Məhkəmə qərarları › İş №2(125)-762/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-762/2024

09.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-762/2024 09.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı əsasında ona hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onun qızı X1 məxsusdur. O da qızı ilə birlikdə həmin evdə yaşayır. Evin qaz sayğacı onun adınadır. Evlərində olan mexaniki qaz sayğacı çox pul yazdığından şübhələndiyi üçün cavabdeh X7 İstismar İdarəsinə müraciət etmişdir ki, sayğacı elektron sayğacla əvəz etsinlər. xx.xx.2023-cü il tarixdə İdarənin əməkdaşı İntiqam və tanımadığı digər əməkdaş gəlib evin mexaniki sayğacını çıxarıb əvəzində elektron sayğac quraşdırmışlar. Həmin vaxt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə Qazın sərfiyyatına görə karta pul qoymaq istəmişdir. Ancaq bu mümkün olmamışdır. “ASAN xidmət” mərkəzinə gedib bunun səbəbini öyrənəndə məlum olmuşdur ki, onlara 1555,20 manat cərimə yazılmışdır. O, bununla əlaqədar cavabdeh orqana müraciət etmişdir. Oradan ona ******* saylı akt təqdim etmiş və bildirmişlər ki, guya təhvil verdikləri mexaniki qaz sayğacının hesablama mexanizminin qoruyucu plasmast qapağının üz və yan hissəsi kənar təsir nəticəsində sınmışdır. Buna görə “Azəriqaz” İB-nin rəyinə əsasən 12960 m3 dəymiş ziyan hesablanmışdır. Bu ziyana görə ona 1555,20 manat borc yazılmışdır. Cavabdeh orqan tərəfindən ona bu barədə xəbərdarlıq məktubu göndərilməmişdir. xx.xx.2023-cü il tarixdə qaz sayğacını dəyişdirən zaman akt tərtib edilərkən cavabdeh orqanın əməkdaşları sayğacda kənar təsir nəticəsində sınığın olmasını göstərməmişlər. Həmin vaxt onlar hər üçü sayğacı yoxlamış, hərtərəfli nəzərdən keçirib təhvil-təslim etmişlər. Bundan 3 ay keçəndən sonra, yəni xx.xx.2023-cü il tarixdə guya qaz sayğacında kənar təsir nəticəsində sınıq aşkar etmişlər. O, bu barədə cavabdeh orqana müraciət etmişdir. İdarənin rəis müavini anlaşılmazlıq olduğunu və borcun silinməsi barədə məhkəməyə ərizə verməsini demişdir. O, hərbçi adamdır, müharibədə gedən döyüşlərdə, anti-terror əməliyyatlarının iştirakçısıdır, sayğaca heç vaxt kənar təsir göstərməmiş və nə o, nə də qızı bunu heç bacarmırlar da. Ola bilsin ki, sayğac daşınıb aparılarkən yolda sındırılmışdır. Ya da başqalarının qaz sərfiyyatını onlar kimilərin üstünə hesablamaq üçün belə üsullardan istifadə edilir. Onun maddi imkanı ağırdır, iki övladı vardır, biri pullu təhsil alır, digəri isə azyaşlıdır. O, uşaqlarının xərcini çətinliklə ödəyir. Başqa adamların xərcini çəkməyə, günahı olmadığı halda cərimə ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, ünvan 2 ünvanında yaşayır. Sözügedən evdə quraşdırılmış qaz sayğacının düzgün işləməməsindən şübhələnərək cavabdeh orqan olan “Azəriqaz” İstehsalat Birliyinə bu barədə məlumat vermişdir. Həmin orqanın əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğac yenisi ilə əvəz edilmişdir. Sayğac əvəz edildikdən 3 ay sonra keçirilmiş yoxlama zamanı sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üst və yan hissədən kənara təsir nəticəsində sındığı müəyyən edilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 24 may 2023-cü il tarixli akt tərtib edilmişdir. Sözügedən aktda guya onun aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Halbuki, sözügedən akt tərtib edilən zaman onun iştirakı təmin edilməmiş və aktı imzalamaqdan imtina etməmişdir. Bundan başqa, ona məxsus qaz sayğacı küçədə quraşdırılmış, belə olduğu halda qaz sayğacının işlək vəziyyətdə qalması üçün də məsuliyyəti o, daşımır. Həmçinin, onun tərəfindən qaz sayğacına heç vaxt hər hansı bir müdaxilə edilməmişdir. Belə olduğu halda 1555,20 manat məbləğində cərimənin yazılması absurddur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-4757-1 nömrəli aktına əsasən G-4 markalı, **********8 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı üst və yan hissədən kənar təsir nəticəsində sınmışdır. Mövcud qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması və G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 6x24x90=12960 m3 cəmi 12960 m3. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 24 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, “Zenner” tipli, G-4 markalı, **********8 nömrəli sayğacın çıxarılma səbəbi “əvəzləmə” göstərilmiş və “Zenner” tipli, G-4 markalı, **********275 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X3 Sayğacının Yoxlanılması barədə MSK-2-2/3-5-4757/Q001 nömrəli, 11 may 2023-cü il tarixli aktından görünür ki, “Azəriqaz” İB-nin 14-2-2/3-5-4757/2023/Q001 saylı, 02 may 2023-cü il tarixli məktubuna əsasən 11 may 2023-cü il tarixində Gəncə RQİİ-dən Dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 11 may 2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: “Zenner” tipli, G-4 markalı, **********8 nömrəli qaz sayğacına ümumi baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı üst və yan hissədən kənar təsir nəticəsində sınmışdır. Sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Gəncə XS-nin TQQ və XS-nin rəis müavini Turqay Oktay, mühəndis Rüstəmov Cümşüd, çilingər Musayev Nizami iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: “Azəriqaz” İB-nin 14-2-2/3-5-4757/Q-001 nömrəli rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı üst və yan hissədən kənar təsir nəticəsində sınmışdır. Dəymiş ziyanın hesablanması və abonent tərərfindən ödənilməsi tələb edilmişdir. Həmin akt Turqay Oktay, Cümşüd Rüstəmov və Musayev Nizami tərəfindən imzalanmış, istehlakçının nümayəndəsi İddiaçı tərəfindən aktın imzalanmasından imtina edilməsi qeyd edilmişdir. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. **********19820 nömrəli abonent saldosundan görünür ki, istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən akta əsasən ona 1555,20 manat borc yazılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı faktiki yaşadığı ünvanda quraşdırılan qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının üst və yan hissədən kənar təsir nəticəsində sınması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isteklakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da görünür ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş ******* nömrəli, 24 fevral 2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac əvəzlənməsi ilə əlaqədar çıxarılmışdır. Sayğac çıxarıldıqdan 3 ay sonra aparılmış yoxlama nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üst və yan hissədən kənar təsir nəticəsində sındığı müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçının yaşadığı ünvanda qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı evinin həyət divarında bayırda küçədə yerləşir bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat birliyi tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar