Məhkəmə qərarları › İş №2(125)-77/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-77/2025

16.03.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-77/2025 16.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Nərgiz Ramiz qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində cəlb edilməklə) qarşı “istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş gəlini Cavabdeh, onun övladları X5 və X6 ilə birlikdə 5400 manat məbləğində kompensasiya ödəmək şərti ilə ona məxsus olan Gəncə şəhəri, DOS-101 ünvanında yerləşən 49 nömrəli evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 iyun 2015-ci ildə keçmiş gəlini X4 hal-hazırda onun mülkündə istifadə hüququ tanınmış və həmin evə köçürülmüşdür. Hal-hazırda gəlini (keçmiş), övladları 2008-ci il təvəllüdlü X5, 2010-cu il təvəllüdlü X6 onunla birlikdə bir evdə yaşayırlar. İki otağın birində o, birində isə iki uşağı ilə Günel yaşayır. Günel evdə ona qarşı aqressiv hərəkətlər edir, ona qarşı təhqiramiz sözlər deyir, onun və gəlininin şərəf və ləyaqətini alçaldır. Günel evdə bütün kommunallardan istifadə etməsinə baxmayaraq, evdə heç-bir kommunal ödənişlər etmir. Hal-hazırda yaşadıqları mülk cəmi 32 kv.m. ibarətdir. Yerləri çox kiçikdir, o, dəfələrlə Günelə demişdir ki, onlara kirayə ev tutub hər ay kirayə pulunu ödəyəcək, lakin Günel razılaşmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, həmin ev 2 otaqdan ibarətdir. Otaqlardan birində o, oğlu və gəlini uşaqları ilə birgə, digər otaqda isə uşaqları ilə birgə cavabdeh yaşayır. Belə şəraitdə bir evdə yaşamaq mümkünsüzdür. İddia tələbində 4000 manat kompensasiya verməyi nəzərdə tutsa da, hazırda ekspert rəyinə uyğun olaraq, aylıq 150 manat kirayə haqqı ilə hesablanmaqla 5400 manat ödəməyə razıdır. Ona məxsus evin əvvəlcə qayınanasının adına olmuş, vəfat etdikdən sonra isə onun adına dəyişmişdir. Hazırda Müdafiə Nazirliyinin balansında olan həmin evlərin özəlləşdirilməsi həyata keçirilmədiyindən evə çıxarış ala bilmir. İddiaçı oğlu ilə evlənib 2007-ci ildən həmin evdə yaşayır. Sonradan oğlu ilə cavabdeh arasındakı nikah pozulmuş, bundan sonra cavabdeh və övladlarının həmin evdən istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmışdır. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin olunmasını xahiş edir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, təmin olunmamasını xahiş etdi və bildirdi ki, nəinki 5400 manat, evdən istifadə hüququnun itirilməsi üçün heç bir kompensasiya məbləği ilə razı deyil. Belə ki, 2007-ci ildə ailə qurub həmin evə köçmüş, nikah pozulduqdan sonra 2015-ci ildə isə məhkəmə qətnaməsi ilə onun və övladlarının həmin evə istifadə hüquqları tanınmışdır. Başqa yaşayış yeri olmadığından evdən çıxmaq istəmir.

5. İş üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydaya məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

6. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)- 2722/2015 nömrəli qətnaməsinə əsasən, cavabdeh İddiaçı iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməklə, iddia təmin edilmiş. İddiaçı X4 iki az yaşlı uşağı X5 və X6 ilə birlikdə Gəncə şəhəri, DOS-101, 49 saylı evə istifadə hüququ tanınması və onlar həmin evə köçürülməsi qət edilmişdir.

7. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-212/2025 nömrəli mütəxəssis rəyinə əsasən, Gəncə şəhəri, DOS-11 ünvanında yerləşən İddiaçı məxsus olan 49 saylı evin orta bazar kirayə qiyməti 150-180 manat təşkil edir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar hissəsinin xx.xx.2026-ci il tarixli sorğuya cavabından görünür ki, İddiaçı yaşadığı Gəncə şəhəri, DOS-101 ünvanında yerləşən 49 nömrəli ev xx.xx.1983-cü il tarixli 8 nömrəli dəyişmə orderi əsasında İddiaçı qaynanası X2 verilmişdir. xx.xx.2004-cü il tarixdə Babayeva Sənubər vəfat etdiyi üçün adıçəkilən mənzilin şəxsi hesabı ailə üzvlərinin razılığı ilə gəlini İddiaçı adına dəyişdirilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlkın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli sorğuya cavabından görünür ki, reyestrdə ünvan 2Byə dair məlumat aşkar olunmamışdır.

İşin faktiki halları.

10. İddiaçı yaşadığı Gəncə şəhəri, DOS-101 ünvanında yerləşən 49 nömrəli ev xx.xx.1983-cü il tarixli 8 nömrəli dəyişmə orderi əsasında İddiaçı qaynanası X2 verilmişdir. xx.xx.2004-cü il tarixdə Babayeva Sənubər vəfat etdiyi üçün adıçəkilən mənzilin şəxsi hesabı ailə üzvlərinin razılığı ilə gəlini İddiaçı adına dəyişdirilmişdir.

11. İddiaçının oğlu X7 ilə Cavabdeh arasında olan nikah xx.xx.2015-ci il tarixdə pozulmuş. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 doğulmuşdur.

12. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)- 2722/2015 nömrəli qətnaməsinə əsasən, cavabdeh İddiaçı iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməklə, iddia təmin edilmiş. İddiaçı X4 iki az yaşlı uşağı X5 və X6 ilə birlikdə Gəncə şəhəri, DOS-101, 49 saylı evə istifadə hüququ tanınması və onlar həmin evə köçürülməsi qət edilmişdir.

13. Cavabdeh və onun övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 şəhəri, DOS-101, ev 49 ünvanında qeydiyyatda olmaqla yaşayırlar.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

15. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər.

17. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüşdür). Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

19. İşin hallarından göründüyü kimi, iddia tələbi cavabdehin uşaqları ilə birgə mübahisəli mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi ilə bağlıdır. Bu tələbi mülkiyyətçi istifadə hüququ sahibinə qarşı irəli sürə bilər. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə ədalətli kompensasiya təklif edilməlidir.

20. İddianın bu norma ilə təmin edilməsi üçün göstərilən şərtlərin hamısı müəyyən edilməlidir. Ardıcıl şəkildə yoxlanılmalı olan bu şərtlərdən biri aşkar edilmədikdə sonrakıların araşdırılmasına gərək qalmır və iddia rədd edilir.

21. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti üzrə həll edilə bilməsi üçün ilk növbədə məhkəmə iddiaçının məhkəmə qətnaməsi ilə istifadə hüququ tanınmış şəxslərin kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsinin nəzərdən keçirilməsini zəruri hesab edir.

22. Nəzərə alınmalıdır ki, Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər.

23. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır.

24. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Subyektiv hüquq üç elementi ehtiva edir ki, onlardan da yuxarıda istinad olunan qərarda bəhs edilmişdir.

25. Mülki qanunvericilikdə nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı yol açır. Göründüyü kimi, bu tələbi məhz mülkiyyətçi mülkiyyət hüququna malik olmayan istifadə hüququ sahibinə qarşı irəli sürə bilər. Yuxarıda istinad olunan sənədlərdən də aydın olur ki, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi deyildir. O da cavabdeh kimi həmin mənzilin istifadəçisidir.

26. Qanunvericiliyimizdə bir istifadəçinin öz təşəbbüsü ilə digər istifadəçini iradəsinə zidd şəkildə kompensasiya ödəməklə daşınmaz əşyadan çıxarması nəzərdə tutulmamışdır.

27. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin və azyaşlı uşaqlarının həmin evdən istifadə hüquqları təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir

28. Hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim ediıməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə bir iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm) prinsipinə əsaslanır.

29. İş üzrə araşdırmadan və iddiaçının öz izahatından məlum olur ki, Müdafiə Nazirliyinin balansında olan həmin mənzilin balansda olduğu müddətdə özəlləşdirilməsi mümkün deyildir. Yəni hazırki halda mülkiyyət hüququna dair “hüquqi gözlənti”ndən də bəhs etmək mümkünsüzdür.

30. Belə olan halda iddiaçının hazırki iddia ilə çıxış etməyə subyektiv hüququ olmadığından digər hallar (kompensasiyanın məbləğinin ədalətli olub-olmaması) araşdırılmadan cavabdeh və azyaşlı övladlarının hazırki iş üzrə prediyusial sayılan məhkəmə qətnaməsi əsasında tanınmış istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə iddia rədd edilməlidir.

Məhkəmə xərcləri.

31. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

48. İş materiallarında olan qiymətləndirmə rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 250 manat məbləğində olmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən həmin xərc də iddiaçıdan alınaraq müvafiq hesaba ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

50. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı qiymətləndirmə tədqiqatının dəyəri qismində 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nərgiz Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar