Məhkəmə qərarları › İş №2(125)-767/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-767/2023

24.02.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-767/2023 24.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 iyun 2022-ci il tarixli, MAS-5317 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2022-ci il buraxılışlı «Khazar SD» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440875 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçınə geri qaytarılması, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinin əvəzi qismində 3.371 manat 61 qəpik, gecikdirilmiş mükafat qismində 468 manat 77 qəpik və dəbbə pulu qismində 442 manat 12 qəpik, cəmi 4.282 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 iyun 2022-ci il tarixli, MAS-5317 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinin əvəzi qismində 3.371 manat 61 qəpik, gecikdirilmiş mükafat qismində 468 manat 77 qəpik, inzibati protokola görə ödənilmiş vəsaitin əvəzi qismində 57 manat 40 qəpik və dəbbə pulu qismində 1.403 manat 96 qəpik, cəmi 5.301 manat 74 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2022-ci il tarixli, MAS-5317 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, «Khazar SD» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440875 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17,5 faiz hesablanmaqla 12 aylıq müddətdə hər ay sabit məbləğ olmaqla cəmi 1.280 manat 19 qəpik, ümumilikdə 18.362 manat məbləğində pul vəsaitini lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18.362 manat pul vəsaitinin 17.000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh 09 iyun 2022-ci il tarixli MAS-5317 saylı daxili lizinq müaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə 23 noyabr 2022-ci il tarixə 4.282 manat 50 qəpik məbləğində borcu yaranmışdır. 09 iyun 2022-ci il tarixli, MAS-5317 saylı daxili lizinq müqaviləsi qüvvədə olduğu müddətdə lizinq obyekti olan «Khazar SD» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində sürücü AR X4 tərəfindən inzibati qaydada cərimələnmişdir. Qeyd edilən protokollara görə ümumilikdə 57 manat 40 qəpik məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. 16 fevral 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi R.A.İsmayılov mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsin görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 iyun 2022-ci tarixli, MAS-5317 saylı daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə görə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 6.1-ci bəndinə görə lizinq alan lizinq obyektini öz vəsaiti hesabına daxili lizinq müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən daxili lizinq müqaviləsinin müddəti başa çatanadək sığortalanmalıdır. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, «Khazar SD» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq verən İddiaçı satıcı «Azkron» məhdud məsuliyyətli cəmiyyətindən qəbul edərək, lizinq alan Cavabdeh təhvil vermişdir. İşdə olan 13 oktyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış MAS-5317 saylı daxili lizinq müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli ləğv ediləcəyinə, yaranmış borcun və lizinq obyektinin qaytarılmasının ondan məhkəmə qaydasında tələb ediləcəyinə dair Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 09 iyun 2022-ci il tarixli, MAS-5317 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh 08 dekabr 2022-ci il tarixə borcu əsas borc qismində 3.371 manat 61 qəpik, mükafat borcu qismində 468 manat 77 qəpik, cərimə qismində 1.403 manat 96 qəpik, cəmi 5.244 manat 34 qəpikdir. İşdə olan BB255169 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2022-ci il buraxılışlı «Khazar SD» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440875 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2022-ci il tarixli, MAS-5317 saylı daxili lizinq müqaviləsinə əsasən həmin müqavilənin əlavəsi olan qrafikə uyğun ödənişlər aparmaq şərti ilə 2022-ci il buraxılışlı «Khazar SD» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440875 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh lizinqə verilmişdir. Cavabdeh lizinq ödənişlərini vaxtında və tam həyata keçirmədiyindən İddiaçınə daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 3.371 manat 61 qəpik, gecikdirilmiş mükafata görə 468 manat 77 qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinin tələbinə görə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdə olan 09 iyun 2022-ci il tarixli, MAS-5317 saylı daxili lizinq Müqaviləsinin 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə görə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 1.403 manat 96 qəpik təşkil edən dəbbə məbləğinin 200 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi inzibati xəta protokola görə ödənilmiş 57 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati tənbeh tədbirinin məhz şəxsin islah olunmasına yönəlməsinə baxmayaraq, Cavabdeh barəsində tətbiq edilmiş cərimə növündə tənbeh tədbirinin iddiaçı tərəfindən icrasını şərtləndirən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 09 iyun 2022-ci il tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 iyun 2022-ci il tarixli, MAS-5317 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı xeyrinə ödənilməmiş əsas borcun əvəzi qismində 3.371 manat 61 qəpik, gecikdirilmiş mükafat qismində 468 manat 77 qəpik və dəbbə pulu qismində 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı ilə X2 arasında bağlanmış 09 iyun 2022-ci il tarixli, MAS-5317 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı xeyrinə 09 iyun 2022-ci il tarixli, MAS-5317 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 3.371 (üç min üç yüz yetmiş bir) manat 61 (altmış bir) qəpik, gecikdirilmiş mükafat qismində 468 (dörd yüz altmış səkkiz) manat 77 (yetmiş yeddi) qəpik, dəbbə pulu qismində 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat, cəmi 4.140 (dörd min yüz qırx) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar