Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7521/2023 23.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxs qarşı tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, Maraqlı şəxslə al adəti ilə ailə qurmuş və onların birgə nikahından xx.xx.2014-cü il tarixdə X2 və xx.xx.2020ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatında bir sıra məsələlərə dair onların aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən onların hər ikisi nikahın dərhal pozulmasına razı olmuşlar. Eyni zamanda cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat miqdarında alimentin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Daha sonra aralarında olan nikahın pozulmasına dair məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4713/2023 nömrəli qətnaməsinə əsasən onların arasında olan nikah pozulmuşdur. Aliment məsələsi isə mediasiyada barışıq sazişi əsasında öz həllini tapdığından həmin hissəyə aid qərar çıxarılmamışdır. Hazırda Maraqlı şəxs barışıq sazişinin alimentə dair hissəsini icra etməkdən boyun qaçırır. Buna görə də qeyd edilən barışıq sazişinin alimentə dair hissədə icraya yönəldilməsində zərurət yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə görə məhkəməyə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, AZ-İİİ seriyalı 396632 nömrəli və AZ-İV seriyalı 457955 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 xx.xx.2014-cü il tarixdə və X6 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Həmin uşaqların atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşdə olan Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, 1.Nikahın davam etdirilməsi məsələsi ilə bağlı razılıq əldə edilmədi, Ərizəçi və Maraqlı şəxs Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 1818 nömrəli akt qeydi tərtib edilmiş nikahın pozulmasını istəyir və buna görə birinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq; 2.Tərəflər razılaşırlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X6 anası Ərizəçi yanında qalsın; 3. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə ödənilsin. Aliment bu Saziş imzalandığı gündən hesablansın; 4.Tərəflər razılaşırlar ki, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020ci il təvəllüdlü X3 həftənin istənilən günü, vaxt və Gəncə şəhər daxilində ərazi məhdudiyyəti olmadan Maraqlı şəxs ilə uşaqla ünsiyyət hüququ təmin ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355-26.1.2ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və barışıq sazişinin həmin hissəsi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında 27 may 2023-cü il tarixdə Gəncə 2 saylı Mediasiya Təşkilatında bağlanmış MŞG/MTO/2023-00038 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: «Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə ödənilsin. Aliment bu Saziş imzalandığı gündən hesablansın». Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-7521/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7521/2023
23.11.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver