Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-742/2025 26.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Kreditor "xxxx" KB ASC, borclu Cavabdeh kreditorun xeyrinə 882 manat əsas, 143,83 manat faiz, 91,63 manat cərimə borcu olmaqla, cəmi 1117,46 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor "xxxx" KB ASC ərizəsində göstərmişdir ki, "xxxx" lizinq şirkəti MMC ilə borclu Cavabdeh arasında 12 ay müddətinə, illik 34 faiz ödəmək şərti ilə 690 manat məbləğində xx.xx.2015-ci il tarixli daxili lizinq müqaviləsi bağlanmışdır. "xxxx" ASC ilə "xxxx" lizinq şirkəti MMC arasında bağlanan xx.xx.2013-cü il tarixli “Faktorinq Müqaviləsi”nə əsasən "xxxx" lizinq şirkəti MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini "xxxx" (Unibank KB ASC-ə) güzəşt etmiş və bu barədə "xxxx" lizinq şirkəti MMC tərəfindən "xxxx" KB ASC-ə tələb hüququnun keçməsi barədə arayış verilmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" KB ASC-ə keçməsi barədə lizinq alana müvafiq bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 2.1-ci maddəsinə əsasən Lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və Lizinq alana istifadəyə verməyi, Lizinq alan isə obyektini qəbul edib, müəyyənləşirilmiş dövriliklə lizinq ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Lakin borclu müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda həmin müqaviləyə əsasən lizinq alan lizinq ödənişlərini vaxtında ödəmədikdə, lizinq şirkətinin xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 faizi miqdarında dəbbə pulu ödəməlidir. Tələb hüququnun keçməsi və yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən borcluya bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan borc məbləği ödənilməmişdir. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4595/2015 nömrəli, 07 sentyabr 2015-ci il tarixli məhkəmə əmrinə əsasən kreditor "xxxx" ASC-nin xeyrinə ünvan 1 ünvanında yaşayan Cavabdeh 882 manat əsas, 143,83 manat faiz, 91,63 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1137,46 (bir min yüz otuz yeddi manat qırx altı qəpik) manat məbləğində pulun tutulması əmr edilmişdir. Borclu Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə əmrinə etiraz verərək, əmrin ləğv edilib işə onun iştirakı ilə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(043)-4595/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə etiraz təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4595/2015 nömrəli, 07 sentyabr 2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində 2(125)-742/2025 nömrəli mülki iş üzrə tələb hüququnun 22 noyabr 2021-ci il tarixli 02/21UB nömrəli müqavilə əsasında "xxxx" Kommersiya Bankı ASC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki "xxxx" MMC) keçdiyini bildirmiş və iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin əsl İddiaçı ASC ilə əvəz olunmasını məhkəmədən xahiş etmiş, məhkəmənin müvafiq qərardadı ilə iddiaçı "xxxx" Kommersiya Bankı ASC əsl İddiaçı ASC ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakının imkan xaricində olduğunu bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 15-0060135 nömrəli, 30 yanvar 2015-ci il tarixli daxili lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən lizinq şirkəti 690 manat (dollar ekvivalenti 882 ABŞ dolları) məbləğində olan bir ədəd “HP HP 15-D053 SE” markalı notbuku - lizinq obyektini satıcıdan əldə etməyi və aşağıdakı şərtlərlə lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini əldə edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etməyi qarşılıqlı surətdə öz öhdələrinə götürmüş, lizinq obyekti lizinq alana 12 ay müddətinə xx.xx.2016-cı il tarixinədək, illik mükafat faizi 34 faiz ödəmək şərtilə verilmişdir. Lizinq ödənişləri üzrə ödəniş cədvəli 1 saylı Əlavədə nəzərdə tutulur. İş materiallarında olan ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2016-cı il tarixinədək hər ay 88 ABŞ dolları, sonuncu ay 84,74 ABŞ dolları ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli tələb hüququnun keçməsi haqqında arayışdan görünür ki, "xxxx" MMC ilə "xxxx" KB ASC arasında imzalanmış (Faktorinq Müqaviləsinə) Tələbin güzəşt edilməsi haqqında Müqaviləyə əsasən aşağıda qeyd edilən haqqlar (vəsait) "xxxx" KB ASC tərəfindən "xxxx" MMC-yə tam olaraq ödənildiyi üçün bu arayışda qeyd edilmiş lizinq müqaviləsi üzrə tələb hüquqları tam olaraq "xxxx" MMC tərəfindən "xxxx" KB ASC-yə keçmişdir. Tələb hüququ keçdiyi ana "xxxx" KB ASC tərəfindən ödənilmiş məbləğ 882 ABŞ dolları təşkil edir. Tələb hüququ tam keçdiyi üçün "xxxx" KB ASC qeyd edilən lizinq müqaviləsi üzrə bütün hüquqlara (əsas borcu, faiz borcunu, mükafatı, dəbbə pulunu (cərimə, penya) və s. tələb etmək) malik olmaqla borcludan öhdəliyin icrasını tam tələb edə bilər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh FC15-0060135 nömrəli müqavilə üzrə xx.xx.2015-ci il tarixə "xxxx" KB ASC-yə 882 ABŞ dolları əsas, 143,83 ABŞ dolları faiz borcu, 91,63 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1117,46 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Məcəllənin 431.3-cü maddəsinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinin tələbinə görə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 656-cı maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir (maddə 656). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, cavabdeh ilə "xxxx" lizinq şirkəti MMC arasında bağlanmış lizinq müqaviləsinə əsasən, MMC lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə versə də, cavabdeh lizinq obyektindən istifadə üçün müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Lizinq müqaviləsi üzrə "xxxx" lizinq şirkəti MMC-nin cavabdehə qarşı tələb hüququ faktorinq müqaviləsi əsasında "xxxx" Kommersiya Bankı ASC-yə, sonuncu tərəfindən isə həmin tələb hüququ 22 noyabr 2021-ci il tarixli 02/21UB nömrəli müqavilə əsasında İddiaçı ASC-yə (əvvəlki "xxxx" MMC) keçmişdir. Göstərilən güzəşt edilmə barədə cavabdeh məlumatlandırılmışdır. Daxili lizinq müqaviləsi üzrə tələb hüququ iddiaçıya güzəşt edildiyindən, iddiaçı cavabdehdən daxili lizinq müqaviləsi üzrə yaranmış əsas borcun və illik mükafat faizinin tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edərsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddindən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərinin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. İş materiallarından və işin araşdırılmış obyektiv hallarından görünür ki, lizinq alan daxili lizinq müqaviləsi üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində Lizinq verən müqavilə şərtinə əsasən 91,63 manat məbləğində dəbbə pulu hesablamışdır. Məhkəmə 91,63 manat dəbbə pulu məbləğini tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə məbləğini azaldaraq 44 (qırx dörd) manat müəyyən edilməsinin daha məqsədə uyğun olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və iddia tələbinin həddini də nəzərə alaraq hesab edir ki, cavabdeh 15-0060135 nömrəli, 30 yanvar 2015-ci il tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə cavabdehdən iddiaçının xeyrinə sözügedən müqavilə üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 882 manat, gecikdirilmiş mükafat qismində 143,83 manat, dəbbə pulu qismində 44 manat olmaqla, cəmi 1069,83 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçıya qeyd edilən məbləğdə ziyan vurduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdeh etirazında faizin və cərimənin düzgün hesablanmadığını yalnız ümumi sözlərlə qeyd etsə də məhkəməyə iddia tələbini təkzib edəcək, əsas borcun və illik mükafat faizinin düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə 31,17 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin olunduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzində 19,52 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 0,48 manat hissəsi iddiaçıya aid edilməli, həmçinin cavabdehdən 11,17 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 15-0060135 nömrəli, 30 yanvar 2015-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 882 manat, gecikdirilmiş mükafat qismində 143,83 manat, dəbbə pulu qismində 44 manat olmaqla, cəmi 1069,83 (bir min altmış doqquz manat səksən üç qəpik) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 19,52 (on doqquz manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 11,17 (on bir manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-742/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-742/2025
26.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver