 180 (bir yüz səksən) manat, cəmi olaraq 540 (beş yüz qirx) manat sabit pul məbləğində aliment tutularaq, Ərizəçi verilsin.

4. Ərizəçi və Maraqlı şəxs arasında birgə nikahdan anadan olmuş azyaşlılar xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 ataları Maraqlı şəxs ilə istənilən vaxt ünsiyətinə tərəflər qarşılıqlı razılıq əldə etdilər.

5. Ərizəçi və Maraqlı şəxs arasında birgə nikahdan anadan olmuş azyaşlılar xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana dək Ərizəçi Maraqlı şəxs və Maraqlı şəxs Ərizəçi ölkə hüdüdlarından kənara çıxarılması ilə bağlı razılıq (etibarnamə) verilməainə tərəflər qarşılıqlı razılıq əldə etdilər.

6. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

7. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini. idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış. məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər. ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.

8. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.

9. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər.

10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində ərizəçi və maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi xeyrinə hər ay hər bir uşağa görə 180 manat olmaqla cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin hər ayın 01 tarixindən 05 tarixinə kimi ödəyəcəyini öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini tam olaraq könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-cİ il tarixli, MŞİH-08657 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Saziş imzalanandan sonra ata Maraqlı şəxs xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin yanvar ayından başlayaraq hər ayın 01- 05 dək hər bir uşağa görə 180 (bir yüz səksən) manat, cəmi olaraq 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, Ərizəçi verilsin” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli, MŞİH-08657 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Saziş imzalanandan sonra ata Maraqlı şəxs xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin yanvar ayından başlayaraq hər ayın 01-05 dək hər bir uşağa görə 180 (bir yüz səksən) manat, cəmi olaraq 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, Ərizəçi verilsin”. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar